Rinus Mixels - 90

Sayta qoyulub: 07:41 10.02.2018 (591 dəfə oxunub)

Rinus Mixels - 90

 

 

Başdan-sona ilk izlədiyim böyük turnir Avro-2000 idi. Yaş etibarı ilə DÇ-1998-ə yetişə bilməmişdim, sadəcə, atamgil izləyərkən, mənim də 3-4 matça təsadüfən tamaşa etmişliyim xatirimdədi. Sovet dönəmindən qalma bəzi kitablar var idi, rəfləri qarışdırarkən tapmışdım, onlardan köhnə çempionatların hekayələrini oxuyub, keçmişdə baş verənləri öyrənirdim. Hardasa 14-15 yaşda isə internetin köməkliyiylə ötən çempionatlarda oynanılmış matçlardan bəzilərini tam izləmək imkanım oldu. Əlimə ilk belə fürsət düşəndə, 1974-ün Hollandiyası ilə sıralamaya başlamışdım - kitablardakı təsvirin təsirindən. İlk baxdığım videoyazı da Hollandiya-Uruqvay oyunu idi. Rəqib öz yarımmeydançasından hücuma cəhd edərkən, hollandiyalıların bir neçə saniyə ərzində, demək olar ki, komanda halında irəli şığımasını, rəqibin anidən ofsayda düşməsini anlaya bilmirdim. Üstəlik, əksər hallarda bütün bunlar aşağı-yuxarı mərkəz xəttin 20-30 m gerisində - hollandiyalıların qapısına tərəf - baş verirdi. Hər halda, daha öncə elə bir şeylə qarşılaşmadığımdan, qəribə reaksiya verirdim.

 

Rinus Mixelslə ilk tanışlığım, sonradan bu mövzuyla bağlı apardığım mini-araşdırmadan başladı. Bu gün, tarixin gördüyü ən yaxşı məşqçilərdən olan Rinus Mixelsin 90-cı yaş günüdü. Bəhanəmiz var, odu ki, məni ilk izlədikdə təəccübləndirən, Mixels futbolunun olmazsa-olmazlarından ofsayd tələsinə aparacaq hekayəni - həmin araşdırmanı da bu günə sığışdıra bilərik.

 

Futbol ada üzərindən dünyaya yol tapmağa başlayanda ən yayğın ideya iləriyə doğru oynanılan uzun toplar idi. Zaman ötdükcə, Şotlandiya, spesifikləşdirsək, "Kuins Park" klubunun timsalında, təməlində ötürmələr zənciri olan futbolun da bir alternativ ola biləcəyi ortaya çıxdı. İllər ərzində müxtəlif sistemlər/formasiyalar bir-birini izləməyə davam edirdi. Əksər axınların başında ingilis mütəxəssislər olsa da, konservativ İngiltərə özü yerində addımlayırdı. Qeyd etdiyim başbilənlər isə ideyalarının tətbiqi üçün, "idealist" damğası yemədikləri ölkələrə üz tuturdular. İngiltərə kimi, futbol baxımından yerində sayan bir başqa ölkə isə Hollandiya idi. Hələ ötən əsrin 50-ci illərində belə, 2-3-5 hollandlar üçün favorit sistem idi.

 

Yalnız, adadan kənara üz tutan, keçmişində futbolçu kimi, Artur Rou ilə birlikdə "Tottenhem"də Peter MakVilyam məktəbi keçmiş və adlarını sadalıdıqlarım kimi, topa sahib olmaq təməlli futbolun qələbə üçün ən münasib yol olduğuna inanan Vik Bakinqemin "Ayaks"a baş məşqçi təyin olunmasından sonra gedişat yaxşıya doğru dəyişdi. Həmin sıralarda isə holland futbolunu daha da irəli aparacaq adam - futbolçu karyerasını bitirmiş Rinus Mixels Amsterdam İdman Akademiyasında təhsil alır, Bakinqemi əvəzləmək üçün vədə gözləyirdi. Bu, Vikin ikinci "Ayaks" macərasından sonra reallaşacaqdı. Mixelsin, "Ayaks"ın başına keçdikdən sonrakı ilk radikal dəyişikliyi Bakinqemin dönəmindən qalma W-M sistemini, irəli xəttində Krayf, Svart, Kayzer və Qrotun olduğu 4-2-4 ilə əvəzləmək oldu. Yalnız 70-ci illərin başında Mixels, 4 hücumçu ilə topu itirdikdən sonra onu cəld - yenidən qazamağın çətin olduğunu dərk etdi, ki bu, o dövr üçün belə, kifayət qədər gec alınmış qərar idi. Nəticədə 4-2-4-ü 4-3-3 ilə əvəzlədi. Hücum planında daha aqressiv olmaq üçün isə, libero Velibor Vasoviç irəli çıxıb, ortanı dördləyirdi, sistem 3-4-3 formasını alırdı. Məhz elə Vasoviçin Mixelslə taktika üzərinə olan ənənəvi söhbətlərindən birində, məşqçi ofsayd tələsini intensiv istifadə etmək qərarını qətiləşdirmişdi.

 

Total futbolun təməl prinsipi sadədi: top səndədisə, meydanı genişlət, rəqibə keçdisə, meydanı daralt/zona vermə. Ofsayd tələsi də bu konseptə kifayət qədər uyğun gəlirdi. Lakin o dönəm üçün, müdafiəçilərin ofsayd xəttini formalaşdırmaq naminə o qədər irəli çıxmasına rastlamaq, demək olar ki, mümkünsüz idi. İlk başlarda bu addım normal qarşılanmır, təbii, ilkin eksperimentlərin bəzilərində yol verilən xırda səhvlər tənqidləri də bərabərində gətirirdi. İşin ironik tərəfi: Mixels ofsayd tələsinin funksiyalarını meydanı daraldıb, topu yenidən bu yolla qazanmaqla limitləmir, sonrasında sərbəst zərbə yerinə yetirilərkən, futbolçularından, rəqib say azlığında olduğu üçün dərhal irəli oynamalarını istəyirdi. Yəni həm də növbəti gedişi fikirləşirdi. Başda Cənubi Amerika nəhəngləri - Argentina və Braziliya olmaqla, digər ölkələrdə süni ofsayd xəttinin yaradılması axmaqca/riskli addım kimi qələmə verilirdi. Yohan Krayfa görə isə, hollandlar geniş zonada braziliyalılar və argentinalılar qədər istedadlı deyildilər, ona görə də bu, məcburi idi.

 

DÇ-1974-də isə, mənim təəccübümə səbəb olan, mərkəzdən hollandların qapısına tərəf cəmi 20-30 m.-lik dar zonada oyunçuların komanda halında birdən-birə önə şığıması və rəqibi ofsayda salması fəndi artıq avtomatik hal almışdı. Mixels bunu illərcə davam edən məşğələlərin sonunda formalaşmış instinktlə əlaqələndirirdi. Daha da dəqiq - vərdiş futbolu. Müxtəlif zona oyunçularının lateral olaraq yerdəyişməsi o dövr üçün o qədər də yeni bir şey deyildi, ancaq komanda halında vertikal yerdəyişmələr ilk Mixelsin "Ayaks"ı və Hollandiyası ilə xarakterizə olunur. Elə burdan ofsayd tələsinin onlar üçün niyə sadə bir gediş olduğunu anlaya bilərsiz. Sözümə qüvvət, Ari Hanın bir açıqlaması var, deyir, vertikal yerdəyişmələrə, irəliyə doğru hərəkətə keçməyə o qədər öyrəşmişdik ki, artıq meydanda gördüyünüz o ofsayd yaratmaq cəhdlərini düşünmədən edirdik, sanki bu, elə belə də olmalıydı.

Ofsayd tələsini aktiv şəkildə istifadə edərək meydanı daraldan bir digər dahi isə, aşağı-yuxarı Mixelslə eyni illərdə dünya futbolunda inqilab edən Valeri Lobanovskidən başqası deyildi...

 

 

 

Rüfət Məcid

XƏBƏR LENTİ