Qriqorçuk yediyi çörəyi tapdamadı: “Axı, söhbət Azərbaycan yığmasından gedir!”

Sayta qoyulub: 10:09 03.07.2018 (181 dəfə oxunub)

“Gizlətmirəm, Riçard Almeyda klubumuzun maraq dairəsindədi. Ancaq düşünməyin ki, onu rəhbərliyə mən təklif etmişəm. Komandamızda yeni oyunçular transferi ilə məşğul olan skautlar qrupu var. Bir sıra futbolçu barədə fikirlərimi soruşublar. O cümlədən də, Almeyda ilə bağlı”. Bu sözləri Qazaxıstan “Astana”sının baş məşqçisi Roman Qriqorçuk bildirib.

 

“Qəbələ”nin sabiq çalışdırıcısı Riçardın keçidinin hələ rəsmiləşmədiyini söylədi: “Mən rəsmiyyət tərəfdarıyam. Azərbaycan yığmasının yarımmüdafiəçisi ilə rəsmi müqavilə imzalansaydı, “Astana”nın saytı bu barədə məlumat verərdi. Hələliksə belə bir hal baş verməyib”.

 

Yığmamızdan söz düşmüşkən, görəsən, Qriqorçuk Almeydanı UEFA-nın millilərin oyunları ilə əlaqədar yaradılan pəncərədən daha uzun müddətə buraxmağa razılıq verəcəkmi? Ukraynalı mütəxəssisin cavabı bizi təəccübləndirmədi: “Hələ Azərbaycanda işləyərkən bu mövzu ilə bağlı fikrim qəti idi: neçə gün göstərilibsə, həmin müddətə də futbolçu buraxılmalıdı. İndi də eyni fikirdəyəm. Ancaq bir həssas məqam var, axı, söhbət Azərbaycan yığmasından gedir! Ölkənizə qarşı münasibətimi isə yalnız ən xoş sözlərlə ifadə edə bilərəm. Məhz bu səbəbdən qeyd etmək istəyirəm ki, klubumuza zərərli olmayacağı təqdirdə Almeydanı daha erkən buraxa bilərik. Millinizə də Qurban Qurbanovun rəhbərliyi altında böyük zəfərlər arzu edirəm”. 

 

Qriqorçuk yediyi çörəyi tapdamadı: “Axı, söhbət Azərbaycan yığmasından gedir!”

Sport24.az

XƏBƏR LENTİ