"Səbail" gürcüstanlı futbolçunu bəyənmədi

Sayta qoyulub: 09:06 16.01.2018 (161 dəfə oxunub)

"Səbail" gürcüstanlı futbolçunu bəyənmədi
 

Təlim-məşq toplanışını ölkə daxilində davam etdirən "Səbail"də baxışda olan futbolçularla bağlı qərar verilib. Paytaxt təmsilçisinin baş məşqçisi Samir Əliyev oyunçularla bağlı qərarını açıqlayıb. Çalışdırıcı baxışda olan gürcüstanlı futbolçu Nikolas Apakidzeni geri göndərməyə qərar verib. O, birinci divizion təmsilçisi "Xəzər"lə qarşılaşmadan sonra Gürcüstanın 21 yaşlılardan ibarət milli komandasının sabiq futbolçusu ilə bağlı qərarını açıqlayıb. 25 yaşlı futbolçu artıq komandanın düşərgəsini tərk edib.  Apakidze peşəkar karyerasına 2009-cu ildə Zuqdidi “Baiya”sında başlayıb. Üç mövsüm bu komandada çıxış etdikdən sonra 2012-ci ildə o, bu şəhərin eyniadlı komandasına – “Zuqdidi”yə üz tutub. 2014-cü ildə legioner həyatı yaşamağa qərar verən futbolçu Litvanın “Trakay” komandasına transfer olunub. 2015-ci ildə isə yenidən vətənə qayıtmalı olan Apakidze bu dəfə “Şukura” ilə müqavilə bağlayıb. İki mövsüm bu komanda ilə elitada çıxış edən Nikolas yayda 1-ci divizion təmsilçisi “Rustavi”yə keçib. Mövsümün geridə qalan hissəsində bu komandada 18 oyun keçirən müdafiəçi 1476 dəqiqə meydanda olub, 1 qol ilə yadda qalıb. Apakidze Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb. Amma o, əsas milliyə düşə bilməyib.

XƏBƏR LENTİ