Quardiola dahiliyi

Sayta qoyulub: 11:50 15.12.2017 (463 dəfə oxunub)

Quardiola dahiliyi

 

Bu da bir neçə gün öncə haqqında danışdığım matçın - "Bavariya" - "Atletiko" - 2:1 - hekayəsi. İki hissə halında paylaşacam: oyundan öncə və sonra. Burada hadisələr Pep Quardiola timsalında göstərilir, ancaq bu tip özəl oyunlara hazırlıq prosesi və ətrafında yaşananlar günümüzün elit məşqçilərinin artıq alışdığı bir rutindi. Düzü, prosesin kənar iştirakçısı kimi çox maraqlı görsənir. Sonuncu dəfə Dani Alvesin hekayəsini çox məsləhət görmüşdüm, bu, ondan da o tərəfədi. Oxumağa çalışın, əminəm ki, itirdiyiniz zaman müqabilində sizə bir şeylər qatacaq :)

Marti Perarnaunun "Məxfi-Təkamül" seriyası

Matçdan öncə (I hissə)

Boşluq axtarışında

“Hər gün özümlə apardığım mübarizə mənim ən ağır döyüşümdü” – Napoleon.

“Atletiko” ilə ilk görüşdən sonra – 28.04.2016, Madrid

Saat ikinin yarısıdı, Pep, qardaşı Pere və bir neçə dostu ilə birlikdə “Atletiko” ilə oynanılan ilk görüşü müzakirə edir və cavab matçında necə oynamalı olduqlarına dair fikir mübadiləsi aparır. Futbolçular çoxdan otaqlarına yollanıblar. İstədikləri oyun tərzini ortaya qoyub, ikinci hissədə 7 əla şans yaxalamışdılar, bu mənada hər şey normal idi, ancaq onlar, buna rəğmən, yekun nəticəyə, həmçinin ilk 15 dəqiqə ərzində oyunu “Atletiko”ya hədiyyə etdiklərinə görə məyusdular. Madrid təmsilçisinə qarşı belə oynamaq hər komandanın işi deyil. Simeonenin müdafiə xətti əskiksiz görünürdü, sanki kərpicdən divar hörmüşdülər və onu aşmaq mümkün deyildi. Əslində, “Bavariya”nın bir öncəki rəqibləri “Benfika” və “Yuventus” da müdafiə mənasında heç də pis çıxış etməmişdilər. Ancaq bu gün ilk 15 dəqiqə ərzində “Atletiko” almanların hücum xəttini qüsursuz şəkildə zərərsizləşdirmişdi.

Pep: “Cavab matçında nələr olacağın təxmin etmək mümkünsüzdü. "Bu gün 7 şansımız var idi, gələn oyunda isə 14 qol şansımız olacaq və 3 qol vuracağıq" – komandaya belə bir şey deyə bilmərik. Nə baş verəcəyini bilmirəm. Hər matç sıfırdan başlayır və futbol elə kompleks oyundu ki, heç vaxt əminliklə bir şey demək olmur. Məncə, bu, futbolun sehridi. Elə buna görə də futbola qarşı hisslərimiz aşır-daşır. Bəlkə də onlar bir qol vuracaq və biz üç qolla cavab vermək məcburiyyətində qalacağıq, bəlkə 5 qola ehtiyacımız oldu, bilmirəm. Tək bildiyim budu ki, komandanın matça mümkün qədər yaxşı hazırlaşması və intizamlı olmasını təmin etmək üçün çox çalışmalıyıq”.

Gecənin rəsmi hissəsi – komanda yeməyi – bitdiyinə görə, Pep, qardaşı və dostları ilə kənara çəkilib, bir neçə saat futboldan danışa bilər. Ancaq dəqiqəbaşı selfi çəkmək istəyən fanatların yaxınlaşması və menecer – Jorje Mendeşin cavab matçında uğur arzulamaq üçün gəlməsi onların söhbətini yarımçıq qoyur. Portuqaliyalı agentin orada olma səbəbi “Benfika”lı Renatu Sanşeşin mümkün transferini həll etmək niyyətiylə Rummeniqqeylə danışıqlar aparmasıdı. Ancaq yenə də, onu, səhərə az qalmış, bu qədər önəmli Çempionlar Liqası matçından sonra, həm də “Bavariya”nın baş məşqçisi növbəti oyunun strategiyası üzərində çalışmaq üzərəykən orada görmək bir az qəribədi.

Üç sirdaşı ilə söhbət zamanı Pep təkrar-təkrar deyir: “Oyunu yenidən izləməliyəm”. Quardiola Karles Plançartdan (video analizlə məşğul olan məşqçi), oyunun analizi prosesində onu narahat etməməsini istəyir. O, bu işlə məşğul olacağını və futbolçularına göstərəcəyi videoları özü hazırlayacağını deyir. Əvəzində, Plançartdan şənbə günü oynanılacaq “Mönşenqladbax” matçına fokuslanmasını istəyir. “Borussiya” ilə matç olduqca önəmliydi, çünki qələbə qazanacağı təqdirdə, “Bavariya” ardıcıl 4-cü Bundesliqa çempionluğunu rəsmiləşdirəcəkdi.

“Mütləq bu oyunu yenidən izləməliyəm” – demək olar ki, bütün detallar - hər gediş, hər səhv, ilk dəqiqələrdəki xaos, 50/50-lik mübarizələrdə uğursuzluq və təbii ki, yaxşı şeylər: “Bavariya”nın uzun müddət davam edən dominantlığı, Vidalın dərindən çıxıb cərimə meydançasına zamanında çatmasını təmin edən əla sprintləri, Duqlas Kostanın formada olması... - beyninə həkk olunsa da, Pep eyni sözləri təkrarlamağa davam edir.

Haşiyə 1 - Üvertura – 27.04.2016, Madrid

Pep düşünməyə davam edir: “Topun arxadan irəliyə daşınması hücumumuz üçün həyati önəm daşıyır”. Qardaşı Pere sözünü kəsir: “Həqiqətən də belə düşünürsən, Pep?”

Pep: “Əlbəttə, dediyim kimi, bu, həyati önəm daşıyır. Vinqerin topu mərkəz müdafiəçidən qəbul etməsi ilə insayd-forvarddan (köhnə literaturada belə adlanır, müasir futbolda funksiyaları SS adlandırdınız pozisiya uyğun gəlir) alması arasında çox fərq var. Əgər topu stoperdən alırsa, bu, digər komandaya meydana düzgün yerləşmək üçün əlavə zaman qazandırır. Hücum, topu daşıyan oyunçunun hücumameyilli yarımmüdafiəçi olduğu fazaya qədər irəliləsə, bax, o zaman rəqib üçün müdafiə olunmaq çətinləşir; hələ bir də yarımmüdafiəçilərin müdafiəçiləri özlərinə çəkdiyini düşün. Topla düzgün formada çıxmaq – bu, bizim oyunumuzun təməlidi. Oyunun başlanğıcında hər şeyi bərbad etməyimizin səbəbi bunu düzgün şəkildə yerinə yetirə bilməməyimiz idi”.

Çox gec idi, günün çıxmasına az qalmışdı, birdən ağlıma musiqi və şahmat düşdü. Dirijor Kristian Tilemanın Bethovenin beşinci simfoniyası ilə bağlı ritorik sualını xatırladım: “Yaxşı üverturasız (açılış) yaxşı simfoniya bəstələyə bilərsən? Əlbəttə ki, yox”.

Hə, bir də Kasparovun sözləri: “Açılış gedişləri, qoşunların əhəmiyyətsiz səfərbərliyindən daha böyük mənalar ifadə edir. Onlar döyüşün tipini müəyyənləşdirir, onlar oyunu istədiyin istiqamətə aparmağın üçün ilk və ən yaxşı şanslarındı. Oyunun başlanğıcı ən çətinidi, start ən ağıllıca davranmalı olduğun fazadı”.

Söhbətimizi Xuanma Lilyonun sözləriylə bitiririk. Pep: “O deyir ki, iki tip məşqçi var: hücuma öz cərimə meydançasından başlayan və rəqib qapıdan zərbəni yerinə yetirərkən hücumu düşünənlər. Arxadan hücumunu qürursansa, ancaq təmiz, dəqiq və ağıllı ötürmələr zənciriylə özünü rəqib yarımmeydançasına ata bilərsən”.

Qaldığımız yerdən davam - 28.04.2016, Madrid

Əgər Pep oyunun hər anını xatırlayırsa, bəs niyə təkrarı izləmək üçün belə can atır?

Pep: “Atletiko”ya qarşı hücum etməyin başqa yolunu tapmalıyam. İlk matçda nə baş verdiyini anlamaq üçün təkrarı izləmirəm, əksinə, gələn həftənin çərşənbə axşamı olacaqlar və onları həmin gün udmaq üçün nələr etməli olduğum üzərində işləmək üçün bunu edirəm”.

O, “Bavariya”nın cavab matçında necə oynayacağı barədə dərhal qərar vermək niyyətində deyil. Heç konkret olaraq meydana buraxacağı heyəti də bilmir, sadəcə, beynində, nəzərində tutduğu 11-liyin müəyyən prototipi var: “Bir şey dəqiqdi: iki il əvvəl “Real” qarşısında (0-4) buraxdığım səhvləri – cavab matçında futbolçuların fikirlərini dinləyib, onların istədiyi oyuna razılıq verməsini nəzərdə tutur - təkrarlamayacam. Qələbə, ya məğlubiyyət – nəticə fərq etmir, sadəcə, öz oyunumuzu oynamağımızı istəyirəm, nəinki başqalarının necə oynamağımızla bağlı fikirlərini dinləmək. Mərkəzdə Levandovski, arxasında Müller və cinahlarda iki nəfər – bax, indilik planım budu. Amma irəlidə hələ çox iş var və mən oyuna yenidən baxdıqdan sonra bu barədə yekun qərarımı verəcəm”.

Ortada bir neçə mümkün ssenari var: “Bir variant odu ki, ilk 15 dəqiqə üçün tamamilə fərqli yanaşmadan istifadə edə bilərik. Böyük ehtimalla, irəlidə pressinq etməyə çalışacaqlar və qarşılığında, yarımmüdafiəçilərin, endirilən topları və “ikinci toplar”ı qazanmalarına ümid edərək, müdafiədən birbaşa Levandovskiyə doğru çoxlu uzun top oynaya bilərik. Düzdü, bu, mənim normal oyun tərzimə heç uyğun bir şey deyil, ancaq pressinqi neytrallaşdırmağın yaxşı üsullarından biri də budu və məncə, azarkeşlərimiz bu yanaşmanı bəyənərlər. Bu, startdan etibarən, “Atletiko”nun ilk yüklənmə həlqəsini aşıb, oyunun içinə girməyimizi təmin edə bilər. Ancaq daha bir neçə alternativi nəzərdən keçirməliyəm: Torres və Qrizmann ikilisi öndə olmaqla, 4-4-2 oynamaq və Karraskonun irəlidə olduğu 4-1-4-1 eyni deyil. Hər şey ola bilər, geridönüş etmək üçün matçın son 30 dəqiqəsi üçün də əlavə planımız olmalıdı. Deyəsən, oyunun içində mini-oyunlar oynamaq məcburiyyətində qalacağıq, buna hazır olmalıyıq”.

Quardiola “Benfika” ilə matçdan sonra dediklərini yenidən təkrarlayır: “Analizə nə qədər zaman ayırmağın, oyunçulara nə qədər detallı informasiya ötürməyin fərq etmir, rəqibin necə oynadığını öyrənmək üçün birə-bir meydanda üzə gəlmək kimisi yoxdu. Biz artıq bunu etmişik, deməli, futbolçularım “Atletiko”nun necə komanda olduğunu, üstünlüklərini və zəif tərəflərini bilirlər. Təbii, eyni zamanda, Simeone və komandası da artıq bizi daha yaxşı tanıyır. Əminəm ki, Dieqo ikinci hissədəki dominant oyunumuzu analiz edəcək və önləm alacaq. Bugünkü matçda meydanda tam olaraq nələrin baş verdiyini tam olaraq aşkarlasaq, doğru həll yolları ilə cavab matçında işləri lehimizə çevirə bilərik.

Topla arxadan çıxarkən Vidal-Boatenq-Martineslə "üçün ikiyə" prinsipindən istifadə etməliyik. Bilirəm, qəribə səslənir, ancaq Arturo sprintə müdafiəçi kimi başlayır, rəqib cərimə meydançasına çatanda isə, bir də baxırsan ki, artıq forvarddı.

Bir başqa şey – onların əks-hücumlarını dayandırmalıyıq. Bilirəm, topa qarşı çıxan komandanın əks-hücumlarının qarşısını tamamilə almaq mümkünsüzdü, ancaq bunun üçün əlimizdən gələn hər şeyi etməliyik.

Üçüncü önəmli detal – doğru kanalı tapmaq. Topu çox sürətli şəkildə hərəkət etdirməliyik, vinqerlərimiz rəqibin cinah müdafiəçilərini bağlamalıdılar, Lam eynisini onların insaydına etməlidi. Kostanın – tərs ayaq bölgəsi, oyunda insayd funksiyası daşıyır - Lamın mövqeyindən arxada topla qovuşmağını, diaqonal sağ sprintlər əvəzinə sol içəriyə doğru yönəlməsini istəyirəm, belə olan halda, qapıya zərbə vura və ya içəri kross göndərə bilər, alınmasa, topu kənara yayıb oyunu yenidən genişlədər. Bu taktiki gediş həlledici ola bilər, amma ilk öncə detallı analizlə məşğul olmalıyam. David Truebanın – dostu, ispan yazar-ssenarist, aktyor və rejissor – məsləhətinə qulaq asmalıyam.

O deyir ki, hansısa romanı bitirməyə yaxın özünü monastıra qapadır və tam bitənə kimi də oradan çıxmır. Bazar günü mən də belə edəcəm. Bərpa sessiyasına qatılmayacam, otel və ya kilsə - zarafatyana göz vurur - hansısa bir yerdə təkbaşına sadəcə bu matçı düşünəcəm. Bəlkə də bütün günü evdə keçirib, onları necə məğlub edəcəyimizi tapana qədər bu matça dəfələrlə baxacam. Təbii, önəmli olan oyunçulardı, onlar meydana çıxırlar. Mənim tək edə biləcəyim müəyyən düzəlişlər etmək, onları təlimatlandırmaq və finala çıxara biləcək düzgün taktikanı seçməkdi”.

Quardiola müxtəlif variasiyalar arasında gedib-gəlir: 4-3-3 oynamaq olar, beləliklə, hücumameyilli yarımmüdafiəçilər rəqibin mərkəz və cinah müdafiəçiləri arasındakı boşluğa yönəlib, bunu komandanın lehinə çevirə bilərlər; ortada romb oynamaq mümkündü; Kosta və Mülleri insayd forvard kimi oynadıb (90 dəqiqə boyunca yox, hissə-hissə) 5 hücumçulu sistemə keçmək – ağlındakı heyətə uyğun müxtəlif strategiyalar qurur. Pep “Atletiko”nun müdafiəsindəki boşluğu tapmalı və futbolçularını, o boşluqdan istifadə edib, “divar”ı yerlə yeksan edəcək mövqelərdə yerləşdirməliydi. Futbolun, təxmini mümkünsüz idman olduğunu təkrarlayıb durur:

“Bu qədər hazırlaşırsan, plan qurursan, sonra birdən Müller ortaya çıxır və arxasıyla topu qapıdan keçirir. Futbol bir elmdi, bundan əminəm, ancaq şübhəsiz ki, dəqiq elmlərdən biri deyil”.

Nəhayət yatmaq vaxtı yetişmişdi. Pep qardaşı ilə qucaqlaşır. Pere – qardaşı – dilləndi: “Nəyin doğru olduğuna inanırsansa, onu da elə”.

Saat artıq 4-dü. Quardiola 24-cü mərtəbədəki otağına qalxmamışdan öncə son düşüncələrini bölüşür: “Çərşənbə axşamı gözəl oyun nümayiş etdirməyimizi istəyirəm. Bütün Almaniyanın, oyunçularımın ortaya qoyacağı parlaq və yaradıcı futbola tamaşa etməsini istəyirəm. Bilirəm ki, onlar bunu etməyə qadirdilər”.

Döyüşdən öncə

“Bəzən səhv edə bilərəm, amma ən azından, bu, məni mən edən şeydi” – Antiqona

02.05.2016, Münhen

Topun üzərinə atlayan Arturo Vidal meydanın kənarındakı metal panolara çırpılır və yerdə qalır. O, acı içində qıvrılırdı, qalxmaq istəyirdi, ancaq başı fırlanırdı. Həkimlər komandası onu yoxlayır və anlaşılan, qabırğasından zədə alıb. “Atletiko” ilə cavab matçına cəmi 30 saat yaxına vaxt qalıb. Axsaya-axsaya paltardəyişmə otağına daxil olan Vidal Pepə yaxınlaşır: “Narahat olma, Pep. Qabırğam sınsa belə, oynayacam”. Nəticədə ağrıkəsicilər imdada yetişəcəkdi.

Bazar günü axşam saat 8 radələri, deyəsən, Pep rəqibin zəif nöqtəsini tapıb. Söhbət “Atletiko”nun stoperi və sol cinah müdafiəçisi arasındakı kiçik kanaldan gedir. Normalda həmin zonanı Koke sığortalamağa çalışır, ancaq Müllerin oraya yerləşməsi üçün Filipp Lam Kokeni oradan uzaqlaşdırmalıdı. Kiçik bir şansdı, ancaq bundan maksimum yararlanmaq lazımdı.

Quardiola bütün bazar ertəsi səhərini məşq meydançasında keçirir: o, oyunun yekun taktiki detalları üzərində çalışır və komandasına göstərəcəyi videoları hazırlayır. “Bavariya” oyunçuları hər zaman qeyd edirlər ki, Pep analizlərə çox böyük önəm verir. O, həmişə komandasına detallı dərəcədə qiymətli məlumatlar verir və bütün bunların doğruluğu meydanda öz əksini tapır. Həmişəki kimi, Pep bu dəfə də analizində dəqiqdi. O, Madriddəki səhvləri yenidən gözdən keçirir, xüsusilə rəqabət ruhunun olmaması səbəbindən individual birə-birlərin uduzulmasına diqqət yetirir. Ardından, Pep “Atletiko”nun zəifliklərini sadalayır və “Kokenin boşluğu” üzərində dayanır. “Bavariya” Kokeni o zonadan uzaqlaşdırmalıdı: Lam onun diqqətini yayındırmalı, Müller isə ora sızmalıdı.

Birinci məşq meydançasında komanda üç müxtəlif gedişi sınaqdan keçirir. Birinci gediş ilk on dəqiqə ərzində tətbiq edilməlidi. Söhbət Levandovskiyə uzun toplar yollamaqdan gedir. Simeonenin komandasının aqressiv şəkildə, hamılıqla “Bavariya”lıların üzərinə şığıyacağı böyük ehtimaldı. Eynisi Madriddə baş vermişdi və həmçinin “Yuventus” bunu “Alyanç Arena”da tətbiq etmişdi. Quardiola oyunun əvvəllərində müdafiəçilərin mərkəz forvarda doğru uzun oynamasını istəyir, beləliklə, Leva topu yarımmüdafiəçilərə endirəcəkdi. Noyer və Boatenq uzun toplardan istifadə edəcəkdilər, Levandovski onları ələ keçirə bilməsə belə, ən azından top “Bavariya”nın qapısından uzaqda olacaqdı. Şənbə günü “Mönşenqladbax”la matçda komanda bunu sınaqdan keçirmişdi, ancaq indi bu, artıq təkcə eksperiment deyildi. Pep qərarlaşdırmışdı: “Bavariya” “Atletiko”nun pressinqindən qurtulmaq üçün ilk öncə Levandovskiyə doğru uzun top oynayacaqdı.

“Bavariya”nın məşqçilər heyəti hesab edir ki, hamılıqla tətbiq olunan qısa müddətli pressinq dalğasından sonra “Atletiko” planın ikinci fazasına keçəcək: dərindən müdafiə divarı hörmək. Onlar nisbətən arxaya yaslandıqları üçün, məhz bu an “Bavariya” ənənəvi oyun tərzinə qayıdacaq, yəni arxadan topla çıxmaq planı dövrəyə girəcək. Komanda dayanmadan 20 dəqiqə müddətinə arxadan topla çıxmağı məşq edir. Pepin heyətlə bağlı cəmi bir sualı qalmışdı: Benatia, yoxsa Boatenq?

“Boatenq topla əla çıxır, ancaq üç aydır ki, oynamır, belə bir oyun üçün hazır olub-olmadığını bilmirəm. Ən azından, Benatiada hər şey qaydasındadı. Hansını seçəcəyimi bilmirəm” – Pep.

Məşq zamanı Benatia əzələ ağrılarından şikayət edir. Ciddi bir şeyi olmasa da, Pepin şübhələri yaranır: çərşənbə axşamı Boatenqlə danışmalıdı. Onun gözlərinin içinə baxacaq və özünəinam hissini görə bilsə, Boa matça start heyətində başlayacaq. Bir neçə ay öncə Boatenq ağrılar içində oynamaq məcburiyyətində qalmışdı. Zədəsi çox ciddi olmasa da, ayağından zərbə almışdı və əziyyət çəkdiyi aşkar idi. Bütün o çətinliklərə baxmayaraq, o matçda böyük əzmkarlıq göstərmişdi. Düzü, məhz bu tip şeylərə görə “Atletiko” matçında ona “stavka” eləmək olar.

Haşiyə-2: Boatenqin möhkəmliyi

7.11.2015, Münhen

“Dolçe” otelindəki nahar artıq bitmişdi. 14:30-da artıq stadionda idilər. Pep Boatenqdən ofisinə gəlməsini istəmişdi. Jerom, “Arsenal”la görüşdə aldığı zərbədən sonra artıq bir neçə gün idi ki, məşqləri qaçırırdı. Buna baxmayaraq, Pep onu əsas heyətə daxil etmişdi:

“Jerom, bu gün səndən oynamağını istəməyimin iki səbəbi var: bir – topu rəqib meydançasına uğurlu şəkildə daşımağımızı təmin etmək üçün, ikincisi, bəlkə də ən önəmlisi – ağrı içində olmağına baxmayaraq, meydana çıxmağını istəyirəm. Bunu edə biləcəyini görməliyəm. Son iki il ərzində komanda üçün əlindən gələni etmisən, ancaq hər hansısa xırda nasazlıq olan kimi yoxa çıxmısan. Yazda bir-birinin ardınca çətin matçlar oynamaq məcburiyyətində qalacağıq və elə bir zaman kəsiyində, zədən olsa belə, bizə yardım etməli olacaqsan. Sənə etibar edə biləcəyimi dəqiqləşdirmək istəyirəm. Ağrının öhdəsindən gələ bildiyini, hər şey sanki normalmış kimi oynayacağını görmək istəyirəm”.

Boatenq 45 dəqiqə ərzində dişini sıxır, əla oyun nümayiş etdirir. O, heç bir şikayətsiz tapşırığı yerinə yetirdi. Bundan razı qalan Pep onun istirahəti haqq etdiyini deyir.

Qaldığımız yerdən davam

Topla arxadan çıxmağı (Boatenq, Alonso və Lam bu işi görəcəklər) məşq etdikdən sonra komanda, Pepin tətbiqində maraqlı olduğu üçüncü məsələyə keçir: Lamın açdığı kanal vasitəsilə rəqibin stoperiylə sol cinah müdafiəçisinin arasına sızmaq. Baş məşqçi 3-4-3 rombdan istifadə etmək niyyətindədi. Bunun üçün top komandaya keçəndə Alonso arxanı üçləmək (Boatenq, Martines) üçün geri çəkiləcək. Əvəzində Vidal dördlü yarımmüdafiənin ən dərinindəki adam olmaq üçün irəli çıxır, Müller rombun irəli ucunda, kənarlarda Lamla Alaba... Kosta ilə Riberi geniş, Levandovski isə mərkəz forvard oynayacaq.

Pep “Atletiko”nun cinahlarda yaratdığı say çoxluğunu aradan qaldırmağa çalışır. Kosta hücuma keçəndə onu Filipe Luis və Aqusto Fernandes qarşılayır. Lam ona qoşulanda, 3-ə 2 say çoxluğu yaratmaq üçün bu səfər Koke ora yönələcək. Pep Lamla Kostanın “Atletiko”nun bu üç oyunçusunu nəzarətdə saxlamasını istəyir. Ardından Alonso və Vidala doğru oynamaq planı var. Onlar isə içəri kanala doğru - Kokenin Filipe və Aqustonu sığortalamaq üçün boşaltdığı zonaya sızan Mülleri topla təmin etməyə çalışmalıdılar. Çox böyük boşluq deyil, ancaq yenə də “Bavariya” bundan maksimum yararlanmalıdı. Məhz bundan dolayı 3-4-3 romb oynamaq planlaşdırılır. Vidal, Alonso və Boatenqə özəl daha bir təlimat var: Kokenin hərəkəti sonrasında boşalan zonanı istismar etmək üçün sola nisbətdə sağ cinaha doğru ötürmələr daha qəti və daha cəld olmalıdı". (Ardı var...)

 

Rüfət Məcid

 

 

 

 

XƏBƏR LENTİ