Kapitanla müsahibə

Sayta qoyulub: 13:12 13.03.2018 (544 dəfə oxunub)

Futbol adamlarının fikirlərini açıq formada/olduğu şəkildə ifadə etməsi gözəldi. Bunun ən yaxşı nümunələrindən biri də Şavi Ernandesdi. Müsahibələrindən birinin əksər hissəsinin tərcüməsini yekunlaşdırmışam, ikinci hissəni də bitirdikdən sonra paylaşacam. Çox məsləhət görərdim oxumağınızı, kifayət qədər diqqətçəkici məqamlar var:

- 50 m.lik zona daxilində 21 oyunçu - adətən, topa nəzarət edən komandalar belə bir vəziyyətlə üzləşirlər və dar sahədə ilişib qalırlar. Bu ziddiyətli situasiya ilə necə başa çıxırsız?

- Hələ 2008-ci ildə məşqlər zamanı bunun üzərində çalışırdıq. Luis Enrikenin rəhbərliyi dövründə də vəziyyət eyniydi. İki dənə dördlü bloka qarşı oynayırsan, pivotun nəzarət altındadı, boşluq axtarışındasan və bunun üçün oyunun yönünü dəyişib, topu meydançanın digər tərəfinə göndərməyə çalışırsan... Horizontal paslardan danışmıram, sadəcə, topu ikinci və ya üçüncü zonaya keçirirsən. "Barça" əvvəlcədən nə ilə qarşılaşacağını yaxşı bilir. Doqquz müdafiəçiyə qarşı mövqe oyunları üzərində çalışırıq. Belə hallarda müdafiəçilərin topla birlikdə irəliləyib xətləri yarması gərəkdi. Dar sahələrdə topu saxlamaq, ilk toxunuş - bu mövzulara da geniş yer ayırırıq. İlk toxunuşdaca nə etdiyini bilməlisən ki, səni saxlayan oyunçunu 2-3 m. məsafə daxilində geridə qoya biləsən.

- Belə dar sahələrdə oynamağı bacaran neçə futbolçu var ki...

- Məşqlərdə bu mövzuya yer ayırmaq olar. Ancaq başqaları nə edir? Mourinyunun "Madrid"i birbaşa bizim müdafiə arxasındakı boşluqlara oynayırdı. Onlara tapşırmışdı ki, sürətli şəkildə çıxsınlar, paslaşmasınlar. Əlində Di Mariya, Kriştianu Ronaldu, Benzema kimi adamlar var idi. İndi isə Beyl və digərləri var. Onlar futbol oynamaq istəmirdilər.

- "Siti"də qəribə bir situasiyanın şahidiyik; sabit hücumçu və normal yarımmüdafiəçilər olmadan bütün göstəriciləri alt-üst edirlər. De Bröyne vinqer idi, Silva isə hücumameyilli yarımmüdafiəçi. Necə oldu ki, Quardiola onlardan mərkəz yarımmüdafiəçisi yaratdı?

- De Bröyne və Silvanin asanlıqla adaptasiya olmasının səbəbi odu ki, onlar hər ikisi istənilən şəraitdə topu qəbul etmək üçün necə mövqe alacaqlarını yaxşı bilirlər. Hər tərəfi/bütün meydançanı görürlər - 360 dərəcə. Quardiola futbolunu oynamaq üçün Sane kimi saf vinqerlərə ehtiyac var. Sane daxili zonalarda oynaya bilməz, çünki o, özünə boş zona yarada biləcək dönüşlər etmək iqtidarında deyil. Məsələn, bunu Messi, İnyesta, De Bröyne, Silva və Gündoğan kimilər edə bilir. Hətta məcburiyyət qarşısında qalanda Sterlinq də bunun öhdəsindən gələ bilər, ancaq Leroy yox. Sanenin boşluğa ehtiyacı var - Beyl kimi. Onları götürüb daxili zonada oynatsan, istədiyini ala bilməyəcəksən: qanadlarda oynamalıdılar, driblinq etməlidilər. Kriştianu da siyahıya aiddi. Ortada oynayanda çətinlik çəkir, çünki mövqe alarkən bədənindən düzgün formada istifadə edə bilmir. De Bröyne və Silva heyranedicidilər. Sanki Silvanı yenidən kəşf edirik.


- Yaradıcılığı stimullaşdırmaqdan bəhs edirdin. Bunu necə edərsən?

- Rondolar vasitəsilə. İnsanlar düşünür ki, biz rondodan sadəcə əyləncə xatirinə istifadə edirik. Əsla! Rondo əla çalışma metodudu. Hər iki ayağını işlədirsən, ikinci xətti gözdən keçirirsən, rəqibi üzərinə cəlb edirsən və o, sənə yaxınlaşan anda bam - top artıq digər tərəfdədi. Ucu-bucağı yoxdu. Elə bir şeydi ki, istəyə uyğun sonsuz sayda dəyişikliklər edə bilərsən. Məsələn, 7 nəfərə qarşı 2 nəfər, 5v2 (bunda çıxış yolunu tapmaq çətindi). 9v2 isə daha əyləncəlidi. Və ya - 3 nəfərin ortada olduğu rondodan da istifadə edə bilərsən: ikisi pressinq edir, digəri isə mümkün pas yollarını bağlayır. Gəl indi işin içindən çıx. Məcbur edir ki, boş oyunçunu tapmaq üçün daim gözün ətrafda olsun. "Barça"da bizə "zaman və məsafə" konsepsiyası aşılanıb. Buskets, İnyesta, Messi - onlar bu mövzunun ustalarıdılar. Rəqiblərin mühasirəsində olanda həmişə nə edəcəklərini yaxşı bilirlər. Bir də Kazemiro kimi, bunu dərk etməyən yarımmüdafiəçilər var. Ancaq eyni zamanda, Buskets heç vaxt Kazemiro kimi zona bağlaya bilməz. "Madrid" 7 nəfərlə irəli şığıyır, nəticədə ortadakı bütün zona Kazemironun öhdəliyində qalır. Bunu nəzərdə tuturam. Buskets bunu edə bilməz, çünki mən belə, ondan daha sürətliyəm. Kazemiro çox sürətlidi. Ancaq onun digər şeylərlə bağlı problemləri var, çünki digər aspektlər üzərində işləməyib. Fərqli özəlliklərə sahibdi; top qazana bilir, böyük bir zonanı bağlayır, irəliyə doğru sprintləri var, ümumilikdə daha müdafiəyəmeyillidi. Zaman və məsafə işi isə onluq deyil. 12-13 yaşlarında bu məsələnin üzərinə düşsəydi, bəlkə indi alınardı. Kroos bunu bacarır, çünki Almaniyada zaman və məsafə məşğələləri önəmlidi. Bəs Tiaqo niyə? Axı o, "Barça"da yetişib. Təəccüblü olan Kasorla kimi birinin belə bacarığa sahib olmasıdı. Ondan bunu necə öyrəndiyini soruşmuşdum. Cavabında, "Aviles", "Ovyedo" və "Rekreativo" klublarının adlarını çəkmişdi. Bəzi təbii istedadlar - Silva, Modriç, Kroos - var ki, hərdən özüm-özümə soruşuram, axı necə olur "Barça" bunları transfer eləmir? Onlar artıq bu tərzə bələddilər. Hamısı komandanın profilinə uyğun gəlir. "Barça"da iş görə biləcək oyunçuların axtarışındayam. Məsələn, Filipp Lam kimi. Adam hər şeyi görürdü.

- Lam və Alabanın timsalında, Quardiola cinah müdafiəçilərinin daxili zonalara çəkilib, yekunda hücumameyilli yarımmüdafiəçi ola biləcəklərini göstərdi. Pep yeni bir dalğanın təməlini atdı...

- Quardiola həmişə boşluq axtarışındadı. Məsələn, "Levante"yə qarşı oynayırsan, görürsən ki, rəqib vinqerlər sənin cinah müdafiəçilərini nəzarətdə saxlayır, - Bielsanın elədiyi kimi - o zaman cinah müdafiəçilərini içəri doğru çəkirsən. Rəqib vinqer hələ də cinah müdafiəçinin ardınca düşürsə, o zaman mərkəz müdafiəçinlə vinqerinin arasındakı kanal açılır, ötürmə ilə təmin edə bilərsən. Çünki çox zaman məhz cinah müdafiəçiləri o kanalda olurlar. Əlqərəz, cinah müdafiəçin daxilə yönəlirsə, iki şeydən biri baş verir: ya rəqib vinqer onu tək buraxır, nəticədə bu, sənə içəridə əlavə adam qazandırır, ya da onun ardınca düşür və öz vinqerinə doğru dəhliz açılır - zamanlama və məsafə. Rəqibin situasiyanı idarə etməsi mümkünsüzdü, çünki birini tutursan, digəri boşa çıxır. Beləcə, üstünlük yaranır.

- Quardiolanın "Bavariya"sında və ya Tuxelin "Borussiya"sında gördüyümüz bu mövqe dəyişiklikləri rəqibləri çaş-baş salır, ancaq bu, həm də komandaların özlərinin fiziki və zehni baxımdan daha çox yüklənməsi deməkdi. Bununla necə başa çıxırsız?


- Mən belə düşünmürəm. Bu, sadəcə mövqe dəyişməkdən ibarət deyil. Oyunu dərk etmək barədə danışmalıyıq. Oyunçuya mövqe dəyişməyi öyrətmirsən, ona oyunu başa salırsan. Məsələn, qətərli futbolçular anlamırlar. Top ayağımda irəliləyirəm, görürəm ki, komanda yoldaşlarım da mənə doğru yaxınlaşırlar, bir metrliyimdədilər. Deyirəm ki, nə edirsiz, indi bir-birimizlə toqquşacağıq, anlamırlar. Maradona və Pele bir-birindən bir metr aralıqda oynasaydılar, inanın, onlara qarşı məndən yaxşı müdafiə olunan birini tapa bilməzdiniz. Ancaq aralarında heç olmasa 15 m. məsafə olsa, 3 gün durmadan paslaşarlar. Krayf boşluqların harada olmasını dərk etməyin önəmindən danışardı. İnyestanın olduğu yerdə ola bilmərəm. Andres rəqibin təzyiqiylə üzləşəndə ona çıxış yolu təklif etməyə hazır olmalıyam. "Barça"nın üstünlüyü ondan ibarətdi ki, bu şeylər illərdi işə yarayır.

- Futbol ən son məhz "Barça" ideyaları əsasında transformasiyaya məruz qalır. Səncə, növbəti paradiqma hansı olacaq?

- İstedad həmişə fiziki gücə qalib gəlir. Bunun əksi olacağı təqdirdə oyun sıxıcı forma alacaq. İstedad mənim üçün hamısından öndə gəlir, üzərində işləməli olduğumuz şey isə oyunçulara niyələri başa salmaqdı. Niyə burada durmalısan? Niyə lazımi anda topa doğru hərəkətlənməlisən? Niyə komanda yoldaşın rəqib müdafiəçiləri özünə çəkir? Hər şeyin bir səbəbi var. 2-6 bitən matçı xatırlayın. Necə oldur ki, Messi xətlər arasında təkbaşına topu qəbul edirdi? Çünki Anri və Eto'o rəqibin mərkəz müdafiəçiləri və cinah müdafiəçilərinin arasında qərarlaşmışdılar. Mərkəz müdafiəçisi irəliyə çıxıb, Messiyə qarşı tədbir görə bilmirdi, çünki düşünürdü ki, Anri ilə Eto'o müdafiə arxasına sızacaq. Qaqo və Lass mənlə İnyestaya nəzarət edirdilər. Nəticədə Leo təklikdə qalmışdı. Bax, üstünlüyü belə yaradırsan. Quardiola və köməkçiləri çox yaxşı təhlil eləmişdilər. Luis Enrike də beləydi. Harada ötürmə verəcəyini, harada üstünlüyə nail olacağını təhlil etməlisən. Hazırda məşqçilər arasında "alternativ" sözü xeyli populyardı. Bəzi məşqçilərin əlində topa necə nəzarət edəcəyini bilən komandalar var və onları oyunu meydançanın rəqibə aid hissəsində oynayırlar. Ancaq eyni zamanda, həmin məşqçilər düşünürlər ki, başqa alternativə də ehtiyac var. Onlar Luis Enrikenin etdiyini və Lopeteqinin etməyi planlaşdırdığı şeyin izindədilər. Yəni komandaları qol vurduqdan sonra yaranan hesab üstünlüyündən istifadə etmək naminə geri - öz tərəflərinə çəkilib, orada paslaşırlar. Nəticədə rəqibi üzərlərinə çəkirlər və müdafiə arxasına atılan ani uzun toplara bel bağlayırlar. Bunun daha təhlükəsiz bir yol olduğunu ehtimal edirlər. İki fərqli şeyi bir-birinə bu formada qarışdırmaq daha təhlükəli deyilmi? Həqiqətən də Luis Enrike bunun öhdəsindən yaxşı gəlirdi, ancaq bu metod mənim xoşuma gəlmir. Təsəvvür elə, Dünya çempionatıdı, Portuqaliyaya qarşı 1:0 üstünlüyün var və irəlidə təzyiq edib, rəqibin arxasındakı boşluqları ifşa etmək əvəzinə, Luis Araqonesin etdiyi kimi, geri addım atırıq. Beləliklə, onlar üzərimizə gəlirlər, pressinq edirlər və sən anı gözləyirsən ki, Dieqo Kostaya birbaşa pas atasan və ya "Barça" versiyası - Suaresə, Neymara uzun top göndərəsən. Luis Enrikenin dövründə bundan istifadə edirdik. O, rəqibi meydançanın bizə aid olan hissəsinə dəvət edirdi ki, pressinq eləsinlər. Kubokda bu formada "Atletiko"ya qol vurmuşduq: Suares özünə pas çıxartmışdı və Ximenesi geridə qoyaraq fərqlənmişdi. Digər bir nümunə - PSJ ilə oyunda Suaresin topu David Luisin ayaqları arasından keçirdikdən sonra vurduğu qol. Komanda halında meydançanın bizə aid olan yarısında idik. Quardiolanın "Barça"sında isə buna təsəvvür belə edə bilməzdin. Məşqçidən asılıdı. Mən şəxsən bu yanaşmanı bəyənmirəm. 89-cu dəqiqədə hesabda 1:0 öndə olsaq belə, topu istəyir, meydançanın rəqibə aid hissəsində özümü rahat hiss edəcəyimi zonanı axtarır, topun nəzarətinin məndə olmasını və hücuma çıxmağı hədəfləyirəm. Özümdən soruşuram: daha yaxşı necə müdafiə oluna bilərəm? Cavab: topu mənə verin. Elə olan halda, rəqib sənə hücum edə bilməz. İlk öncə topu geri qazanmalıdı. Və bunu edirkən, sənin qapından 70-80 m. uzaqdadısa... Məncə, artıq hər şey aydındı. Meydançanın rəqibə aid hissəsində topun səndə olması ən təhlükəsiz variantdı. Buna görə də, "öz yarımızda oynayacağıq" deyən məşqçiləri anlamıram. Nəticədən asılı olmayaraq, hal-hazırda matçın sonuncu dəqiqəsinədək dominatlıq edən tək komanda var, o da "Siti"di.

- Meydançanın özlərinə aid yarısına məhkum olan komandaların irəli- geri getmələri üçün çox qaçmaları gərəklidi. Səncə, bu, İsko, Buskets, İnyesta kimi futbolçulara təsir eləmir?

- Elədi, ancaq məşqçilər yarımmüdafiəçiləri və geniş zona oyunçularını bu tip uzun qaçışlara əvvəlcədən hazırlayırlar. Luis Enrikenin dönəmində fərqli fiziki məşğələlər edərdik. Pako Seyrul-lo bizə 10-15 m.-lik sprintlər qaçırdardı. Spesifik olaraq, yarımmüdafiəçilər və mərkəz müdafiəçilər üçün idi. Simeone oyunçularını arxaya yaslanmaq üçün hazırlaşdırır. Komandanın mövsümöncəsi hazırlıq dönəmləri çox ağır keçir, çünki daim müdafiə olunmaq, zonaları bağlamaq və bir-birlərini sığortalamaq məcburiyyətindədilər. Məşqçi fiziki, texniki və psixoloji baxımdan oynatmaq istədiyi futbola köklənir. Simeone Koke kimi oyunçuları - mənə görə - çox çətin görünən şeyləri etməyə inandıra bilir və onlar bundan zövq alırlar. Komandası topsuz qalan Simeone xoşbəxt görünür - əvəzedicilər skamyasından bunu görə bilirəm. Quardiola isə öz futboluna fokuslanıb: qısa məsafə qaçışlar, hərəkət, canlılıq, arxadan topla çıxmaq... 30 m.lik xüsusi meydançalar quraşdırır. Simeone - əksinə - futbolçularını daha geniş zonada oynamaq üçün hazırlaşdırır...

 

Kapitanla müsahibə

 

Rüfət Məcid

XƏBƏR LENTİ