Arif Əsədov: "Premyer Liqaya tam hazır deyilik"

Sayta qoyulub: 15:53 11.05.2018 (185 dəfə oxunub)

 

 

Arif Əsədov: "Premyer Liqaya tam hazır deyilik"

“Sabah” klubunun baş məşqçisi Arif Əsədov müsahibə verib. AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra Elxan Məmmədovun səsləndirdiyi fikirlərə münasibət bildirən mütəxəssis komandanın Premyer Liqaya buraxılma ehtimallarını da dəyərləndirib.

- AFFA-nın baş katibi Elxan Məmmədov bu gün İcraiyyə Komitəsinin iclasından sonra bildirib ki, Premyer Liqada sonuncu pilləni tutan “Kəpəz”i növbəti mövsümdən sabah əvəzləyə bilər. Bu barədə nə deyə bilərsiniz?

- Mənim bu haqda məlumatım yox idi. İndi də bir söz deyə bilmərəm. Yalnız rəsmi şəkildə olandan və klub səviyyəsində təsdiqlənəndən sonra fikir bildirə bilərəm. Mən baş məşqçiyəm. Komandanın hazırlığına, nəticələrinə cavabdehəm. Digər məsələni rəhbərlikdən dəqiqləşdirsəniz, daha yaxşı olar.

- Baş məşqçi olsanız da, komandanın içindəsiniz. Ümumiyyətlə, “Sabah”ın Premyer Liqaya buraxılacağı ilə bağlı klub rəsmilərindən və ya rəhbərlikdən nəsə eşitmisiniz?

- Yox, bu yaxınlarda o barədə söhbət olmayıb. Mənim məlumatım yoxdur.

- Necə düşünürsünüz, “Sabah” Premyer Liqada oynamağa hazırdır?

- Yenə deyirəm, bu, ilk növbədə klub səviyyəsində olmalıdır. Elxan müəllimin də deyib ki, bizə komanda yox, klub lazımdır. İşin 90 faizini məhz bu məqam həll edir. Qalan 10 faizi isə komandadır ki, bu da artıq formalaşıb. Amma desəm yüksək liqaya yüz faiz hazırıq, doğru olmaz. Premyer Liqanın öz tələbləri var. Tam rəsmiləşmədiyinə görə nə komanda, nə də klub haqda bir söz deyə bilərəm.

- Elxan Məmmədovun dediyinə görə, sabah lisenziyalaşdırma komissiyasının iclasından sonra hər şeyə aydınlıq gələcək. Hətta “Kəpəz”in elitada saxlanılması da mümkündür. “Sabah”ın Premyer Liqaya buraxılacağına ümidiniz var?

- Yenə deyirəm, indi bu barədə mənim nəsə danışmağım düz çıxmaz. Çünki məlumatım yoxdur.

- Müsahibələrinizin birində demişdiniz ki, heç vaxt birinci divizionda işləməzsiniz. Ancaq bir müddət sonra “Sabah”ın sükanı arxasına keçdiniz. Bəlkə elə o vaxtdan bilirdiniz ki, bu komanda növbəti mövsümdə Premyer Liqada oynaya bilər? Ona görə aşağı dəstə klubunda işləməyə razılıq vermişdiniz...

- Mən komandanı götürəndə demişdim ki, “Sabah”ın perspektivi var. O vaxt rəhbərliklə söhbət edəndə də demişdilər ki, qısamüddətli komanda olmayacaq. Köklü klub olacaq. Amma yüksək liqaya çıxmaq haqda nə mənə deyilmişdi, nə də mən söz vermişdim. Gələcək necə olacaqsa, ona uyğun hərəkət edəcəm. Yaxud da klub rəhbərliyi mənimlə hansısa danışıq aparacaq. Hər şeyi zaman göstərəcək. Mənim “Sabah”la mayın sonuna kimi müqaviləm var.

Qol.az


 

XƏBƏR LENTİ