Marselo Byelsa və Lids

Sayta qoyulub: 07:43 21.06.2018 (465 dəfə oxunub)

Marselo Byelsa və Lids

 

Bir az Marselo Byelsanın "Lids"lə anlaşması barədə, ardınca Ander Errera ilə "El Loco"nun rejimi haqqında - Atletik" günlərinə dair nostalgiya.

"Lids" rəsmiləri, danışıqlara başlar-başlamaz Byelsanın təklifə "isti" yanaşdığının fərqinə varıblar. Bir az tərs tip olması səbəbindən, belə münasibət gözləmirmişlər. Üstəlik, düşünürmüşlər ki, illik 2-3 milyon funt sterlinqlik təklif Byelsaya görə olmaya bilər. Çünki Marselo bir öncəki iş yeri - "Lill"lə ilinə 8 milyon qazanacağı müqaviləyə imza atmışdı. Lakin 62 yaşlı mütəxəssis maliyyə şərtləri ilə də razılaşıb. İşin qəribə tərəfi - bu, "Lids"in bir məşqçiyə təklif etdiyi ən yüksək məbləğdi, eyni zamanda. Byelsa klubdan üç şey tələb edib: seçimlərinə qarışılmaması, yeni mövsüm hazırlıqlarının 3 həftə öncədən başlaması (klub rəhbərliyi məşqçiyə bələd olduğundan, danışıqlar bitənə yaxın artıq bu barədə komandaya məlumat veribmiş), "Torp Arç" bazasında yeni infrastrukturun quraşdırılması. Sonuncu barədə bir az detala gedək: oyunçuların bütün hazırlıq prosesi boyunca bir-birlərinə alışması, eyni zamanda onun fəlsəfəsini ən qısa zamanda mənimsəmələri üçün bütün zamanı bir yerdə keçirmələrini istəyir. Orda yemək yeyiləcək, orda yatılacaq, orda futbol danışılacaq. Bunlar üçün də əlavə binaların, stadionların tikintisi/istifadəyə verilməsi gözlənilir.

İndi isə Ander Errera ilə Byelsalı Bilbao turuna çıxaq: "Liqada qalmaq uğrunda mübarizə aparan klubdan Byelsanın romantik futbolunu oynayan kluba keçmişdim. Mənim üçün böyük dəyişiklik idi. Əla futbol oynayırdıq. Marselo Byelsa həmişə futbolun içində olmalıdı, çünki onun futbola baxışı başqa səviyyədədi.

Dediklərini xatırlayıram: "İlk qolu vurduqdan sonra dərhal ikincini vurmağa çalışacağıq"; "Vaxt aparmayın"; "Hakimə şikayətlənməyin"; "Qərar nə qədər pis olursa olsun, qaçmağa, mübarizə aparmağa davam edin"; "Qol vurduqdan sonra müdafiə olunmağın ən yaxşı üsulu ikincini vurmaqdı".

3-4 aylıq bir period var idi ki, sözün əsl mənasında, uçurduq. Noyabrdan fevral-marta qədər məğlubedilməz idik (21 sentyabr - 11 mart aralığında oynadıqları 21 liqa oyununun yalnız 3-də məğlubiyyət üzü görmüşdülər). "Barselona"ya qarşı oynadığımız matçda Aleksis Sançes onların formasını geyinirdi. Bir dəfə onunla danışanda haqqımızda demişdi: "İlahi, bu qədər qaçmaq olar?" Heç kim bizim qədər qaça bilməzdi: imkansız idi.

Bir sözlə, romantik futbol idi. Ancaq yalan danışa bilmərəm, son aylarda, demək olar ki, yerimizdən tərpənə bilmirdik. Liqada geriyə 5 oyunumuz qalmışdı, həmçinin əlavə iki kuboku finalına çıxmalı idik. Deyəsən, onların hamısında məğlub olduq (La Liqada son 4 oyunun 3-də uduzdular, İspaniya kubokunun finalında "Barselona", Avropa Liqasının finalında isə "Atletiko" ilə bacarmadılar - hər iki oyun 0:3).

Ayaqlarımız sözümüzə baxmırdı. Həmişə eyni futbolçularla oynamağa çalışırdıq və açığı, hər iki finalda pik formamızda deyildik. Sanki mövsümün əvvəlindəki komanda biz deyildik. Fiziki baxımdan çökmüşdük. Qaça bilmirdik. Zənnimcə, həmin mövsüm toplam 65 matça çıxmışdıq; 38-i liqada, əlavə olaraq, İspaniya kral kuboku və Avropa Liqasında finala gedən yol. Marselo Byelsa eyni futbolçulardan istifadə etməyə çalışırdı - maksimum 14 nəfər (15 oyunçu liqada 20-dən çox matçda meydana çıxmışdı). Bütün bunları nəzərə alsaz, mövsümü necə bitirdiyimizi anlaya bilərsiz.

Məşqçini günahlandırmıram, bizim üçün əlindən gələni eləmişdi və buna görə ona minnətdar olmalıyıq. Ancaq son ayda biz hərəkət belə, edə bilmirdik və bu, həqiqətdi. Həmin dövrdə komandada çıxış edən başqa oyunçularla - Fernando Lyorente, Fernando Amorebyeta, Xavi Martines, İker Munyain, Oskar de Markos - danışsaz, onlar da sizə eyni şeyləri deyəcəklər. Bilmirəm, bəlkə də, ictimaiyyət önündə nələrisə gizlədə bilərlər, ancaq şəxsi zəmində mütləq deyəcəklər.

Mövsümün bitməsindən üç ay sonra qasığımdan əməliyyat olundum. Bu da bir həqiqətdi. Düzü, "Barselona" ilə oyuna görə özümüzü günahlandırmıram, çünki həmin komanda tarixin ən yaxşı "Barça"larından biri idi. Ancaq "Atletiko" ilə oyunda etdiklərimizi heç vaxt unutmayacam. Bukmeykerlər də bizi favorit göstərirdilər, hər kəs qələbə qazanacağımızı düşünürdü. Bizim ("Mançester Yunayted") "Ayaks"la oynadığımız Avropa Liqası finalını nümunə çəkəcəm; sanki kişilərlə uşaqlar üz-üzə gəlmişdi. "Atletiko" ilə oynadığımız final da buna bənzəyirdi".

 

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ