O solaxaydan bizdə niyə yoxdur?

Sayta qoyulub: 10:34 19.01.2018 (469 dəfə oxunub)

Yer kürəsi əhalisinin 10%-i hamı kimi deyil. Konkret, solaxaylardır. Nəzərəçarpacaq dərəcədə azlıq təşkil edən bu tip insanlar heç də həmişə düzgün başa düşülmür. Alimlər müəyyənləşdirib ki, sağ tərəfi güclü olanların beyinlərinin sol, solaxaylarda isə əksinə, beyinlərinin sağ yarımkürəsi daha çox inkişaf edir. Sol yarımkürə məntiq, analiz, hesablama və s., sağ yarımkürə isə yaradıcılıq, intuisiya, kreativlik və s. "cavabdehlik” daşıyır.


Bunu futbola tətbiq etsək, görərik ki, meydanda intuisiyası və yaradıcılığı güclü futbolçu varsa, o, hər an oyunun taleyini dəyişə bilər. Yaradıcılıq və intuisiyası olan futbolçular isə beyinlərinin sağ yarımkürəsi daha çox inkişaf edən solaxaylardır. Təsadüfi deyil ki, dünyanın ən güclü futbolçuları Maradona və Messi solaxaydırlar.


Keçirdiyi oyun sayına nisbətdə ən çox qol vuran (hər oyuna orta hesabla 0.97 qol) Ferents Puşkaş da solaxay olub. İtaliya yığmasına 1934 və 1938-ci illərdə Dünya Kubokunu qazandırmış, italyanların ənnənəvi müdafiə futbolunun əsasını qoymuş baş məşqçi Vittorio Potso Puşkaş haqqında deyirdi: "Müdafiəçi hücumun üç variantda davamını görürsə, Puşkaş topu qəbul edəndə əmin ola bilərsən ki, o, dördüncü variantı seçəcək”.


Dördüncü variantı görmək, heç kimin düşünmədiyi kimi düşünmək – məhz bu xüsusiyyət solaxaylara xasdır. Ümumiyyətlə, solaxaylar mürəkkəb xasiyyətə malik olurlar. Onlar hansısa çərçivəyə sığmır, hamı kimi düşünmür, toplumdan fərqlənirlər. El məsəli ilə desək, molla "cim" deyəndə onlar "sicim" deyirlər. Bu isə əksər hallarda rəhbərlik edənə xoş gəlmir. Bu hal dəqiqliyi sevən və çoxluq təşkil edən sağ tərəfi inkişaf edənləri çox vaxt  razı salmır. Nəticədə azlıq təşkil edən (10%) solaxaylar əksər hallarda cəmiyyətdən təcrid olunurlar.


Bunun səbəblərindən biri solaxayların uşaq yaşlarından məcburi şəkildə sağtərəfli edilməsi, yəni, sağ əllə yazmaq, yemək və s. məcbur edilməsidir. Xüsusən, postsovet ölkələrində bu, belə idi. Ötən əsrin 90-cı illərində alimlərin araşdırması nəticəsində məlum oldu ki, solaxayların məcburi şəkildə sağtərəfli edilməsi gələcəkdə onlara özlərini sübut etməyə mane ola bilər. Yalnız bundan sonra "sollar"a azadlıq verildi. Yəni, solaxaydırsa, sol əllə yaza və s. işləri görə bilər. 


Amma dünyanın hər yerində belə olmayıb. Amerikada solaxayları məcburi şəkildə "sağçı" etməyiblər. Bu səbəbdən, orada kifayət qədər özünü təsdiqləmiş solaxay var. Məsələn, dünyanın ən varlı adamı Bill Qeyts solaxaydır. Bu ölkənin son 36 ildəki prezidentləri, o cümlədən, Barak Obama solaxay olub. Avropa ölkələrində də solaxaylar yüksək qiymətləndirilir. Son dövrlərin araşdırmaları sübut edir ki, solaxaylar daha istedadlı olurlar. Dünyanın inkişafına təsir göstərən məşhur adamlardan sərkərdə Napoleon Bonopart, dahi rəssam Leonardo da Vinçi, alim Albert Eynşteyn, filosof Aristotel və s. solaxay olub.


Bəs bizdə vəziyyət necədir? 


Futboldan yazdığımız üçün digər sahələri bir kənara qoyaq. Azərbaycanlı futbolçular arasında demək olar ki, solaxay yoxdur. Elə mərhum Karlos Alberto Torres Bakıya yenicə gələrkən ilk müsahibəsindəcə bu məqamı təəccüblə vurğulamışdı.


Məgər Azərbaycanda solaxay doğulmur ki, onlardan futbolçu da yetişməsin? Təbii ki, doğulur. Sadəcə, bunun səbəbini yuxarıda göstərdim. Solaxayların çərçivəyə sığmaması, improvizator olması həddi keçməyi sevməyən sağtərəfli rəhbərlər tərəfinindən qəbul olunmur. Xüsusilə böyüyə "baş üstə", "bəli", "oldu" deməyi xoşlayan bizimkilər tərəfindən. Nəticədə bu gün azərbaycanlı futbolçular arasında solaxaylara rast gəlinmir. Belə xarakterlərinə görə onları uşaq yaşlarından məşqçilər, sadəcə olaraq futbolçu kimi məhv edirlər. 


Bu gün komandalarımızda solaxayların cinahı olan sol qanadda sağ ayaqlılar oynayır. Solaxaylar isə leğionerlərdir. Məsələn, Ansi Aqolli, Rikardinyo. Mən Yunis Hüseynovdan sonra yığmamızda çıxış edən solaxayı xatırlamıram. Gənc futbolçular arasında Mahir Mədətov və Roman Hüseynovun adını çəkmək olar. Amma onları aşkarlayıb yetişdirən məşqçilər yerli olmayıb.


Sonda müasir futboldakı solaxaylardan bir neçəsinin adını yazıram. Ümid edək ki, gələcəkdə bizdə də belə səviyyədə futbolçular olacaq:


Qaret Beyl, Məsut Özil, Petr Çex, İker Kasilyas, Robin van Persi, Aryen Robben, Lukas Podolski, Anxel di Mariya, David Silva... və Lionel Messi.

 

O solaxaydan bizdə niyə yoxdur?

 

Vüqar MƏMMƏDOV 

http://sportnet.az/

XƏBƏR LENTİ