Gelzenkirxenin ümidi

Sayta qoyulub: 11:19 17.03.2018 (611 dəfə oxunub)

Bundesliqada turnir cədvəlinin yuxarı pillələrinə nəzər salsanız, Domeniko Tedeskonun "Şalke"sinin ikinciliyə nərdivan dayadığını görəcəksiz. Komanda üç il sonra yenidən Çempionlar Liqasına qayıtmağa yaxındı. Tedesko isə indidən mövsümün ən yaxşı məşqçisi qismində göstərilir. "Şalke" matçlarını izləyənlər bilər, bir az praqmatik yanaşmaya üstünlük verənlərdəndi, bəzən buna görə tənqid də olunur, ancaq nəzərə alın ki, adamın qanında italyan qanı var, Almaniyada böyüyüb, ya yox, fərq etməz ki :) Bu gənc çalışdırıcının da Tomas Tuxel və Yulian Naqelsman kimi diqqətçəkici həyat hekayəsi var.

Əslən İtaliyanın Kalabriya bölgəsindəndi. Hələ 2 yaşı olarkən ailəsi Almaniyaya köçmək qərarına gəlir. Atası Ştutqart yaxınlığındakı Eslinqen am Nekkar şəhərində mətbəəçi kimi çalışmağa başlayır. Balaca Domeniko isə yerli "Ayxvald" klubunda futbolda ilk addımlarını atır. Dediyinə görə, birinci məşqdəcə öz qapılarına qol vurur. İllər keçir, ancaq Domenikonun həvəskar səviyyədən professionallığa keçid prosesi baş tutmur. Əvəzində, vaxt tapdıqca klubun 7 yaşlılarını çalışdırır və məşqçiliyə qarşı marağı məhz o illərdə yaranır.

Yolun professional futboldan keçməyibsə, istər-istəməz məşqçi kimi hədəflədiyin nöqtəyə çatmaq üçün müəyyən müddət iki işi paralel davam etdirməli olursan, çünki ən azı 4-5 il aralığında alt yaş qruplarında çalışırsan və bunun böyük bir hissəsi köməkçi-məşqçiliklə keçir, o səviyyədə isə əmək haqları o qədər də yüksək deyil. Tedesko da işini şansa buraxmır. Əvvəlcə biznes proseslərinin mühəndisliyi üzrə bakalavr dərəcəsinə yiyələnir, ardınca isə innovasiya menecmenti üzrə magistr təhsili alır.

Universitetdə oxuduğu dövrdə - bir gün "Ştutqart" klubuna məktub yazıb, onlardan xahiş edir ki, U-9-un məşqlərini izləmək üçün imkan yaratsınlar. Tomas Albek məktubu gözdən keçirir və onunla görüşmək qərarına gəlir. Görüş zamanı Albek o qədər təsirlənir ki, Tedeskonun 9 yaşlılara məşq keçməsinə izin verir. Nəticədə, Domenikonun meydandakı işini bəyənən koordinator onu U-9-un köməkçi məşqçisi vəzifəsinə təyin edir. Bu arada, Domeniko təhsilini bitirir və "Mercedes"in podratçı idarələrindən birində müştəri komfortu və səs dizaynı üzrə çalışmağa başlayır. Bu yolla həm xərclərini qarşılayır, həm də ikinci bir iş kimi - sevdiyi məşqçiliklə məşğul olur. 28 yaşına kimi belə davam edir.

Nəhayət, Domeniko "Ştutqart" U-17-yə baş məşqçi təyin olunduqdan sonra avtomobil sənayesindəki işindən ayrılır. İl ilin ardında, Tedeskonun növbəti dayanacağı isə "Hoffenhaym" olur. 2016-ci ildə Hennes Vaysvaylerin adını daşıyan akademiyanın "futbol müəllimliyi" (UEFA diliylə Pro) kursunu birinci kimi - Naqelsmanın önündə bitirir və elə həmin ilin yayında "Hoffenhaym" U-19-un baş məşqçisi postunda məhz Yulianı əvəzləyir. 2017-ci ilin ortalarına doğru isə Bundesliqa-2-də turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Erçqebirqe"nin təklifini qəbul edir və gözlənilməzi bacararaq, komandanı liqada saxlayır. Aue təmsilçisinin başında olduğu 11 oyunluq qısa period "Şalke"nin idman direktoru Kristian Haydelin radarına düşməsi üçün yetərli olur. Yekunda, Domeniko Tedesko çalışdırıcılar üçün çox erkən sayılan bir yaşda - 31 - Almaniyanın ən köklü klublarından birinin baş məşqçisi təyin olunur...

 

Gelzenkirxenin ümidi

 


Rüfət Məcid 

XƏBƏR LENTİ