“Neftçi”nin prezidenti daha bir nəfəri işsiz qoydu

Sayta qoyulub: 18:01 08.06.2018 (324 dəfə oxunub)

 

“Neftçi”nin prezidenti daha bir nəfəri işsiz qoydu

“Neftçi”nin baş meneceri Eldəniz Yusifov tutduğu vəzifədən istefa verib. 

Bu haqda E.Yusifov özü bildirib.

“Bu gün “Neftçi”nin idman direktoru Ceyhun Sultanov məni çağırıb, söhbət etdi. Qarşılıqlı anlaşma ilə ayrıldım. Mən onlara, onlar da mənə uğurlar arzuladı”.

O, klubun bu addımını normal qarşıladığını bildiirib: “Neftçi”nin bu qərarı başadüşüləndir. Yeni rəhbərlik, baş məşqçi gəlib. Futbolun dili eyni olsa da, hər rəhbərlik öz adamları ilə işləmək istəyir. Mən də “Neftçi”yə kimlərinsə yerinə gəlmişdim. Burda böyüdüləsi bir şey yoxdur. Hər halda yeni prezident kluba gələndə islahatlar aparmalıdır. Burda narazı qalmalı bir məqam yoxdur. Futbolda belə şeylər olub, bundan sonra da olacaq”. 

“Neftçi”nin prezidenti daha bir nəfəri işsiz qoydu
Eldəniz Yusifov

 

E.Yusifov futbol sahəsində işini davam etdirəcəyini qeyd edib: “14 ildir futboldayam. Sıravi işçidən tutmuş, baş menecer vəzifəsinə qədər çalışmışam. Hər halda yəqin ki, hansısa təklif olacaq. Bunu gələcək göstərəcək. Ümid edirəm ki, hansısa bir işlə məşğul olacam”.

 

E.Yusifov nəzakət xatirinə əlavə heç nə deməsə də, bu qərarın klubun yeni prezidenti K.Quliyevin birbaşa tapşırığı ilə atıldığına şübhə yoxdur. 

Qeyd edək ki, Kamran Quliyevin “Neftçi”nin prezidenti vəzifəsinə təyinatından sonra köhnə heyətin bir çox üzvü göndərilib. Əvvəlcə mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu, daha sonra əvəzedici heyətin məşqçi heyəti klubdan göndərilib. Bundan sonra K.Quliyev “Neftçi”də uğurlu nəticə göstərən Tərlan Əhmədov başda olmaqla bütün məşqçi heyəti ilə yolları ayırıb. Halbuki məhz T.Əhmədovun rəhbərliyi altında komanda üçüncü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb. Məlumata görə, T.Əhmədovun köməkçilərindən olan məşqçilərdən birinin evində ağır xəstəsi olduğu, dava-dərman qiymətlərinin “od tutub yandığı” bir zamanda pula ehtiyacı olub. Buna baxmayaraq, hətta həmin məşqçiyə də klubda alternativ iş təklif olunmayıb. Beləliklə, Tərlan Əhmədovla yanaşı Novruz Əzimov, İqor Getman, Rauf Salamov bir zamanlar can qoyduqları “Neftçi”dən hörmətsizcəsinə yola salınıb və onların hər biri indi işsiz qalıb, maaşsız qalıb. Halbuki zamanında bu şəxslərdən hər biri “Neftçi” üçün can qoyub. Amma klubun prezidenti Kamran Quliyev bu insanların yerinə “Neftçi”yə əcnəbi italiyalı mütəxəssisləri gətirməyi daha uyğun bilib.

 

XƏBƏR LENTİ