Kamran Quliyev: "Neftçi" böyük oyuna qayıtmalıdır"

Sayta qoyulub: 08:43 28.06.2018 (290 dəfə oxunub)

Kamran Quliyev: "Neftçi" böyük oyuna qayıtmalıdır"

 

"Neftçi" futbol klubunun prezidenti Kamran Quliyevin "Report"a müsahibəsi...

 

"Neftçi" uduzanda sanki atom bombası partlayır"

- Başa çatan mövsümü necə dəyərləndirirsiniz?

- Təbii ki, mən ötən mövsümü tam dəyərləndirə bilmərəm. Çünki kluba mövsümün ikinci yarısında gəlmişəm. Amma onu qeyd edə bilərəm ki, "Neftçi" uzun illərdən sonra medal qazandı. Təbii ki, bu, uğurdur. Ötən mövsüm dalğa kimi keçdi. Komanda əvvəlcə çox pis vəziyyətdə idi. Sonra müyyən qədər dirçəlmişdi. Daha sonra az da olsa, eniş var idi, sabitlik yox idi. Amma qış fasiləsindən sonra komandada stabillik yarandı. Bu isə öz nəticəsini göstərdi.

- "Nefçi" 2017-2018 mövsümündə bürünc medalçı kimi Avropa Liqasına vəsiqə qazandı. Bunu məqbul nəticə hesab etmək olar?

- Əlbəttə. Amma ümumilikdə "Neftçi" üçün bürünc medal böyük uğur deyil. "Neftçi" ən iddialı komandalardan biridir. Futbolda həmişə qalib gəlmək qeyri-mümkündür. Amma uzun müddətdən sonra hansısa medala yiyələnmək yaxşı haldır. Sadəcə, bu, böyük uğur sayıla bilməz. "Neftçi", adətən, qızıl medallar uğrunda mübarizə aparan komandadır.

- "Neftçi"də olduğunuz müddətdə bu klubla bağlı özünüz üçün nəyi kəşf etdiniz?

- Məndən əvvəl rəhbərlərdən biri var idi. Adını açıqlamayacağam. Bir dəfə onunla söhbət edəndə belə bir ifadə işlətmişdi ki, qalib gələndə hamı sevinir, amma "Neftçi" məğlub olanda sanki atom bombası partlayır. Bunu dilə gətirən şəxs müsahibəni oxusa, özü xatırlayacaq (gülür - red.). Bu, o deməkdir ki, "Neftçi"də məğlubiyyət həzm olunmur. İnsanlar bunu həzm edə bilmirlər. Azarkeşlərə, bizi dəstəkləyənlərə, hətta klubda işləyənlərə də məğlubiyyət çox ağır gəlir.

- Bu, psixoloji amillə bağlı ola bilər. Axı "Neftçi" vaxtilə SSRİ çempionatında çıxış edib...

- "Neftçi" - tutduğu yerdən asılı olmayaraq, Azərbaycan futbolunun sifəti, bayrağıdır. Bu, 10 il, 50 il əvvəl də belə olub, yəqin ki, 100 il sonra da belə olacaq.

"Komandadaxili ab-hava ürəkaçan deyildi"

- Kluba gəldiyiniz vaxt hansı problemləri aşkarladınız və ilk gördüyünüz işlər hansılar oldu?

- Öncə klub daxilindəki atmosferi qeyd edərdim. Ab-hava ürəkaçan deyildi. Daha əvvəl çalışdığım "Sumqayıt"dakı, kiçik də olsa, uğurların səbəbi klubdaxili nizam-intizam və ab-hava idi. İstər idman təşkilatı olsun, istərsə də digər qurumlar, nizam-intizam və ab-hava önəmlidir. Bu, əvvəlki suala da bir mesajdir. Komandanın nəticələri pis olanda ab-hava aşağı düşür. Bundan başqa klub daxilində bəzi problemlər var idi ki, onları ictimaiyyətə açıqlaya bilmərəm. Bu, daha çox şəxsi məsələlər idi. İlk növbədə, bunların üzərində işlədik. Yəqin, siz də xəbərdarsınız ki, hazırda vəziyyət tam fərqlidir. Biz qarşıdakı mövsüm üçün meydana çıxıb döyüşən kollektiv hazırlayırıq. Həm də onlara dəstək olan, bütün təşkilati işləri görən, hər sahə üzrə "Neftçi"ni qabağa aparan digər döyüşkən kollektivimiz var. Həmin kollektiv də bir yumruq kimi çalışır. Hazırda vəziyyət belədir.

 

Kamran Quliyev: "Neftçi" böyük oyuna qayıtmalıdır"

- "Neftçi" təkcə bu mövsüm deyil, yarandığı 1937-ci ildən indiyədək dalğavari çıxışı ilə seçilib. 2005 - 2008-ci illərdə komanda bir neçə il nəticələr verməyə başlayıb. Daha sonra 2010-cu ilədək zəifləmə müşahidə olunub. Bunun ardından 2015-ci ildən növbəti eniş başlayıb. Bu ildən isə yeni dövrün başladığı görünür. Belə qeyri-sabit çıxışı nə ilə əlaqələndirərdiniz?

- Bəlkə də bu, bir az qeyri-ciddi cavab olacaq: Bənzər ssenarini real həyatda da görürük. Azərbaycan iqtisadiyyatının əsas mənbəyi neftdir. Neftin qiyməti necə olur? Dalğavari. Qalxır, düşür və sonra yenə qalxır. Bizim komandanın da adı "Neftçi"dir (gülür - red.). Təbii ki, bu, bir zarafatdır. Amma azarkeşlər bu komandanı həmişə zirvədə və yaxud ona yaxın bir pillədə görüblər. Buna baxmayaq, istənilən komandada belə enişlər olur. Biz o enişin son nöqtəsini arxada qoyduq. Yavaş-yavaş yaxşı istiqamətə doğru gedirik. Klubda müəyyən islahatlar aparırıq. Söhbət təkcə komandadan getmir. Klubda iş düzgün qurulmalıdır ki, komandanın nəticələri gəlsin. Bunlar bir-birinə bağlı olan məsələlərdir. İnanıram ki, bu il pik nöqtəyə gəlib çatarıq. Olmasa da, yaxın illərdə buna nail olarıq. Bunun üçün də ciddi işlər aparılır. Yeni kadrlar gəlir, yeni insanlar cəlb olunur. Hamıda bir motivasiya var ki, "Neftçi"ni həmin zirvələrə aparaq.

"Maliyyə durumu sarıdan "Neftçi" ilk üçlükdədir"

 

- "Neftçi"yə yeni baş məşqçi və futbolçular cəlb olunub. Komandanın yollarını ayırdığı və müqavilələrini yenilədiyi futbolçuları var. Onların maaşları necə tənzimlənir? Belə söz-söhbətlər gəzir ki, oyunçuların əmək haqqlarını azaltmaq istəmisiniz və onlara aşağı məvacibli müqavilələr təklif etmisiniz. Bunlar nə dərəcədə doğrudur?

- Mən 6,5 il "Sumqayıt" klubunun prezidenti olmuşam. "Sumqayıt" rəhbərlik tərəfindən qoyulmuş məqsədlərə məhdud büdcə ilə nail olub. O klubda milli komandaya müxtəlif futbolçular hazırlanıb, neçə-neçə futbolçu püxtələşib və üzə çıxıb. "Sumqayıt" həm də ən sabit klublardan idi. Az büdcəyə baxmayaraq, kiməsə borclu olmayıb. Vaxtlı-vaxtında hər şey edilib. Həmin təcrübədən istifadə edərək, klubda mənəvi nizam-intizam olmalıdır. Həm də maliyyə dəqiqliyi və şəffaflığı vacibdir. Futbolçularla olan maliyyə münasibətləri hər iki tərəfi qane etməlidir. Burada hər bir insan haqq elədiyini almalıdır. Konkret, suala gəldikdə, bəzi futbolçuların müqavilələri sona çatmışdı. Bu halda futbolçunun iki yolu var: Ya həmin klubda qalmaq, ya da digər klublardan gələn təklifləri dəyərləndirmək. Biz əksər futbolçularla müqavilə müddətini uzatdıq. Baxmayaraq ki, mətbuatda onların maaşlarının aşağı endirildiyi yazılmışdı.

- Bəs yüksək məbləğdə mükafalandırma nəzərdə tutulub?

- Biz yeni maliyyə siyasəti aparırıq. Futbolçularla olan münasibətlərə daha çox motivasiya paketləri əlavə edirik. Maaşlara baxılır, eyni zamanda, onların klub tərəfindən qoyulan məqsədləri yerinə yetirdikləri anda bəlkə də qazandıqları əvvəlkindən daha çox olacaq. Sadə sözlə, bu, bonus sistemidir. Motivasiyalarını yüksək səviyyədə saxlamaq üçün.

- Bunlar hər bir oyunla bağlıdır, yoxsa aylıq bonusdur?

- O barədə çox danışmaq istəmirəm. Amma daha çox titul qazanmağa hesablanmış və məqsədyönlü mükafatlandırmadır. Məsələn, titul qazandılar, kuboku uddular, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandılar. Belə hallara önəm verəcəyik. Burada digər məsələlər də var. Hamısını xırdalamaq istəmirəm. Bu, daha çox bizim daxili mətbəximizdir. İnsanı hər zaman motivasiyada saxlamaq üçün müxtəlif üsullar var. Bununla bağlı futbolçularla da söhbətimiz olub, şikayət də yox idi. Mətbuatda adları çəkilən futbolçuların müqavilələri uzadılıb. Bu şərtlər həm klubu, həm də futbolçunu razı salıb. Problemimiz yoxdur. Amma maliyyə nizam-intizamı olmalıdır. Bu, çox vacibdir.

 

Kamran Quliyev: "Neftçi" böyük oyuna qayıtmalıdır"

- Maliyyə durumuna görə "Neftçi"ni Premyer Liqadakı 8 komanda arasında neçənci pillədə görmək olar?

- İlk "üçlük"də. Digər klubların büdcələri ilə yaxından tanış olmasam da, futbolun içindəyəm. Ona görə də bilirəm ki, "üçlük"dəyik.

- Komanda əvvəl də "üçlük"də idi...

- Deməli, heç yerə getməmişik, həmin yerdəyik (gülür). Eşitdiyimə görə, digər klublarla bağlı dəyişikliklər var. Bunlar daha çox söz-söhbətlərdir. Amma "üçlük"dəyik. Konkret hansı yerdə olduğumuzu desəm, düzgün çıxmaz.

- Baqali Dabonun "Qəbələ" ilə müqaviləsini uzadacağına dair xəbərlər çıxdığı bir vaxtda o, "Neftçi"də peyda oldu. Dabonun transferini necə reallaşdırdınız? Bəzi söz-söhbətlər var idi ki, "Neftçi" "Qəbələ"dən 50 min dollar çox pul təklif edib...

- İnanın mənə, rəqəmlərdən xəbərim yoxdur. Dabonun təmsilçiləri ilə 3 həftədir təmasda idik. Onlarla danışıqlarımızın müsbət nəticəsidir ki, futbolçu onun üçün doğma, hər bir şəraiti yaradan kluba yox, bizim komandaya gəldi. Özü istəməsəydi, gələrdi? Bu, futboldur. Biz kiməsə artıq məbləğ ödəməmişik. Əsas məsələ odur ki, "Neftçi" öz onurğa sütununu qoruya bildi. İki mərkəz müdafiəçisi - Kirilo Petrov və Ruslan Abışov, cinah müdafiəçiləri Anton Krivotsyuk və Məhəmməd Mirzəbəyov, dayaq yarımmüdafiəçisi Emin Mahmudov, vingerlər Namik Ələsgərov və Rəhman Hacıyev, hücumçu Mirabdulla Abbasovu heyətdə saxladıq. Sadəcə, vəziyyət bizi yekun nöqtəni qoyacaq transferlər etməyə məcbur etdi. Ötən mövsüm standart vəziyyətlərdən çoxlu qol buraxmışdıq. Transfer etdiklərimiz hər 3 əcnəbi - mərkəz müdafiəçisi Slavko Braliç, dayaq yarımmüdafiəçisi Qoran Paratski, hücumçular Dario Frederiko və Baqali Dabo ucaboyludur. Hazırda hücumameylli yarımmüdafiəçi axtarışındayıq.

 

 

- Bu, Cavid İmamverdiyev ola bilər?

- Xeyr, o, "Sumqayıt"da qaldı. Müqaviləsi olduğundan, İmamverdiyevlə ünsiyyətimiz olmayıb. Mətbuatda söz-söhbətlər var idi, amma müqaviləsi olan futbolçu ilə əlaqə qurmuruq. Ötən mövsümün əvvəllərində İmamverdiyevlə 1 illik sözləşməmiz olub. 2017-ci ilin noyabrında isə onu daha 1 il uzatmışıq.

 

Kamran Quliyev: "Neftçi" böyük oyuna qayıtmalıdır"

"Bizi nə isə qorxutdu, şübhələndirdi"

- Baş məşqçi məsələsinə gələk. Roberto Bordini namizədlər arasından seçərkən, hansı amilləri nəzərə aldınız?

- Biz 50-dək əcnəbi məşqçinin işi ilə yaxından tanış olduq. İnanın, tanıdığımız və tanımadığımız futbol mütəxəssisləri, agentlər baş məşqçi təklifləri ilə bizə müraciət edirdilər. Təbii ki, bu məsələdə yanılmamalı idik və inanıram ki, yanılmayacağıq da. Elələri ilə görüşüb-söhbətləşmişik ki, onların təkcə adlarını "Neftçi"nin gələcəkdə ambisiyalı olub-olmayacaqlarının bir amili kimi göstərmək olar. Amma konkret adlar çəkmək istəməzdim. Elələri oldu ki, müəyyən səbəblərdən işimiz onlarla alınmadı. Bəziləri Azərbaycana gəlmək istəmədilər. Adları tarixə düşmüş baş məşqçilər var idi ki, "Neftçi"yə gəlməyə hazır idilər. Amma biz razı olmadıq. Yəni, bizi nə isə qorxutdu, şübhələndirdi. Bordin isə həm nəticələri, həm təcrübəsi, həm də yaşı baxımından, əlverişli seçimdir. Cəmi 53 yaşı var. Nə çox yaşlı, nə də xeyli cavandır. Fərqli mühitdə - postsovet ölkəsi Moldovada işləyərək, uğur qazanıb. "Şerif" ötən mövsüm onun rəhbərliyi altında "Qarabağ"a qarşı başabaş futbol oynayıb, bunu bacarıb. Son nəticədə isə ölkəmizi təmsil edən komanda növbəti mərhələyə çıxıb. Biz həmin nəticəyə görə sevindik. Amma Bordinin nəyə qadir olub-olmadığını öz gözümüzlə gördük. Biz birdən-birə yox, onunla və digər baş məşqçilərlə görüşdükdən sonra bütün namizədləri təsisçilərə, Müşahidə Şurasına təqdim etdik. Yekun qərar müəyyən amillərin təhlil olunmasından sonra verildi. Bordinin təqdimatı, layihəsi bizə daha maraqlı göründü.

- Roberto Bordin İtaliya mətbuatına istinadən yazılmış "Qarabağ"la rəqabət çətin olacaq" açıqlamasının düzgün başa düşülmədiyini bildirərək, növbəti mövsüm baş rolda "Neftçi"nin olmasına çalışacaqlarını bildirib. Gələn mövsüm "Qarabağ"la rəqabət apara biləcək komanda görə biləcəyik?

- Azərbaycan çempionatında güclü komandaların sayı nə qədər çox olsa, hamı, o cümlədən, "Qarabağ", "Qəbələ", "Neftçi" və digərləri üçün yaxşıdır. Premyer Liqanın səviyyəsi bilavasitə millinin nəticələrinə təsir edə biləcək çarədir. Biz Bordini dəstəkləyirik. Onun sözlərində həqiqət var. Hətta İtaliya mətbuatına istinadən yazılmış fikirlərini təkzib etməsəydi belə, aydın məsələdir ki, istənilən komanda qızıl medallar uğrunda mübarizə aparırsa, bu, çətinliklərlə müşayiət olunur. Kimlərə necə görünür, bilmirəm, amma Azərbaycan Premyer Liqası çox ağır çempionatdır. Kəmiyyətə yox, keyfiyyətə baxın. İki mövsüm əvvəl "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxış edib. 8 komandalı hansı çempionatdan 2 klub qrupa vəsiqə qazanıb? İkinci belə çempionat yoxdur. Baş məşqçimiz əcnəbidir, onun "Neftçi" kimi klubda işləməsi təbii ki, çətin olacaq. Amma ona görə buradayıq ki, Bordinin fikri meydanda, komandanı qurmaqda olsun. Biz də baş məşqçimizin ətrafındayıq, ona, futbolçulara kömək edirik. Vahid ailə, bir yumruq kimi çətinliklərin öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyik. Hərçənd, bu, çətin olacaq.

- "Qarabağ" çempionluq estafetini "Neftçi"dən təhvil alıb. Belə fikir var ki, Ağdam klubunun hegemonluğuna sizin komanda son qoya bilər. Bununla razısınız?

- Onu Allah bilir. Amma biz əlimizdən gələni edəcəyik. Onu da qeyd etmək istəyirəm ki, "Qarabağ" o estafeti bizdən almaq üçün neçə il çalışdı. Bildiyimə görə, "Qarabağ" üçün yeni dövr 2008-ci ildə başladı. Bu isə 2014-cü ildə bəhrəsini verdi. İnanmıram ki, kimsə "Neftçi"də 6 il gözləyə bilər (gülür - red.).

 

Kamran Quliyev: "Neftçi" böyük oyuna qayıtmalıdır"     

"Bordinin işinə qarışa bilmərik"

 

- Yəqin ki, növbəti mövsüm "Neftçi"ni əsl rəqib kimi görəcəklər?

- Gələn il döyüşən və ötən illərə nisbətən daha keyfiyətli komanda görə bilərik. Həm bir azarkeş, həm də klub rəhbəri olaraq inanıram ki, gələn ilin komandası keyfiyyətcə daha üstün olacaq. Komandanın döyüşkən olması üçün çalışırıq. Hesab edirəm ki, burada peşəkarlar yığışıb. İnanıram ki, baş məşqçinin təsirini də görəcəyik. İtaliya futbolu hər zaman çılğınlığı, hərarətinin yüksək olması ilə fərqləndirilib. Baş məşqçinin taktiki məsələlərdə təcrübəli olması bizə fayda verəcək. Bu məsələlər üst-üstə düşməlidir.

- Belə iddialar da var ki, "Neftçi" transferləri baş məşqçi ilə razılaşdırmadan həyata keçirir. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Deyirlər ki, guya "Neftçi"nin idman direktoru Ceyhun Sultanov transferləri özü reallaşdırır. Bu, çox yalnış fikirdir və qətiyyən düzgün deyil. Bordinlə danışığımız belə olub ki, son qərarı özü verəcək. Ondan əvvəl bəzi futbolçularla müqavilələr yenilənib. Bu, normal haldır. Avropa Liqasında oynayan komanda qitəmiqyaslı matçlara 1 ay 4 gün qalmış baş məşqçi təyin edir. Elə futbolçular var ki, onlarla müqavilələri baş məşqçi təyinatınadək uzatmışıq. Məsələn, Ruslan Abışov. Komandamızın kapitanıdır, sütünlarından biridir. Emin Mahmudovla isə artıq danışığımız olmuşdu. Yerli futbolçularla danışqdıq. Baş məşqçi təyinatı iyunun 8-də oldu. Sizcə, biz ayın 8-ni gözləməli idik? Bəlkə də belə düşünürdülər ki, baş məşqçi gələcək, biz isə onun qarşısına ağ vərəq qoyacağıq. Aparıcı futbolçularla müqaviləni yeniləməyi özümüzə borc hesab etdik. Bu, normaldır. Dünyanın hər yerində belədir. Avropanın bəzi tanınmış klubları indi baş məşqçisizdir. Belə çıxır ki, futbolçuların hamısını komandadan çıxararaq, bayıra atmalıdırlar, baş məşqçi isə gələrək deməlidir ki, mənə istədiyim futbolçular lazımdır. Bu, ağlabatan fikir deyil. Baş məşqçinin qərarı yeni gələn futbolçularla bağlıdır. Biz son günə kimi Dario Frederiko ilə müqavilə bağlamamışdıq. Baqali Dabonun transfer məsələsi sonradan çıxdı. Baş məşqçinin istəyi olmasa, bu komandaya onun gəlişindən sonra bir futbolçu götürülə bilməz. U-11 komandasının baş məşqçisi İslam Kərimovdan tutmuş Roberto Bordinə kimi. Bu, mənim iş prinsipimdir. Hər bir baş məşqçi öz yaş qrupundakı komandaya cavabdehdir.

- Hər bir baş məşqçi ayrı-ayrılıqda müstəqildir?

- Bəli. Hətta U-11 komandasına baş məşqçisinin qərarı olmasa, bura bir futbolçu gələ bilməz. Bu, U-14, U-15 və digər komandalara da şamil olunur. Roberto Bordin isə öz komandasına görə cavabdehdir. O, aşağı yaş qruplarının oyunları başlayandan sonra gedib matçlara baxacaq. Çünki oradakı futbolçular əvəzedici heyətə gəlir. Məsələn, U-19 komandasının futbolçusu əsas komandanın məşqində iştirak edə bilər. Orta məktəbdə də uşaqlar var ki, 7-ci sinifdən 9-cu sinfə keçirlər. Nadir hallarda da olsa, bu, baş verir. Amma Bordin ən yaxın ehtiyatını bilməlidir. Onun işinə qarışa bilmərik.

 

"Neftçi"yə gələnlər ac olmalıdırlar"

- "Neftçi"yə gələndən sonra klubun heyətində neçə nəfəri dəyişmisiniz?

- "Dəyişmisiniz" ifadəsi bir az kobud səslənir. Əməkdaşlarımızın 95 faizi eynidir. Bundan başqa bir neçə nəfəri cəlb etmişik, bir neçəsi öz istəyi ilə gədib. Vacib və önəmli mövqelərdə, vəzifələrdə olanlardan bəzilərini öz istəkləri ilə, bəzilərini isə biz yola saldıq. Bura yeni nəfəs qata biləcək, yeni enerji ilə 7 gün, 24 saat işləyə biləcək insanlar cəlb olunub. Ən əsası da odur ki, onlar buraya gələndə ac olmalıdırlar. Qələbə üçün, uğur üçün iştahı böyük olan insan olmalıdır. Nəyisə özünə sübut etməlidir. Bu klubu birlikdə qaldırmalıyıq. Azərbaycan futbolunda "Neftçi"ni həmin zirvəyə gətirib çıxartmaq barədə düşünməliyik. Bu cür insanlarla yola davam edə bilərik. Motivasiyası olmayan, sönmüş insanlarla hara gedə bilərik?

 

 

- Hədəflərə çatmasanız, ictimai qınaqları, kəskin tənqidləri göz önünə almısınızmı?

- Sizcə, bura gələn şəxs riskli olmalıdır? Hamı bura normal şəraiti olan yerlərdən gəlib. Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev başqa yerdə çalışırdı, mən klub rəhbəri idim. İdman direktoru "Sumqayıt"da çalışdığım vaxt klubun meneceri olub.

- Amma bir məsələ də var ki, "Neftçi"də çalışmağı hamı istəyər. Çünki "Neftçi" brenddir...

- Düzdür, amma bu, hamıya qismət olmur. İnsan birinci özünə sübut etməlidir ki, mən nəyə qadirəm. Cəhd etməyən bunu bilməz. Hər hansı şəxs ağırlıq qaldırmaq istəyir və görür ki, 120 kq-dır. Bir dəfə də olsa, onu qaldırmağa cəhd etsə, deyəcək ki, çalışdım, özümü sübuta yetirdim. Eyni şəkildə də bura. Biz özümüzü sınamaqla, "Neftçi"ni yuxarıya aparmaq istəyirik. Məqsədimiz budur. Özümüzə sual verməliyik ki, "Neftçi"ni yuxarıya qaldıra bilərikmi? İstəyimiz, məqsədimiz odur. "Neftçi"ni şan-şöhrətli vaxtına gətirib çıxartmaq istəyirik.

 

 

Kamran Quliyev: "Neftçi" böyük oyuna qayıtmalıdır"

 

- Bu, sizin iddialarınızdan xəbər verir?

- Ambisiyalı olmayan insanın burada nə işi var? İnsanın ambisiyası olmaldır. Özü də sağlam ambisiyalı insan lazımdır. Mən indi deyim ki, Çempionlar Liqasının qrupundan çıxacağıq... Bunun üçün gərək vaxt keçsin, müəyyən uğurlar olsun, ondan sonra oturub fikirləşəsən ki, nə vaxtsa qrupdan çıxaram və ya 1/4 finala vəsiqə qazanaram. Bunun üçün əsas olmalıdır. Atalar sözüdür: "Dəvədən böyük fil var". Dəvə də bir az böyüsün, sonra filin qabağına çıxsın. 

- Bunun üçün həm də uzunmüddətli proqram olmalıdır...

- Çox da uzunmüddətli deməzdim. Uzun müddətli nəyə deyirik? Banklar uzunmüddətli krediti 25 illik verirlər. Türkiyədə istənilən otel tikiləndə ona 20-25 illik kredit verilir. Futbolda isə uzun müddət - maksimum 5 ildir. Xüsusən, "Neftçi"də nəyisə uzunmüddətli proqramla etmək çətindir.

 

"İstəyirəm ki, "Sumqayıt" güclü olsun"

- Siz "Sumqayıt"ın prezidenti olduğunuz vaxt yalnız yerli futbolçularla çalışmısınız. İndi isə fərli psixologiyaya malik legionerlərlə, iddiaları başından aşan yerli futbolçularla işləyirsiniz. Bu, sizə bir çətinlik yaratmır?

- Həm çətindir, həm də asan. AFFA-da işləyəndə, həm Bernhard Lippertlə, həm də Berti Foqtsla birgə çalışmışam. Müxtəlif əcnəbilərlə işləmişəm. Avropada, Amerikada yaşamış insanam. Bunu hamı bilir. Onların mentalitetini az-çox bilirəm, iş üsullarını öyrənmişəm. Əcnəbilərlə çalışmaq həm çətindir, həm də asan. Biz əcnəbi baş məşqçi dəvət etmişik. İnanmaq istəyirik ki, yaxşı nəticələr verəcək. Mənimlə birgə bu kluba gələn insanlar əcnəbi futbolçularla işləyiblər. Onların təcrübələri var. Ceyhun Sultanov və Rüstəm Allahverdiyev də əcnəbilərlə çalışıb. Xaricilərlə necə işləməyin gərəkliyindən az-çox xəbərimiz var.

- "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasovu yanınıza gətirəcəyiniz deyilirdi. Bununla bağlı hər hansı cəhdiniz oldumu? 

- Əvvəlcə onu demək istəyirəm ki, Abasov uzun müddət işsiz qalmayacaq. Yaxşı, gələcəyi parlaq mütəxəssisdir. Özünün üzərində daim işləyir və çalışır. Örənməyə can atan insandır. Birgə işlədiyimiz vaxt, biz ondan, o da bizdən nələrisə öyrənib. İnanmaq istərdim ki, o, gələcəkdə "Sumqayıt"dan da iddialı klublarda işləyə biləcək. "Sumqayıt" onun üçün həm ev, həm də böyük məktəb idi. Abasov "Sumqayıt"ın əvəzedicilərindən çalışmağa başlayıb. Fikrimcə, onu böyük məşqçi karyerası gözləyir. Ola bilsin, hansısa klubda, hansısa millidə işləyəcək. Söhbət Azərbaycan futbolundan gedir. Bu kluba gələndə "Sumqayıt"dan yalnız Ceyhun Sultanovu dəvət etdim. Mövsüm bitəndən sonra isə müqavilələri başa çatan iki futbolçu - Tural Axundovla Rəşad Eyubov bura gəlib. Mən heç vaxt istəmərəm ki, "Sumqayıt" "Neftçi"nin güclənməsindən ötrü zəifləsin. Bu, mənim "Sumqayıt"a olan münasibətimdən irəli gəlir. İstənilən futbolçu daha ambisiyalı, özünün inkişafı üçün daha yaxşı şəraitdə olan kluba təşrif buyurmaq istəyir. Axundov və Eyubov "Neftçi"yə gəlməsəydilər, başqa kluba gedəcəkdilər. Onlar bacardıqlarını ortaya qoyublar. Artıq növbəti mərhələdədirlər. Turalın 30 yaşı var. Amma indiki futbol üçün yaxşı yaşdadır. O, "Neftçi"nin uğurları üçün çalışa biləcək futbolçudur. Azərbaycanda hücumameylli cinah müdafiəçisi tapmaq çətindir. Rəşad isə qeyri-standart futbolçudur. Hər iki mövqedə çıxış edə bilir. Yaxşı texnikaya malik oyunçulardandır. Onları müqavilələri başa çatandan sonra komandaya dəvət etdik. Heç kimi gətirmədim, çünki "Sumqayıt"ın güclü olmasını istəyirəm. Həm "Sumqayıt"ın keçmiş rəhbəri, həm də rəqabət arzulayan bir şəxs kimi. Rəqabət olmasa, maraq da aşağı düşəcək və Premyer Liqa 3 komandanın çempionatı olacaq.

 

 

- Samir Abasovu niyə "Neftçi"yə cəlb etmədiniz: Sırf əcnəbi ilə çalışmaq istəyirdiniz?

- Bu, təkcə mənim məsələm deyil. Komandanın təsisçiləri və Müşahidə Şurası var. Bununla bağlı bir neçə dəfə söhbətimiz olub. Əcnəbi baş məşqçi məsələsi bir plan idi. Araşdırma aparmağa başladıq. Sonrası isə bəllidir.

- "Neftçi"nin gələcək planları barədə nə deyə bilərsiniz?

- Fikrimcə, futbol baxımından dəyişikliklər olmalıdır. Həm də ictimaiyyət tərəfə getməyimiz vacibdir. Xalqa açılmaq və ictimai önəmli layihələr həyata keçirmək istəyirik. Biz hazırda buradayıq və yeni bir layihəyə start verilib. "Neftçi" azarkeşi olan şagirdlər klubun yay layihəsində iştirak ediblər. Kollektivimiz bu cür layihələri yenə həyata keçirəcək. Müxtəlif yarışlar olacaq. Futbol təhsili ilə bağlı layihələr də gözlənilir. Bunlar isə tək futbol yarışları olmayacaq. Mən hamısını açıqlamaq istəmirəm. Planlarımız böyükdür. Əsas məqsəd insanları futbola cəlb etməkdir. Təkcə futbolçu yetişdirmək üçün yox. Bundan ötrü klubun akademiyası var. Hamı bilir ki, indiki uşaqlar daha çox elektron oyunlar, cihazlar, televizorla və s. vaxt keçirirlər. Onları təmiz havaya, stadiona, komanda seçib azarkeşlik etməyə dəvət edirik. Xüsüsən də "Neftçi"yə. Uşaqlar bu və digər layihələrdə iştirak edirlərsə, hesab edirik ki, biz onları qazandırırıq: özümüzə də, Azərbaycan futboluna da. Mətbuatda da görmüşəm, komandamıza cəlb olunan futbolçular da deyirlər ki, yeni layihəyə inanırıq. İstənilən yenilikləri layihə adlandırmaq olar. Yenilik - yeni nəfəs, yeni istiqamətdir. "Neftçi" yeni bir layihə deyil. "Neftçi"ni yeni görünüşdə, yeni üslubda və yeni sifətdə görmək hamının istəyidir. "Neftçi"ni belə görmək klub azarkeşlərinin çoxdankı arzusudur. Hamı yaxşı bilir ki, Azərbaycan futbolunda son illər hansı komandalar iddialı idi. Bir çox mütəxəssisin fikrincə, çempionatın səviyyəsi 2012-2013-cü illərə nisbətən düşmüşdü. Biz klub olaraq, həmin mübarizə və səviyyənin artırılması ilə bağlı özümüzü o istiqamətdə, o yöndə görürük. "Neftçi" çempionata rəng qatmalı, bayraq daşımalı və iddialı, ambisiyalı olmalıdır. "Neftçi" həm iddialı klubdur, həm də burada çalışan və meydanda olan kollektiv ambisiyalılardan ibarətdir. Bunun üçün bir çox şeylər yerinə oturmalıdır. Gələcək plan odur ki, "Neftçi" böyük mübarizəyə, böyük oyuna qayıtmalıdır. Biz komandanı həmin istiqamətə yönləndirmək istəyirik.

XƏBƏR LENTİ