Mahir Şükürov "Karşıyaka"ya güzəştə getdi

Sayta qoyulub: 14:54 06.02.2018 (265 dəfə oxunub)

Türkiyənin “Karşıyaka” klubu azərbaycanlı sabiq futbolçusu Mahir Şükürovla problemini yoluna qoyub. Azərbaycan yığmasının sabiq müdafiəçisinin İzmir klubu ilə yollarını ayırmasından illər keçsə də, sözügedən komanda bu oyunçuya olan borcunu ödəyə bilmirdi.

2-ci Liqada çıxış edən və maliyyə böhranı yaşayan bu klub illərdi həyatda qalmaq üçün çalışır. Xüsusilə də keçmiş futbolçulara olan borclar səbəbindən hər an kluba ciddi sanksiyalar tətbiq oluna bilər. İzmir təmsilçisinin aktivindən xallarının silinməsi təhlükəsi vardı. Məhz bu səbəbdən xeyli müddətdi kluba transfer qadağası da tətbiq olunmaqdadı.

Lakin Türkiyə mətbuatının son məlumatlarına görə, “Karşıyaka” artıq Mahirlə anlaşıb. Klubun vitse-prezidenti Gökhan Şensan jurnalistlərə açıqlamasında bildirib ki, təxminən 1,5 milyon lirə alacağı olan Mahiri İzmirə dəvət ediblər və qarşılıqlı razılıq əldə ediblər:

“Şükürov alacağının 1 milyon lirəsindən imtina etdi. Biz də ona 500 min lirə ödəniş etməklə xalımızın silinməsindən qurtulduq. Bu gün son günümüz idi. Əks halda altı xalımızın silinməsinə qərar veriləcəkdi. Mahirə xoş niyyətinə görə çox təşəkkür edir, bundan sonrakı idman həyatında uğurlar arzulayırıq. Rəhbərlik olaraq qısa zamanda çox böyük yükün altına girdik və öhdəsindən gəlməyə çalışırıq”. 


Qeyd edək ki, “Karşıyaka”nın ümumi borcu 55 milyon lirə təşkil edir. Klubun transfer qadağasını ləğv etməsi üçün isə daha 18 milyon lirə lazımdı.


Xatırladaq ki, Şükürov “Karşıyaka” 2014/15 mövsümündə çıxış edib.

XƏBƏR LENTİ