"Azərbaycan çempionatında nadir oyunlarda 5 qol vurulur" - Kiril Petrov

Sayta qoyulub: 08:24 10.03.2018 (120 dəfə oxunub)

“Neftçi”nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqanın 19-cu turunda “Keşlə” üzərində qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Ukraynalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Bugünkü qələbə bizə çox çətinliklə başa gəldi. Amma əminəm ki, tamaşaçılar maraqlı oyun izlədilər.

- 5 qol vurulsa da, oyun gözlənildiyi kimi baxımlı alınmadı. Hər iki komanda çoxlu səhv etdi.

- Deməzdim ki, səhvlər çox oldu. Amma istənilən halda bu da oyunun bir parçasıdır. İnanmıram ki, bu gün stadiona gələn azarkeşlərin hər biri oyunun baxımlı keçmədiyini söyləsinlər. Çünki oyunda qollar çoxdursa, deməli, gözəl alınıb. Gəlin razılaşaq ki, bu gün Azərbaycan çempionatında nadir oyunlarda 5 qol vurulur. 

- Yaxşı nəticələr komandadakı atmosferə təsir edir?

- Komandada atmosfer pis deyil. Oyundan-oyuna öz çıxışımızı yaxşılaşdırırıq. Baxımlı və keyfiyyətli oyun göstəririk. Baş məşqçi nə tələb edirsə, meydanda onu icra etməyə çalışrıq. Vaxt keçdikcə azarkeş daha yaxşı oyun görəcəklər.

- "Səbail” – "Sumqayıt” oyununda kimə azarkeşlik edəcəksiniz?

- Baxımlı oyuna. 
 
- Orada çətin ki, baxımlı oyun olsun...

- Bu komandalarda mənə yaxın insan yoxdur. Ona görə də yaxşı futbola azarkeşlik edəcəyəm.
 
- Bəs turnir cədvəlindəki vəziyyət önəmli deyil?

- Ümid edək ki, "Səbail” "Sumqayıt”da xal alacaq və biz Avropa Liqasına vəsiqə verən pilləyə yaxınlaşacağıq.

- Rəşad Sadiqovun 3 oyunluq cəzası başa çatdı. Bu amil sizin start heyətinə düşməyinizə təsir göstərə bilər?

- Məşqlərdə işləyirəm və işimlə özümü sübut etməyə çalışıram. Heyətlə bağlı qərarı baş məşqçi verir. Bu sualı baş məşqçiyə vermək lazımdır.

XƏBƏR LENTİ