Samir Əliyev: "Gələn mövsüm üçün komanda yaratmaq istəyirik"

Sayta qoyulub: 10:37 19.01.2018 (148 dəfə oxunub)

Samir Əliyev: "Gələn mövsüm üçün komanda yaratmaq istəyirik"
 

“Səbail”in baş məşqçisi Samir Əliyev “Sumqayıt”ı “Kapital Bank Arena”da 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin əhatəsinə düşdü. Sabah Türkiyə toplanışna yollanacaq komandanın çalışdırıcısı nəticədən razı qaldığını, ancaq görüləsi işin çox olduğunu söylədi. “Nəticə ürəyimizcə oldu. Amma əsas futbolçularda olan istək idi Biz də bunu istəyirdik. Zədəli futbolçularımız çoxdu, oynamayan uşaqlarımız var. Buna baxmayaraq, komandadan razıyam”.

- Kənardan baxanda bu matç yoldaşlıq görüşünə heç bənzəmirdi. Meydanda istək, əzmkarlıq var idi. Üstəlik, bu oyunda əsas heyətin üzvlərinə şans verdiniz. Bu gün meydanda gənc və əvəzedici heyətdən futbolçu görmədik.

- Meydanda belə futbolçular çox idi. Misal üçün Asif Mirili.

- Axı onun 26 yaşı var...

- Asif əvəzedici komandada olub. Kamran Əliyev meydana sonradan daxil oldu. Veteran futbolçulardan olan Ruslan Əmircanova şans verdik. Bu gün 17 futbolçu var. Düşərgəmizdə kim var idisə, ona şans verdik.

- Sanki komanda canlı görünür, çempionatdan daha inamlı təsir bağışlayırdı. Futbolçular qol vuranda da rəsmi oyundakı kimi sevinirdi...

- “Sumqayıt”ı məğlub etmişik. Güclü komandanı məğlub etmişik, sevinməliyik. Normal haldı. Turnir cədvəlində bizdən öndə olan komandaya qol vurduq, qalib gəldik. Əlbəttə, sevinməliyik. 

- Baxışda olan gürcüstanlı Nikolas Apakidze ilə bağlı qərar vermisiniz?

- Onunla bağlı sabah yekun qərar verəcəyik.

- Əmircanovla müqavilə imzalanacaq? Yaydan komanda ilə birgə məşq edir...

- Bəli, onunla müqavilə imzalayacağıq. Ruslan yayadək bizimlə olacaq. Əmircanovu kritik vəziyyətlər üçün komandaya cəlb etdik. Bizə təcrübəli futbolçu lazımdı. Kapitanımız Eltun Yaqubl zədəlidi, ona görə oynamadı. Kamal Qurbanov onun yerində mübarizə apardı. Sabah Kamal da zədə ala bilər. Ruslana güvənirəm. Bir də məşqçinin sağ əli kimi ona etibar edirəm. Komandanın daxilindəki intizamı qorumaq lazımdı. Ruslan ikinci gəncliyini yaşayır. Biz də ona şans verdik ki, özünü sübuta yetirsin.

- Yanvarın 21-də Türkiyə toplanışına start verəcəksiniz. Fasilə vaxtı çox legionerlə yollarınızı ayırdınız. Bundan sonra hansı mövqeləri gücləndirmək niyyətindəsiniz?

- Yeni legionerlər gələcək, lakin adları açıqlamaq istəmirəm. Bir futbolçu ayın 21-i bizə qoşulacaq. Komandaya yarımmüdafiəçi cəlb olunacaq. 24-də isə hücumçu gələcək. Dayaq müdafiəçisi də alacağıq. İstəyirəm ki, həmin mövqedə rəqabət olsun. Maudo bu gün oynamadı, tam hazır olmadığı üçün şans vermədim.

- Adlarını çəkməsəniz də, hansı ölkələrdən olduğunu açıqlaya bilərsiniz?

- Biri Avropada milli komandanın üzvüdü. Hücumçu isə Afrikadan olacaq.

- Futbolçuları siz bəyənib dəvət edirsiniz, yoxsa menecerlər təklif edirlər?

- Bizə təklif edirlər. Biz də baxırıq. Büdcəmizə uyğundrsa, bizi qane edirsə, razılaşırıq

- “Səbail”in bəlli büdcəsi var, böyük deyil...

- Hamı futbolçu təklif edir. Qərarı şəxsən mən özüm verirəm. 

- Bəlkə futbolçu elə bir məbləğ istədi ki, o sizi qane etmədi...

- Biz axtaran zaman məbləği də deyirik. Məsələn, 2500-3000 arası və ya daha çox.

- Sizcə, aya 3000 alan legioner komandaya xeyir verə bilər?

- 1000 manat alan Tsetsxaladzedən çox razıyam. Axtarmaq lazımdı.

- Bəs, Avropadan gələn futbolçu 3000-ə razılaşar?

- Gürcü futbolçu bizdə 1000 manata oynayır. Ancaq başqa klublarda daha məvacib alan futbolçu komandaya Tsetsxaladze qədər xeyir vermir. Bəzən yaxşı futbolçular olur. Bizi qane etməyənləri göndərdik. Komandanı formalaşdırmaq üçün vaxta ehtiyac var.

-  Sizcə, Antalyaya getməyə ehtiyac var idi? Onsuz da “Səbail”in bu mövsüm hədəfi yoxdu...

-  Niyə yoxdu? Gələn mövsüm üçün komanda yaratmaq istəyirik. Bunun üçün də Antalya toplanışı lazımdı.

- O məbləğə yaxşı futbolçular almaq olardı...

- “Səbail”də yetərincə yaxşı futbolçu var.

- Türkiyədəki rəqibləri menecerlər təklif etdi?

- İstəyirik ki, bizə uyğun rəqiblər olsun. Ukraynanın, Serbiyanın, Bolqarıstanın və Slovakiyanın güclülər dəstəsində çıxış edən klublarla oynayacağıq. "Səbail”ə baxanda onlar üstün komandalardı.

- Bakıda keçirdiyiniz 3 yoxlama matçından hansı sizi qane etdi?

- Bugünkü oyun. Səhvlər çox olsa da, rəqib güclü idi. "Keşlə”ni udmaq, "Qarabağ”dan xal almağın özü bir hədəfdi. Təlim-məşq toplanışı klublara mütləq lazımdır. Biz Antalyaya istirahətə yox, oyunlara gedirik.

 
Futbol11.az

XƏBƏR LENTİ