Əlini bayrağımdan çək, Axundov!

Sayta qoyulub: 10:19 09.02.2018 (239 dəfə oxunub)

Azərbaycanın futzal üzrə yığma komandası Portuqaliya ilə oyunda darmadağın oldu, hamımızın üzünü qızartdı. Üzrlü sayın, mənim bu komandaya milli deməyə dilim gəlmir. Heyətə candərdi, say doldurmaq və gözdən pərdə asmaq üçün dəvət almış, vaxtlarını əsasən ehtiyat oyunçular skamyasında keçirən azərbaycanlılara hörmətimə rəğmən, bunu deməliyəm.
 
Bu komanda milli deyil, yığmadı. Hətta yığılma komanda. Sovet vaxtının adamları yaxşı xatırlayır. Köhnə maşınları bir-neçə avtomobilin ehtiyat hissələri ilə təmir edirdilər, sürməyə başlayırdılar. Belə maşınlar hər nə qədər baxımlı olsaydı, problemsiz sürülsəydi də, adındakı damğanı təmizləməzdilər. Bəli, adına "yığılma maşın” deyib, kinayə edərdilər. Zaur Axundovun AFFA-nın xeyir-duası ilə Azərbaycan millisinin formasını geyindirdiyi komanda da məhz belədi.
 
Ürəkağrıdan məsələ təkcə komandanın Portuqaliyaya 1:8 hesabıyla uduzması deyil. Başa düşən, ürəyində bu vətənə və bu millətə sevgi gəzdirən adama bizim bu cür alçaldıcı hesabla yenilgiyə braziliyalıların iştirakıyla məruz qalmağımız, onların ayağının altına bir ətək pul səpə-səpə uduzmağımız daha çox təsir edir, ağır gəlir. Kimlər üçün üçünsə Azərbaycan millisinin formasının əcnəbilərə verilməsinin heç bir isti-soyuğu olmasa belə, biz bu dərdi ürəyimizdə daşıyırıq.
 
Daha bir qanqaraldıcı məqam Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun davranışları idi. Adam bütün dünyanın gözü qarşısında bizi rəzil etdi. Adicə oyun epizodundan yaranan mübahisəyə qarışdı, rəqib futbolçunu sinəsindən itələdi. Kənardakıların müdaxiləsi olmasaydı, onu ayağının altına salıb təpikləyərdi də. Öz aləmində də bununla portuqaliyalılardan alçaldıcı məğlubiyyətin qisasını alacaqdı. Görün, bizi hansı günlərə salıblar, mötəbər yarışlarda, böyük idman arenalarında Azərbaycanı hansı təfəkkürə sahib adamlar necə təmsil edirlər.
 
Amma bütün bu biabırçılıqların memarı, rəzalətin əsas səbəbkarı olan Zaur Axundov ayıbları ilə kifayətlənmək, günahını boynuna alıb, susmaq niyyətində deyil. Danışır və danışdıqca da özünü batırmaqda davam edir. Sanki heç bir qəbahətə yol verməyib. Federasiya prezidentinin son müsahibəsindən bir sitata diqqət edin: "Lazım gəlsə, Azərbaycan bayrağının yüksəldilməsi və himnimizin səsləndirilməsi üçün yığma komandada hindular və çukçalar da oynayacaq. Komandada kimin oynamasından asılı olmayaraq, tarixdə nəticə qalır”.
 
Səhv edirsiz, cənab Axundov. Tarixdə sizin Azərbaycan futzalını necə məhv etməyiniz, azərbaycanlı balalarını ölkədən perik salıb, braziliyalılara qucaq açmağınız qalacaq. Yalançı uğurunuz, aldadıcı və ötəri nəticələriniz heç kimin yadına düşməyəcək. Azərbaycan xalqının yetərincə dəyərli və istedadlı övladları var ki, onlar bayrağımızı da yüksəltməyə, himnimizi də səsləndirməyə də hazırdılar. Yetər ki, siz bizim bayrağımızdan əlinizi çəkin, himnimizi və millimizi rahat buraxın. Gedin "Keşlə”nin bayrağını kimin əliylə yüksəltmək istəyirsizsə, yüksəldin. Milli komanda ilə belə davranmağa ixtiyarınız yoxdu. Bizi hinduların və çukçaların ayağına verməyin!
 

Amal ABUŞOV

XƏBƏR LENTİ