Rəşad Sadıqov: "Belə oyunçu diqqətimizdən kənarda qala bilməz"

Sayta qoyulub: 09:13 21.03.2018 (272 dəfə oxunub)

Rəşad Sadıqov: "Belə oyunçu diqqətimizdən kənarda qala bilməz"

 

U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun müsahibəsi


- Bakı hazırlığını necə dəyərləndirərdiniz?

- Ümumilikdə pis olmadı. Düşüncələrim müsbətdi. 3-4 gündür məşq edirik. Milli komanda olduğuna görə bəzi problemlər olur. Vaxt az olduğu üçün istədiyin kimi hazırlıq keçə bilmirsən. Çalışırsan ki, qısa vaxtdan maksimum yararlanasan, bu müddət ərzində maksimum informasiya verəsən. Biz də əlimizdən gələn qədər vaxtdan səmərəli istifadə etməyə çalışdıq. 

- Türkiyə toplanışı və indiki toplanış. Fərq nədədi? Ümumiyyətlə, fərq varmı? Futbolçularda irəliləyiş hiss olunurmu?

- İrəliləyiş var. Bu, çempionat oyunlarında da görünürdü. Demirəm ki, səbəb Türkiyədə olan təlim-məşq toplanışıdı. Futbolçularda son dönəmdə inkişaf var. Hamı klublarında daha çox oynamağa, yaxşı nəticələr verməyə başlayıb. Təbii ki, bu, bizi sevindirir.

- Açıqladığınız heyəti nə dərəcədə idel saymaq olar? Hansısa problemlər yaşandımı?

- Düşünürəm ki, ideala yaxın heyətdi. Elnur Cəfərov siyahıda ola bilərdi. Ancaq zədə probleminə görə kənarda qaldı. Bildiyiniz kimi, o, hələ Türkiyədə zədə almışdı. Buna görə 2 aydır meydançaya çıxmır. Çox istərdim ki, ölkədən kənarda oynayan futbolçularımız - Budaq Nəsirov, Ziya Əzizov Bakı toplanışında bizimlə olaydı, Ozan Can Kökçü daha tez gələydi. Bakıda xeyli taktiki məşqlər etdik ki, bu futbolçuların heç biri həmin hazırlıqlarda iştirak etmədi. Budaqla Ziya bizə sonradan qoşulacaqlar. Ancaq bu, millidi! Deməli, düşərgədə belə problemlər həmişə olacaq. Btün futbolçular eyni vaxtda düşərgədə olmur. Ona görə də bu cür hallara hazır olmaq lazımdı. 

- Ozanla bağlı məsələ qapandımı? Çünki bir ara millidə oynamayacağı bildirilirdi…

- Hələ ki, onunla fərdi söhbətim olmayıb. Düşərgəmizə Bakı hazırlığına 1 gün qalmış qoşuldu. Komandasının heyətində son matçda 90 dəqiqə oynamışdı. Ümumiyyətlə, məsələylə bağlı aramızda söhbət olacaq. Əvvəl də qeyd etdiyim kimi, özüylə hərtərəfli danışmaq istəyirəm. Hələ ki, belə söhbətimiz olmayıb. Düşünürəm ki, həmin məsələ artıq keçmişdə qalıb. İrəli baxmalıyıq. 

- Məşqdə özünü necə göstərdi?

- Ona gələn günü daha çox istirahət verdik. Son gündə onsuz da yüngül məşq idi. Özüylə bir-iki kəlmə ayaq üstə danışanda görünürdü ki, həvəslidi, istəklidi. Ozanda bunu sezə bildim.

- Ziyayla Budaq Bakı hazırlığında iştirak edə bilmədilər. Futbolçularınızı rəhbərliyiniz altında məşqlərdə izləyə bilmədinizsə, start heyətində çıxmaq ehtimalları varmı?

- Futbolçunun durumundan da çox şey asılıdı. Baxır hansı futbolçudu, hansı formadadı, klubunda daimi oynayırmı, oynamırmı. Ümumiyyətlə, həmin futbolçunu start heyətində görürsənmi, ya yox. Millidə belə şeylər olacaq. Ola bilsin ki, hər hansısa futbolçu olsun, klubunda çıxış etməsin, ancaq onu milliyə dəvət edək və ya əksinə. Hər futbolçuya yanaşma fərdidi. Təbii ki, Əzizovla Nəsirovun düşərgəmizdə ilk gündən olmalarını istəyərdim. Xüsusilə Budağın. Ümumən götürsək, Ziyanın oyunlarını izləmişəm. Hollandyada son matçından başqa demək olar bütün oyunlarına, onunla bağlı olan epizodların hamısına baxmışam. Bizi sevindirir ki, Hollandiya I liqasında daim oynayır. əsas heyətə düşür. Belə oyunçu diqqətimizdən kənarda qala bilməz. 

- Ziyanın start heyətində çıxmaq ehtimalı realdımı?

- Start heyətiylə bağlı beynimdə planlar var. Ancaq hələ ki, bu haqda danışmaq istəmirəm.

- Kosovo yığmasını təhlil etmisiniz. Mənfi və müsbət tərəfləri barəsində fikirləriniz necədi?

- Müsbət tərəfləri odu ki, futbol oynamağı sevirlər. Kreativ futbol oynayırlar. Heyətlərində yaxşı, kreativ düşüncəyə sahib oyunçular var. Hətta bir çoxları əsas yığmaya namizəddi. Yoldaşlıq görüşlərində debüt ediblər. Ancaq rəsmi matç olanda U-21-də də çıxış edirlər. Qrupdan çıxmaq şansları var. Sonadək mübarizə aparacaqlar. Bizi evdə qəbul edirlər. İkinci yerlə aralarında cəmi 2 xal fərq var. Qrupumuzda ümumiyyətlə, bütün rəqiblər - İrandiya, Norveç, Kosovo, İsrail - hamısı futbol oynamağı sevən yığmalardı. Hamısının oyunlarını izləmişəm. Kombinasiyalı, texnikalı, yaradıcı oyuna üstünlük verirlər. Kosovo də elə komandalardan biridi. Bu rəqibi yaxından təhlil edəndə, qısa müddət ərzində yaranan komandanın bu cür futbol oynaması məni təəccübləndirdi. Göründüyü kimi, məktəbləri yetişdirir. Üstünlükəri budu. Çatışmayan cəhətlərini də analiz, götür-qoy etmişik, onlar üzərində işəmişik. Görək, oyunda necə alınacaq.

- Kosovoyla Bakıdakı oyuna əsasən deyə bilərik ki, futbolçuları, xüsusilə də arxa xətdəkilər bir qədər ağır görünürdü. Belədə, taktikanı rəqib müdafiəçilərin arxasına edilən ötürmələr üzərində quracağınızı proqnozlaşdırmaq nə dərəcədə doğrudu?

- Təəssüflər olsun ki, oyunla bağlı planlarım haqda məlumat verə bilməyəcəm. Oyundan sonra danışa bilərik ki, fikrim nə idi, nə alındı, nə yox. Müdafiəçilərinin ağır olması fikri ilə razılaşmıram. Buradakı oyunda əsas heyətin sol cinah müdafiəçisi oynamırdı. Cəzalı idi. Ordakı matçda artıq oynayacaq, çünki cəzası bitib. Stopperlərinrən biri Almaniyada aşağı liqada çıxış edir. Kapitanları "Hayduk"un üzvüdü. Yaxşı futbolçudu, müdafiənin lideridi. Deməzdim ki, müdafiələri zəifdi. 

- Qısa müddətdə ardıcıl iki oyun keçirmək, özü də hər ikisi səfərdə. Bu sindrom hələ siz oynadığınız vaxtdan Azərbaycan futbolunda var və indi də problem yarada bilərmi?

- Əlbəttə. Üstəlik, İrlandiya daha çətin rəqibdi. Həm də səfərə gedəcəyik, yol yorğunluğu olacaq. Bunlar özünü hiss etdirməyə bilməz. Rəqiblərinizdə də eyni şey olur. Səfərə gəlirlərsə, eyni çətinlik yaşayırlar. Bu dəqiqə o durumdan şikayət etmək istəmirik. Sadəcə, ilk matç haqda düşünürük. Kosovoyla qarşılaşma bitəndən sonra İrlandiya ilə matç haqda fikirləşəcəyik. Başqa, fərqli plnalımız var. Görək necə olur.

- Elə bir mövqe var ki, narahatlıq, seçimlə bağlı tərəddüd yaradır?

- Ümumiyyətlə, futbolçular hamısı özünü yaxşı tərəfdən göstərir. Sevindirici amillərdən biri odu ki, hamı əsas heyətə düşmək istəyir. Ancaq məşqçi işinin ən çətin məqamlarından biri o idi ki, əsas heyəti, "18-liy"ə düşənləri qərarlaşdırmaq lazımdı. Biz də çalışacağıq ki, ədalətli olaq, ən düzgün qərarı verək. Oyunun birinci hissəsiylə bir, ikinci hissəsiylə bağlı fərqli planlarımız. Ola bilər ki, kimsə Kosovoda oynamasın, İrlandiyada oynasın. Yaxud  birincidə 15, ikincidə 90 dəqiqə çıxış etsin. İki ardıcıl oyundu, bu faktorları düşünürük, götür-qoy edirik. Ən əsası, hazırda ilk oyunu fikirləşirik.

- Millinin psixoloji durumu nə yerdədi? Birincisi, gəncdirlər, ikincisi də bizdə daim səfər sindromu olub . Bu sindromu aşmaq mümkün olub ki, futbolçuların beyinləri tam oyuna köklənsin?

- Hələ gördüyüm odu ki, yaxşı hazırlaşıblar, psixoloji cəhətdən problem yoxdu. Oyun yaxınlaşdıqca yenə danışacağıq, söhbətlərimiz olacaq. Hələ ki, futbolçularda böyük həvəs görürəm ki, səfərdən yaxşı nəticəylə qayıdaq.

- Necə düşünürsünüz, canlı yayımın olması futboulara əlavə motivasiya verəcəkmi?

- Əlbəttə! Bu, özlərini yaxşı tərəfdən göstərmək üçün uşaqlar üçün əlavə motivasiyadı. Bu dəqiqə elə dövrdü ki, futbolçularımız böyük nailiyyətlər əldə etməyiblər, qədəmlərini hələ yeni-yeni atırlar. Bakıdan məşqçiləri, klubları oturub baxacaq, qarşıda yay transfer pəncərəsi gəlir. Mən də maksimum çalışıram ki, mayda-iyundakı yoldaşlıq görüşlərini Bakıda oynayaq. Futbolçulara özlərini göstərmək üçün fürsət olsun, klublarının diqqətini cəlb etsinlər. Bu, elə formada getməldi ki, daim addım-addım irəliləyiş olsun. Düşünürəm ki, yayımın onlar üçün müsbət tərəfi var. Oyuna yaxınlarımız, əzizlərimiz baxacaq və futbolçular tam inamlı oyun nümayiş etdirə bilərlər. 

- Sərəncamınızda ən təcrübəli futbolçular “Qarabağ"da bir yerdə oynadığınız Mahir Mədətovla Ramil Şeydayevdi. Onların ümumi durumu və birgə əsas heyətdə yer almaq şansları nə dərəcədə realdı?

- Son qərarı yəqin, oyun günü verəcəyik. Hələ ki, düşünürük, qarşıda hələ iki məşqimiz var. Mahirlə Ramilin durumu yaxşıdı. Kollektivə uyğunlaşıblar. Mənim üçün vacibi odu ki, bütün futbolçular bir-birinə uyğunlaşsın. İstəyir gənc olsun, istəyir təcrübəli, istəyir "Qarabağ"da oynasın, istəyir əvəzedici heyətdə. Burda hamımız eynihüquqluyhuq, eyni səviyyədəyik. Onların bir-birinə uyğunlaşması mənim üçün çox önəmlidi. Zərrə qədər kimdəsə özündənrazılıq, təkəbbür görsək, o, bu kollektivdə olmayacaq. Çox şükürlər olsun ki, belə şey yoxdu, atmosfer yaxşıdı. Təcrübəli futbolçular çalışırlar ki, bu kimi məqamlarda hər şey qaydasında olsun. 

- Rəşad Sadıqov millinin və “Qarabağ"ın kapitanıdı. Bəhlul Mustafazadə də U-21-in kapitanıdı, oyunçu mövqeyiniz də eynidi. Bəhlulda hansı potensialı görürsünüz?

- Onda böyük potensial görürəm. Bəhlulda elə xüsusiyyətlər var ki, məndə bir müdafiəçi kimi olmayıb. Sadəcə, özünə bir az daha çox inanmalı, daha çox güvənməlidi. 

- Daha sərt olmalıdı?

- Yox, sərtliyi var, hər şey qaydasındadı. Xasiyyət olaraq özünə qarşı tələbkar olmalıdı ki, oynamalıyam: filankəs oynayır, niyə mən kənarda qalıram? Qarşısına məqsəd qoymalıdı ki, daim əsas heyətdə, güclü klubda oynamalıyam. Bu xüsusiyyətləri özünə aşılaya bilsə, düşünürəm ki, Avropa səviyyəsində stopper olacaq. 

- Bu iki səfər matçında baş məşqçi olaraq Sizi neçə xal qane edəcək?

- Maksimum nəticəyə köklənirik. Oyuna çıxdıqda beynimizdə ancaq qələbə haqda düşünəcəyik və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Futbolçular da buna kökləniblər. Ancaq necə olacağını oyun göstərəcək. Qazanılacaq hər bir xal bizim üüçn müsbətdi. Ancaq yaxşı olar ki, inşallah, səfərdən qələbəylə qayıdaq.

XƏBƏR LENTİ