Qurban Qurbanova təzyiqlər var

Sayta qoyulub: 20:21 08.01.2018 (212 dəfə oxunub)

Qurban Qurbanov bezib. Milli komandamızın baş məşqçisi elə təngə gəlib ki, hətta geri addım atmaq niyyətinə düşüb. Yeni ilin ilk günlərində Qurbanov AFFA-nın baş katibi Elxan Məmmədovdan təcili görüş istəyib. Və onlar assosiasiyanın binasında deyil, Bakının məşhur otellərindən birində üz-üzə əyləşiblər. Bu görüş hansısa məsləhətləşmə üçün deyil, məşqçinin şikayətlərini çatdırması üçün reallaşıb.
 
Əldə etdiyimiz bilgiyə görə, Qurban bəy bu şəraitdə işləyə bilmədiyini və təzyiqlər davam edəcəyi halda hətta istefa verə biləcəyini dilə gətirib. Məmmədov isə ondan bir neçə gün vaxt istəyib və problemi imkan daxilində yoluna qoyacağına, daha yuxarı dairələri məlumatlandıracağına söz verib.
 
İş ondadı ki, təyinatı rəsmiləşəndən bu yana Qurban bəyin telefonları susmur. Futbol ictimaiyyətinin nüfuzlu şəxsləri, menecerlər, hətta rəhbər şəxslər kiminsə xahişini etmək üçün Qurbanovu narahat edirlər. Həmişə tapşırıqla işləyən insanlar Qurban bəydən də məşqçi, futbolçu, inzibati heyət seçimində köhnə qayda ilə davranmağı gözləyirlər. Konkret olaraq, Riad Rəfiyevin millinin meneceri postunda qalması üçün AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, sabiq yığma məşqçilərinin bir neçəsi üçün Məşqçilər Komitəsinin üzvləri, futbolçulara görə isə daha çox adam tapşırıq-xahişlə məşqçinin üstünə gəlir.
 
Qurban bəy bu təzyiqlər qarşısında normal iş qura bilmir, hər addımda badalaq görür. O da artıq bunlardan bezib və çarəni baş katiblə danışmaqda görüb. Xahişi edilənlərin əksəri Məmmədovun sevimliləri olduğu üçün, məhz onunla söhbət də təsadüfi deyil.
 
Təbii ki, tapşırıq, xahiş Azərbaycan futbolunda yenilik deyil. Klubunda oynamaya-oynamaya milliyə dəvət alanları, bacarığı olmadan start heyətində oynayanları kifayət qədər görmüşük. Qurbanov indi bu sistemi dəyişmək, təmiz, işlək mexanizm qurmaq istəyir. Ortaya çıxan belə süni əngəllər isə onun narahatçılığına səbəb olur. Qurban bəy Samir Ələkbərov kimi mətbuata açıqlama verən, qalmaqal çıxaran adam deyil. O, məsələni daha sivil yolla qaydasına qoymaq niyyətindədi.
 
Yəqin ki, problem həllini tapacaq. Əks halda, həm yüksək dairələrdən, həm də ictimaiyyətdən böyük dəstək alan nüfuzlu Qurbanovun istefası ajiotaj doğurar, çox başları ağrıdar. Bununla belə, Qurban bəy bu məsələni baş katiblə deyil, AFFA prezidenti ilə həll etməlidi. Elxan Məmmədov vəzifəcə icraedicidi və Qurbanov bu görüşlə katibi şərəfləndirmiş olub. Köhnə sistemi dəyişmək üçün Elxan bəylə danışmaq yox, onun özünü proseslərdən kənarda saxlamaq lazımdı.
 
P.S.: Məsələ ilə bağlı Qurbanovla da danışmağa cəhd etdik. Lakin ölkə xaricində olan məşqçi zənglərimizi cavabsız qoydu.
 
Futbolinfo.az

XƏBƏR LENTİ