Karlo Ançelottinin istəyi

Sayta qoyulub: 08:40 16.02.2018 (768 dəfə oxunub)

Karlo Ançelottinin istəyi

 

Karlo Ançelottinin İstanbul-2005-dən sonra futbolla bağlı ən böyük istəyi, "Liverpul"a qarşı yenidən ÇL finalı oynamaq olub, hətta vaxt tapdıqca, mersisaydlıların matçlarını izləyib, onlara dəstək olurmuş ki, finala yüksəlsinlər. Bildiyiniz kimi, Karlo 2007-ci ildə istədiyini əldə etmişdi.

İndi isə, "Liverpul" İstanbulda 0:3-dən geri dönərkən, "Milan"ın baş məşqçisi Karlo Ançelotti nə hisslər keçirirdi - bu barədə, öz qələmindən:

"O gecə - 25 may 2005-ci il, İstanbul, Atatürk adına stadion... Deyib-güldüyümüz, sevincək olduğumuz fasilələrdən biri idi. Bunun üçün kifayət qədər səbəbimiz var idi: Çempionlar Liqasının final matçının ilk hissəsi bitmişdi, "Liverpul" qarşısında 3:0 öndə idik və qüsursuz futbol oynayırdıq. Sadəcə əlavə 45 dəqiqəyə ehtiyacımız var idi, sonra zirvədə olacaqdıq - Avropanın ən yaxşısı qismində. Bəlkə, indidən kuboku bizə verəsiz, onu özümüzlə evə aparmalıyıq. Hə, bir də yemək üçün məkan hazırlayın, axı "yeni sevgilimiz" yanımızda olacaq. Futbolçular yüksək səslə bir-birlərini inandırmağa çalışırdılar: "Qələbəyə yaxınıq"; "İrəli, bir şey qalmayıb"; "Qalib gəlmək üzrəyik".

Alqış alqış dalınca, əylənirdik. Yox, cücələri saymağa başlamamışdıq, sadəcə, həyəcanlıydıq - pozitiv enerjinin təsirindən idi. Oynamadıqları üçün tribunaya göndərdiyim futbolçular, yandakı soyunub-geyinmə otağında paltarlarının altına çempionluq köynəklərini geyinirdilər. Çempionluq... - qazanılmamış çempionluq.

Normal olaraq, ab-hava əla idi. "Milan" şampanı haqq etmişdi. Mən də, sadəcə bir neçə dəqiqəliyinə, komandanın hisslərini izhar etməsinə izin verdim. Sonra isə onlardan sakitləşmələrini istədim: "Qulaq asın, britaniyalılar sona qədər oynayırlar, odu ki, diqqətli olun. İkinci hissənin başlarında nəzarəti ələ keçirmələrinə izin verməyək. Dağıla bilmərik, dağılmamalıyıq. Topa və oyuna nəzarət etməyə davam edin. İrəli, "Milan". Nə artıq, nə əskik - fasilədəki çıxışım bundan ibarət idi.

Həmin gün "Liverpul" matça bir hücumçu - Baroş - ilə başlamışdı. Bu səbəbdən də ikinci hissənin əvvəlində Sissenin meydana çıxacağını gözləyirdim, ancaq bu, baş vermədi. Rafa Benites qeyri-adi gedişlərə əl atırdı. Əslində, ikinci hissənin başlarında da hər şey bizim üçün əla gedirdi; hesabı 4:0 etməyə yaxın idik. Sonra - birdən gözlənilməz şeylər baş verdi: 6 dəqiqə müddətinə qaranlıq çökdü. Mümkünsüz görünən mümkün oldu. "Mümkünsüz heç nə yoxdu" - sırf o gecə baş verənlərə görə bu şüara nifrət edirəm. Dünya bizim üçün tərsinə dönmüşdü. Qolumdakı saatın əqrəbləri tərs istiqamətdə fırlanırdı: xanımlar və cənablar, fəlakət vaxtıdı. İngilis bukmeykerlərin xəyallarını süsləyirdik. O gecə özümüzə qarşı pul qoyuluşu etsəydik, inanın, bəlkə də indi, olduğumuzdan daha zəngin idik. 3:1, 3:2, 3:3 - inana bilmirdim. Bu necə ola bilər axı?! İflic olmuşdum, baş verənlərə reaksiya verməyə zamanım belə olmadı. Alt-üst olmuşdum, artıq heç bir şey məna ifadə etmirdi. Sadəcə 360 saniyə ərzində matçın gedişatı 180 dərəcə dəyişmişdi. Hər şey tərsinə dönmüşdü - insafsız və fasiləsiz tənəzzül... Lampoçka xarab olmuş, işıq yanmırdı və lampoçkanı yenisiylə əvəzləməyə zaman yox idi. Hadisələr sürətli şəkildə cərəyan edirdi; sığınacaq tapmağımız üçün belə, şans yox idi. Mükəmməl mexanizm ağzı üstdə yerə çırpılmaq üzrəydi. Bərpası mümkün deyildi. İnanılmazdı, amma həqiqətdi.

İnsanlar tez-tez məndən, "Liverpul" matçını unutmağa çalışdığım zamanlarda nələri düşündüyümü soruşurlar. Cavab sadədi: heç nə - sıfır. Beynim mükəmməl vakuum idi. Fikrimi toplamaq üçün əlimdən gələnin ən yaxşısını edirdim.

Matç əlavə vaxta getdi və nəhayət, biz özümüz kimi - hansı ki, hələ də "Liverpul"u udacağımıza və udmalı olduğumuza inanırdıq - oynamağa başladıq. İçimdə bir yerlərdə də olsa, bu çətin missiyanın üzərindən gələcəyimizə dair ümid qalmışdı - Dudekin o möcüzəvi qurtarışına qədər. Andrey topu başıyla qapıya doğru göndərdi, artıq qələbəni qeyd etməyə hazırlaşırdıq, necə oldu bilmirəm, ancaq qolkiper topu dəf etdi. Ardından Andrey bir də zərbə endirdi, Dudek yenə komandasını qoldan xilas etdi - küncdən zərbə. Off, bax, o epizoddan sonra kabuslar görməyə başladım. Beynim funskiyalarını bərpa etdikdən sonra isə fikrimi topladım: işlər pisə doğru gedir.

Bu arada, penalti zərbələri qalibi müəyyənləşdirəcəkdi. Oyunçularımın gözlərinin içinə baxdım, nələrinsə qaydasında olmadığını anladım. Baş verənlərin təsirindən çıxa bilmirdilər. Penalti nöqtəsinə yaxınlaşan biri üçün, bu, o qədər də yaxşı bir şey deyil. Həmin anlarda artıq işimizin bitdiyini anlamışdım. Mançesterdə "Yuventus"lə oynadığımız matçdan fərqli olaraq, həmin gecə penaltini yerinə yetirəcək futbolçular bu işin bacaranları idilər: Serjinyu, Pirlo, Tomasson, Kaka, Şevçenko. Penalti zərbələri zamanı Dudekin diqqətimizi dağıtmaq üçün rəqs etdiyini görəndə, "Roma"da oynayanda, 11 metrlik zərbələr sonunda "Liverpul"a uduzduğumuz final (1984, Avropa kuboku) yadıma düşdü. O zaman Qrobbelar qapı xəttində etdiyi göbək rəqsi ilə rəqqasələri geridə qoymuşdu. Dudeklə aralarında elə də böyük fərq yox idi. Oyundan sonra - paltardəyişmə otağında deyəcək bir şeyim yox idi: "Mənəvi baxımdan, biz bu matçın qalibiyik. Əlimizdən gələnin ən yaxşısını etsək, bir gün yenidən əlimizə belə bir şans düşə bilər..."

O gündən sonra "Liverpul"la final matçını heç izləməmişəm və sizi əmin edə bilərəm ki, heç vaxt da izləməyəcəm. Buna ehtiyac görmürəm. İndi isə "İstanbul faciəsi" ilə digər uğursuzluqlar arasında fərq qoymuram. Artıq depressiyadan əsər-əlamət yoxdu..."

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ