Mou və Klopp

Sayta qoyulub: 08:42 10.03.2018 (445 dəfə oxunub)

Mou və Klopp

 

2016-da derbi barədə azacıq cızma-qara eləmişdim. Mövzu "Mançester Yunayted" və "Liverpul"dusa, köhnə səhifələrə göz atmağın heç bir qorxusu yoxdu:

"İngiltərə derbisi" ("Liverpul" - "Mançester Yunayted") haqda fikir yürütmək asan deyil. Coğrafiya, musiqi, siyasət, bir az iqtisadi məsələlər, bir az da futbol – hər şeydən az-maz var. Kriptoqrafiyanı da bilsən, pis olmaz, yoxsa “Mançester Siti” forması geyən birinin “Yunayted”ə qol vurduqdan sonra “5” göstərməsini Mersisaydla əlaqələndirmək zamanını alacaq.

İki şəhər düşünün, aralarındakı məsafə 57 km, hərəsinin payına bir “Beatles” (Corc Best), bir Con Lennon (Aleks Ferqyuson) düşür. “Mersey Beat”ə musiqidən uzaq, futbola yaxın adamlarla cavab verməyim bir az qəribə görünür, bilirəm. Qarşı tərəfin notlarla arasının o qədər də yaxşı olmadığına dair təsəvvür yaradır. Əksinə, sadəcə balans naminə idi. “Beatles” pleylistimin olmazsa-olmazlarındandı, amma bəri başdan deyim ki, bu mövzuda hesab “Madchester”in xeyrinədi. Musiqi futbolla müqayisədə etiraf üçün daha münasibdi.

Yuxarıdakı paraqraf, haqqında danışmaqdan ən çox zövq aldığım iki şeyi ehtiva edir. Amma “Liverpul” – “Mançester Yunayted” rəqabətinin tarixçəsi sonadək musiqi və futbol üzərinə yaşananları dəyərləndirməyə imkan verəcək qədər bəsit deyil. Tərəflər arasında qarşıdurmada günümüzün şəklini çizən başqa məsələlər var. Əvvəlcə qısaca rəqabətin necə başlanması barədə, ardından iki-üç maraqlı hekayə olacaq.

Sənaye çevrilişi və sonrasında Mançester başda tekstil olmaqla, istehsalı ilə ön plana çıxırdı. Həmin məhsulların ixracı isə Liverpul limanı vasitəsilə həyata keçirilirdi. Hətta bu iş birliyini möhkəmləndirmək üçün iki şəhəri birləşdirən ilk dəmir yolu da onlar arasında salınmışdı. London hegemoniyasına son qoymaq olardı, amma Liverpul və Mançester bir-birinə qarşı çıxmağı seçdi. Zaman keçdikcə iqtisadi böhran yaşanmağa başladı. Skausların satış qiymətlərini süni olaraq qaldırdıqlarını iddia edən mankunyanlar günahı onlarda görür və israrla özlərinə məxsus yeni kanalın açılmasını tələb edirdilər. Uzun müddət liverpullular tərəfindən əleyhinə propaqanda aparılmasına baxmayaraq, 19-cu əsrin sonlarına yaxın layihə reallaşdı. Mançester kanalının istifadəyə verilməsindən sonra Liverpul limanı önəmini itirməyə başladı. Mançesterin ticarətə, pula qucaq açdığı bir dövrdə skauslar iqtisadi tənəzzülə doğru yol almışdılar. Bir çox mənbələrdə Mançester kanalının açılması rəqabəti başladan əsas səbəb qismində göstərilir.


Bir şeyi əvvəlcədən dəqiqləşdirək: "şimal-qərb derbisi" və ya başqa adla "İngiltərə derbisi" bir "Old Firm" qədər şiddətli deyil, olmayıb da.. "Liverpul" və "Yunayted" arasındakı antipatiyanın da bir həddi var. Amma bu rəqabətin illər keçdikcə daha da artması danılmaz faktdı. 90-lardan əvvəl baş verən və tərəflər arasındakı xoş münasibəti əks etdirən bəzi hadisələr var ki, indi onlara imkansız gözü ilə baxılır. Məsələn, 60-70-ci illərdə "Yunayted" futbolçuları oyunları olmadığı zamanlarda "Ənfild"də "Liverpul"un matçlarını izləyirmişlər, həmçinin qarşı tərəfi tez-tez "Old Trafford"da görmək mümkün idi. Nə dava, nə savaş, sadəcə arada azarkeşlərlə aralarında mini atışmalar olarmış. 1965-ci ildə "Liverpul" FA Kubokunun qalibi olanda matçı stadiondan izləyənlərin sırasında Denis Lou və Noel Kantvell də var imiş. Hətta oyundan sonra Billi Şenkliyə təbrik teleqramı da göndərmişdilər. O dövrdə futbolçular arasında münasibətlər tez-tez bir-birlərinin evində qalacaq qədər yaxşı idi - mediaya rəğmən. "Yunayted"in "Old Trafford"da oynamasına icazə verilməyəndə mankunyanlara qapı açan ilk klub da "Liverpul"dan başqa biri deyildi. Sıranı çox böyütmək olar: Münhen qəzasından sonra "Liverpul"un oyunçu təklif etməsi, "Mançester Yunayted"in Hillsboro faciəsinin ardından verdiyi dəstək, "Liverpul"u Avropa Kubokunun finalına xüsusi bəstələrlə yola salmaları və s.

Amma gəlin etiraf edək ki, atışmaların yeri bir başqa olur. Son olaraq, matçöncəsi onlardan ikisi haqda danışacam. 70-lər varsa-yoxsa "Liverpul" idi. Hətta o dövrdə zarafatla deyirdilər ki, Tanrı da mersisaydlılara azarkeşlik edir. Əlqərəz, 1978-də Avropa kubokunun (indiki Çempionlar Liqası) finalında “Liverpul” “Brügge” ilə qarşılaşacaqdı. Həmin ərəfələrdə, Mançesterdə fəaliyyət göstərən Qranada TV-nin, hər cümləsində "Yunayted" azarkeşi olduğunu büruzə verən aparıcısı Toni Vilson “Brügge” şərfi ilə efirə çıxır. "Liverpul" fanatlarının cavabı daha da maraqlıdı. Deməli, illər sonra bir gün Qranada TV-yə zəng gəlir və mersisaydlı polis əməkdaşı Toninin itən avtomobilinin Liverpulda tapıldığını bildirir. Toni Vilson dərhal qatarla Liverpula yollanır, avtomobilini tapır və geri qayıdır. Üstündən bir neçə saat keçmiş, günortadan sonra yenidən həmin polis kanala zəng edir: “Cənab Vilsona maşınının hələ də həmin yerdə olduğunu deyə bilərsinizmi?” Sən demə, skauslar Vilsonun avtomobilini ikinci dəfə oğurlayıb və eyni yerə park ediblər. Toni Vilson məcburiyyətdən bir gün ərzində iki dəfə Mançester-Liverpul arası yol qət etməli olur.

Digər biri - 1992-ci ilin aprelində “Ənfild”də oynanılan və “Liverpul”un qələbəsi ilə yekunlaşan matç "Yunayted"i çempionluqdan eləmişdi. O zaman “Liverpul”lular belə bir pankart açmışdılar: "Gedin 18-ə çatın, onda gəlib "Ooh aah, Kantona" bəstəsini oxuyarsız". Cavab düz 17 il sonra gəldi - 2009-cu ildə "Mançester Yunayted" 18-ci dəfə ölkə çempionu olub titullarının sayını "Liverpul"la eyniləşdirəndə mankunyanların açdığı pankartda yazılmışdı: "18-ə çatanda qayıdarsız demişdiz. Biz də qayıtdıq".

Rəqabət onların kimliyini müəyyənləşdirir. Nə ayrı-ayrılıqda olur, nə də birlikdə - burada U2-nun "With or without you"suna keçid fazası da ola bilərdi. Ümid edirəm ki, "şimal-qərb derbisi" ən qısa müddətdə yenidən 90-ları andıracaq. Heyət əsl skauslar və mankunyanlardan qurulmadıqca tam kefi çıxmır. Rəşfordla da göz doymur. "İngiltərə derbisi"nin, məşqçi xarizması ilə kütlə cəlb edən, adından daha çox söz etdirməyə başlayan (bu mövsümdən söhbət gedir) "Mançester derbisi"nin kölgəsində qalmaması ümidi ilə...

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ