AFFA bu təşkilatla müqaviləni yenilədi

Sayta qoyulub: 08:59 06.07.2018 (47 dəfə oxunub)

AFFA bu təşkilatla müqaviləni yenilədi
 

Bu gün AFFA-nın inzibati binasında AFFA və UNICEF arasında əməkdaşlıqla bağlı növbəti razılaşma sənədi imzalanıb. Sənədi AFFA-nın baş katibi Elxan Məmmədov və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvarin imzalayıb.

AFFA və UNICEF-in əməkdaşlığı ilə “Qızlar bacarır” şüarı altında başlayan kampaniya çərçivəsində artıq müəyyən işlər görülüb, iki videomaterial hazırlanıb. İlk belə videomaterial ötən ilin oktyabrında - Beynəlxalq Qızlar Günündə nümayiş etdirilib. Qızların hüquqlarını və dünyadakı qızların üzləşdikləri özünəməxsus problemləri anlamaq məqsədilə UNICEF-in Azərbaycandakı nümayəndəliyi və AFFA idman vasitəsilə qızların necə gücləndirilə biləcəyini  işıqlandırıb. Növbəti sosial xarakterli videoçarx isə bu ilin martında hazırlanıb və AFFA-nın Hesabat Konfransında nümayiş etdirilib.

Qeyd edək ki, cəmiyyətdəki sosial xarakterli problemlərin qarşısının alınması, xüsusilə də, qızlara tətbiq edilən qadağaların aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi üçün “Qızlar bacarır” kampaniyası çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə yeni anlaşma qarşıdakı il yarım müddəti əhatə edəcək. Kampaniyanın məqsədi həm də cəmiyyətdə qızların dəyərini vurğulamaq, onların nailiyyətlərindən danışıb, həyatda onlara kömək edəcək layihələr reallaşdırmaqdı. AFFA “Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” pilot layihəsinə qoşularaq, Mingəçevir şəhərində və Binəqədi rayonunda 10-17 yaş arası qızlardan ibarət futbol komandaları, eləcə də qızlardan ibarət Azərbaycan yığmaları üçün xüsusi fərdi təlimlər (akademiya) təşkil etməyi də planlaşdırır.

 
 

XƏBƏR LENTİ