"Olimpiya"nın baş məşqçisi: "Qarabağ" bizdən güclü və daha yüksək reytinqlidir"

Sayta qoyulub: 09:05 20.06.2018 (251 dəfə oxunub)

Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gələcəkləri "Qarabağ"la bağlı danışıb. 

Serbiyalı mütəxəssis Azərbaycan təmsilçisinin daha böyük büdcəyə malik olduğunu vurğulayıb. O, eyni zamanda Ağdam komandasının yüksək keyfiyyətindən bəhs edib. 39 yaşlı baş məşqçi Avropa Liqasının qalibi İspaniya "Atletiko"sunun məhz "Qarabağ"la görüşlərdəki xal itkisi üzündən Çempionlar Liqasında qrupdan 1/8 finala yüksələ bilmədiyini xatırladıb: "Əlbəttə, Çempionlar Liqasının təsnifat mərhələsində asan rəqiblərin olmayacağını gözləmək tam aydın və məntiqlidir. Ölkə çempionu olan istənilən komanda hörmətə layiqdir. Fikrimcə, 5 potensial rəqibimiz arasında Kipr APOEL-i ilə "Qarabağ" yüksək keyfiyyətli komandalar idi. Lakin siz də ən yaxşılar arasında olmaq istəyirsinizsə, ən yaxşılara qarşı oynamalı və qələbə qazanmalısınız". 

Stolitsa "Qarabağ"a qarşı yeni transferlərlə daha yaxşı hazırlaşacaqlarını da diqqətə çatdırıb: "Oyunçularımın əzmkarlığından və işə yanaşmalarından razıyam. "Olimpiya"da çox yaxşı insanlar və oyunçular toplaşıb. Standart mövqelərdə bir neçə oyunçusuz qalmışıq. Təbii ki, onları ən azı özləri keyfiyyətində oyunçularla əvəzləməliyik. Baş məşqçi olduğum müddətdə buna can atacağam. Komandamızın güclü xarakteri var. "Olimpiya" qələbəni düşünür və yeni transferlərdən sonra komandamız gənc sloveniyalı oyunçulardan və keyfiyyətli legionerlərdən ibarət olacaq. Hazırda yalnız vaxt çatışmazlığımız var". 

Gənc mütəxəssis hazırda Macarıstan "Videoton"unda çalışan dostu və "Olimpiya"dakı sələfi Marko Nikoliçlə qarşılaşmaq istəmədiyini də sözlərinə əlavə edib: "Marko ilə biz bir-birimizi yaxşı tanıyırıq. Püşkün sonuna doğru rəqib qismində "Videoton" və "Qarabağ" qaldıqda, mən bizə ikincinin rəqib olmasını arzulayırdım. Hərçənd, bu komanda maliyyə cəhətdən güclüdür və daha yüksək reytinqə malikdir". 

"Olimpiya" hazırlıq dövründə Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandası ilə qarşılaşacaq. Habelə, Macarıstan "Ferentsvaroş"u ilə də yoxlama matçı nəzərdə tutulub. 

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində "Olimpiya" və "Qarabağ" arasındakı ilk görüş iyulun 11-də Lyublyanada, cavab oyunu isə bundan bir həftə sonra Bakıda olacaq. 

 

"Olimpiya"nın baş məşqçisi: "Qarabağ" bizdən güclü və daha yüksək reytinqlidir"

 

"Report"

XƏBƏR LENTİ