"Qəbələ" rəsmisi: "Dabo bizi çətin vəziyyətdə qolydu"

Sayta qoyulub: 18:03 18.06.2018 (257 dəfə oxunub)

 

"Qəbələ" rəsmisi: "Dabo bizi çətin vəziyyətdə qolydu"

“Futbolçu müqaviləyə qol çəkməyənə qədər dəqiq nəsə demək olmaz. Biz hər hansı məsələ haqda “bilinmir” deyəndə jurnalistlər inciyirlər ki, bilirsiniz, demirsiniz. Bu, əyani sübut oldu ki, futbolçu imza atmayana qədər hər an fikrini dəyişə bilər”.

Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib. Fransalı hücumçu Baqali Dabonun “qırmızı-qaralar”la yeni müqavilə barədə razılığa gəlməsinə baxmayaraq, sonradan “Neftçi”yə keçidinə münasibət bildirən klub rəsmisi fransalı hücumçunun pula görə bu addımı atdığını söyləyib:

 

“Həmin gün Dabo bizimlə müqaviləyə qol çəkmək üçün Bakıya gəlməliydi. Özü “İnstaqram”da da gələcəyi ilə bağlı paylaşım etmişdi. Bizə də yazmışdı ki, axşam saat 6-də məşqə gələcəm. Yazışmalarımız hələ də qalır. Amma “Neftçi” də yaxşı futbolçunu əldə etmək istəyirdilər. Artıq pul təklif ediblər, Dabo da fikrini dəyişib. Burda qeyri-adi bir hadisə baş verməyib”.

S.Səfiyarlı Dabonun komandanı çətin vəziyyətdə qoyduğunu bildirib: “Buna görə heç kimdən inciyə bilmərik. Sadəcə, Dabodan inciyə bilərik ki, belə bir fikri var idisə, bizə tez deməli idi ki, yerinə oyunçu axtaraq. Avroliqa oyununa 20 gün qalmış bizi çətin vəziyyətdə qoydu. Onun mövqeyinə yeni hücumçu alınmalıdır”.

“Qəbələ” ilə hələ 6 aylıq müqaviləsi qalan Araz Abdullayevin də məsələsinə aydınlıq gətirən menecer futbolçuya görə bir neçə təklif aldıqlarını gizlətməyib: “Arazın məsələsi açıq olaraq qalır. Onunla bağlı təkliflər var. Biz komandada saxlamaq istəyirik. Özü isə hələ dəqiq qərar verməyib. İstənilən işdə hər şey gələn təklifdən asılıdır. Hansı daha sərfəlidirsə, istər-istəməz ora yönəlir”

 

XƏBƏR LENTİ