Volkan Üstün “adamları”

Sayta qoyulub: 09:42 08.03.2018 (165 dəfə oxunub)

Baş katib bizdən şikayətçidi. AFFA-nın “şinelindən” çıxan, Elxan Məmmədovun dostları sayılan kadrların bir-bir klublara təhkim olunmasına susmadığımıza görə. Biz danışmamalıyıq, cənab Məmmədov da öz kadrlarını irəli çəkməyində olmalıdı. Maşallah, bir deyillər, beş deyirlər. Baş katibin əməlli-başlı “kadr ordusu” varmış. Özü də deyir ki, məsələ onunla bağlı deyil. Ətrafındakı adamlar o qədər keyfiyyətli, bacarıqlı, öz işini biləndi ki, vakant posta təyin etməyə kadr axtaran iş yeri sahibləri özləri onları tapırlar. Elxan Məmmədov sadəcə, məsləhət verir.


Elnur Məmmədovu “Neftçi”yə ondan xəbərsiz gətirmişdilər. Kamran Quliyev də AFFA-nı “Sumqayıt”a baş katibin gözündən yayınaraq dəyişmişdi. Orxan Hüseynzadənin AFFA-da işləməsi, sonra “Neftçi”də peyda olması da cənab Məmmədovun iradəsindən kənarda baş verib. Elə həmin Hüseynzadənin qəfildən şəxsi işlərinin çoxalması və “Neftçi”dən ayrılması, bir saat sonra Kamran Quliyevin də eyni fikrə düşüb “Sumqayıt”ı tərk etməsi Elxan Məmmədovun düzüb-qoşduğu ssenari deyil. Adama böhtan atmayın. O neynəsin ki, Kamran bəy cəmi bir saat işsiz qaldı? “Neftçi”yə prezident axtaran klub rəhbərləri Quliyevin boşda olmasından xəbər tutdular və “xalq komandası”nı “kurirovat” eləməyi ona tapşırdılar.


Adamın başının üstündə Allah var. Bunların heç biri əvvəlcədən razılaşdırılmayıb, eyni mərkəzdən idarə olunmayıb. Bakı Olimpiya Stadionuna direktor axtarırmışlar və Cavid Qarayev adlı dəyərli kadr haqqında eşidiblər. Qarayevi Elxan Məmmədov ora göndərməyib. Zaur Hacı-Məhərrəmov adlı AFFA əməkdaşını da “Sumqayıt”a ezam etməyə çalışan baş katib olmayıb. Sonradan onunla bağlı fikrini dəyişib, şəkili dostunu Lisenziyalaşdırma Qrupuna calayan başqa adamdı. Dağ boyda Muxtar Babayevin rəhbərlik etdiyi Müşahidə Şurası ola-ola “Sumqayıt”a mütləq AFFA-dan kimisə prezident göndərmək lazım olduğunu düşünən, buna görə gecə-gündüz planlar cızan kimdi? Həmin adam hər kimdisə, “milliləşdirməyə” futbolçu axtarmaqla məşhurlaşan Riad Rəfiyevin “yaxşı kadr” olduğuna Rövnəq Abdullayevi inandıran baş katib deyil. Biz aydan arı, sudan duru adama böhtan atırıq.


Məncə də cənab Məmmədov haqlıdı. Bu cür söz-söhbətlərdə onun adını hallandırmamalıyıq. Amma onun da insafı olsun. Bu boyda həngaməyə bizi inandırmaq, əsl həqiqəti gizlətmək üçün daha tutarlı arqument fikirləşmək lazımdı. Son konfransda dedikləri işə yaramır. Diqqət edin: “CBC Sport”un işçisi bu yaxınlarda kluba getdi, amma ona “Volkan Üstün adamı” demirlər. Bizdən olanda yazırlar  ki, AFFA-nın işçisi kluba getdi”. Gülünc müqayisədi, cənab baş katib. Kluba gedənlər deyəndə yəqin ki, Emin Abbasovla Gündüz Abbaszadəni nəzərdə tutursuz. Volkan Üst bu adamları özləri ilə birlikdə Türkiyədən gətirməyib. Hər ikisi “CBC Sport”da çalışmazdən əvvəl həm idman mətbuatında, həm də klublarda iş təcrübəsinə malik olublar. Sizin kadrlarınızın isə futbol sahəsində sizdən ayrı heç bir fəaliyyəti bizə məlum deyil. 


Deyəsən, mən də səhvə yol verdim. Axı, onların heç sizinlə birlikdə də bir normal fəaliyyətlərini görməmişik. Siz və dostlarınız şəxsi mənafeyiniz üçün yox, Azərbaycan futbolu üçün nə etmisiz?

 

 

Amal Abuşov

 

 

XƏBƏR LENTİ