Güləşçilərin Azərbaycan çempionatı keçiriləcək

Sayta qoyulub: 19:15 13.02.2018 (204 dəfə oxunub)

Fevralın 20-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürəcək.
 
Çempionatın keçirilməsi yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmə və gənclərdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
 
Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarət olub. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilib. Nümayəndəliklər üzrə keçirilən seçim yarışlarında ümumilikdə 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb və ayrılmış saya uyğun olaraq Azərbaycan çempionatında iştiraka vəsiqələr qazanılıb.
 
Çempionatın proqramına əsasən, 20-21 fevralda yeniyetmələr, 22-23 fevralda isə gənclər arasında yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək. Yeniyetmələrin yarışında 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər. Çempionatda ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.

XƏBƏR LENTİ