Ceyhun Sultanov: "Tərlan Əhmədov bəyənsə, müqavilə bağlanacaq"

Sayta qoyulub: 13:38 21.02.2018 (111 dəfə oxunub)

Ceyhun Sultanov: "Tərlan Əhmədov bəyənsə, müqavilə bağlanacaq"

 

"Seçimə indidən başlamaq lazımdır. Komandanı formalaşdırmaq üçün qarşımda 3 ay vaxt var. Çalışacağam ki, bu 3 ay ərzində hansısa ölkələrdən mənə təklif olunan futbolçuları 3 gözümlə görüm. Ondan sonra isə qərarlarımı verəcəyəm".

Bunu "Neftçi"nin yeni idman direktoru Ceyhun Sultanov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Gənc mütəxəssis bildirib ki, futbolçu seçimi zamanı ehtiyac olsa, baş məşqçini də özü ilə aparacaq ki, o da özü futbolçunu görüb seçə bilsin. C.Sultanov kluba videogörüntülərə əsasən futbolçu seçməyi doğru hesab etmədiyini vurğulayıb: "Kim seçirsə, komandası pis vəziyyətə düşür. Futbolçu şəxsən görülməlidir. Oyunçunun son durumu mənə maraqlıdır. Bundan öncəki durumu önəm kəsb etmir".

Yeni idman direktoru "Neftçi"də bir çox mövqelərdə problemlərin olduğunu deyib: "Əsas heyətə düşən 11 futbolçunun hamısın qazanmaq lazımdır. Maya qədər vaxtımız var. Nə qədər danışsaq da, 11 nəfər meydanda mübarizə aparır. O oyunçuları qazanmalıyıq. İstəyirik ki, 3 ay ərzində nəyəsə nail olaq. Baş cür mümkün deyil".

C.Sultanov bu təyinatadək menecer vəzifəsində çalışdığı "Sumqayıt"dan "Neftçi"yə futbolçu transferlərinin mümkünlüyünü istisna etməyib: "Gələcəkdə hər şey ola bilər. Biz 3 ay gözləməliyik ki, o futbolçular "Sumqayıt"da daha yaxşı səviyyədə olsunlar. Bu, heç kimə sirr deyil: Bir neçə futbolçu var ki, onları "Neftçi"yə cəlb etməyi planlaşdırırıq. Amma ən birincisi, baş məşqçi ilə razılaşmaq lazımdır. Onun razılığı vacibdir. Nəinki "Sumqayıt"da həvəskar klubda da çalışsaq, baş məşqçinin razılığı olmadan komandaya futbolçu cəlb edə bilmərik".

"Neftçi" rəsmisi yalnız baş məşqçi Tərlan Əhmadovun müsbət rəy verəcəyi oyunçuların komandaya cəlb olunacağını da əlavə edib: "Bu gün sizə bir futbolçunun adın söyləyək, 3 ay ərzində həmin futbolçunun çıxışında eniş olsa, necə olacaq? Baş məşqçiyə futbolçuların siyahısını təqdim edəcəyik. O isə baxacaq. Mən özüm də o futbolçuya baxıb, onun keyfiyyətlərini Tərlan müəllimin qarşısına qoyacam. Baş məşqçi isə bəyənsə, həmin futbolçu ilə müqavilə bağlanacaq. Heç bir insan bura hansısa futbolçunu ata bilməz. Bu, heç kimin ağlına gəlməyəcək. Belə hallar olmayacaq, ola da bilməz! Çünki futbol bunu tələb edir. Baş məşqçimizin bəyəndiyi oyunçular burada olacaq".

XƏBƏR LENTİ