Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Divizionla Premyer Liqa arasındakı uçurum

Sayta qoyulub: 13:30 05.12.2017 (47 dəfə oxunub)

Son vaxtlar Topaz Premyer Liqanın səviyyəsinin aşağı düşməsindən, çempionatda rəqabətin olmamasından çox danışılır. Ancaq bizdə birinci divizion deyilən bir çempionat da var ki, burada nədən danışacağını belə bilmirsən.
 
Bu yarışda mübarizə aparan komandalar ildə bir dəfə yüksək liqa təmsilçiləri ilə üz-üzə gəlir. Söhbət kubok oyunlarından gedir. Ancaq onlar divizionda olduğu kimi, sanki kubok matçlarına da məqsədsiz yanaşırlar. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmalı olan bu komandalar elita təmsilçiləri ilə üz-üzə gələndə nəinki onlara müqavimət göstərir, heç qol da vura bilmirlər. Hər mövsüm bu mənzərənin şahidiyik. Elə bu dəfə də sürprizlə qarşılaşmadıq.

Bu mövsüm Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına nəzər salaq.

“Qəbələ” – “Mil-Muğan” - 8:0

“Neftçi” – “Zaqatala” - 5:0

“Sumqayıt” – “Sabah” - 3:0


“Zirə” – “Xəzər” - 3:0 

MOİK – “Keşlə” - 0:3 

“Qarabağ” – “Qaradağ Lökbatan” - 2:0

“Kəpəz” – “Binə” - 3:0 

“Şüvəlan” – “Səbail” - 1:2

Göründüyü kimi, 1/8 finalda birinci divizion təmsilçiləri ilə Premyer Liqa klubları üz-üzə gəlirdi. Ötən mövsüm Premyer Liqadan diviziona düşən “Şüvəlan”ı çıxmaq şərtilə heç biri rəqib qapısına yol tapmğı da bacarmadı. Hərçənd ki, bir çox ölkədə divizion klubları kubokun finalına qədər irəliləyir, hətta mükafatı qazananlar da olur.

Belə bir sual yaranır: Premyer Liqa ilə divizion arasındakı bu uçurumun səbəbi nədir? Elita təmsilçilərimiz bu qədər güclüdür? Təiibi ki, yox. Sadəcə, divizion klublarımız həddindən artıq zəifdir. 

Çünki bizdə heç vaxt birinci divizionla Premyer Liqa arasında zəncir olmayıb. Təbii ki, bu zəncirin olmaması divizionun əhəmiyyətini itirir. Nəticədə məqsədsiz, stimulu olmayan, nəyə görə mübarizə apardığını bilməyən komandalardan ibarət bir çempionat keçirilir. Divizion elə bir bataqlıqdır ki, orada oynayan futbolçunun Premyer Liqaya çıxmaq şansı sıfıra bərabərdir. Çünki bu yarışda iştirak edən klubların əksəriyyəti yarımhəvəskar səviyyədədir. 

Sözsüz ki, birinci divizionun bu səviyyədə olması birbaşa Premyer Liqaya təsir göstərir. Normal çempionatın keçirilmədiyi birinci diviziondan Premyer Liqaya yüksələn komanda yüksək yerlər uğrunda mübarizə apara, elitaya rəng qata bilməz.  

Söhbət açdığımız problemlə bağlı danışmaq üçün ilk olaraq birinci divizionda çıxış edən “Sabah”ın baş məşqçisi Arif Əsədova müraciət etdik. Karyerasında ilk dəfə divizion klubunu çalışdıran Əsədov bu çempionatın durumundan, problemlərindən bəhs etdi:

“Premyer Liqa klubları daha çox taktiki gedişlərə üstünlük verir. Birinci divizion təmsilçiləri isə yalnız mübarizə hesabına nəsə etməyə çalışır. İstək, mübarizə var, ancaq taktiki cəhətdən çatışmazlıqlar bu duruma gətirib çıxarır. Mütəmadi olaraq bunun üzərində çalışmaq lazımdır. Əslində birinci divizionda istək Premyer Liqa klublarından daha çoxdur. Ancaq ustalıq səviyyəsi yoxdursa, istəyin də bir faydası olmayacaq. 

Birinci divizionda hər məşqçinin fəlsəfəsinə uyğun oyunçu tapmaq çətindir. Ümmumiyyətlə, oyunçu qıtlığı var. 
Artıq bir neçə ildir ki, birinci diviziondan yüksək liqaya komanda çıxmır. Çempion olan komanda elitada iştirak edə bilmir. Bu da divizionda stimulun olmamasına gətirib çıxarır. Nəticədə klublar qarşısına böyük məqsədlər də qoymur. Əgər Premyer Liqaya yüksəlmək istəyirsənsə, təbii ki, buna uyğun bir komanda quracaqsan, səviyyəli futbolçular alacaqsan ki, elitada problemlə üzləşməyəsən. Bunları edən divizion təmsilçiləri kubok oyunlarında Premyer Liqa klubları ilə başabaş mübarizə apara bilər. Ancaq qarşıya məqsəd qoyulmayanda elə bu cür oyunlar olmalıdır. 

Divizion klublarının Premyer Liqa təmsilçilərinə müqavimət göstərə bilməməsinin əsas səbəbi onların məqsədsiz oynamalarıdır. Təbii ki, komandanın qarşısına hansısa məqsəd qoyulmayıbsa, uğurlu çıxışından söhbət gedə bilməz. Məsələn, bizim klubumuz  3 ildir yaradılıb. Layihədə nəzərdə tutulub ki, ilk növbədə yaxşı komanda formalaşdırılsın. İkinci dövrədə artıq heyəti gücləndirməliyik ki, qarşıya qoyulan məqsədə doğru gedək. Daha sonra isə klubun strategiyasına uyğun davranacağıq. 

Divizionla Premyer Liqa arasındakı uçurum
Arif Əsədov

Azərbaycan birinci divizionunda legionerlər də azdır. Təbii ki, səviyyəli legioner bizim divizionda çıxış etməyəcək. Ancaq klub qarşısına məqsəd qoysa, yaxşı legioner də gətirər, kubok oyunlarında da müəyyən nəticə qazanar və Premyer Liqa klubları ilə divizion arasında bu cür uçurum olmaz.

Premyer Liqa ilə birinci divizion arasında uçurumun səbəbləri haqda Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla da danışdıq. Təcrübəli mütəxəssis divizion klublarının acınacaqlı durumda olmasını bir neçə amillərlə əlaqələndirdi:

“Hər şey şəraitdən asılıdır. Bu gün heç Premyer Liqa klublarının hamısının bazası yoxdur. Birinci divizionda isə vəziyyət daha pisdir. Məşq prosesinin böyük önəmi var. Divizionda çox əzif məşqlər keçirilir. Fərdi məşqlər ümumiyyətlə yoxdur. Fiziki hazırlıq testi edilmir. Bütün bunlar divizion komandalarının bu vəziyyətə gəlməsinə səbəb olur. 

Məşçilər Komitəsi olaraq analizlər aparırıq. Birinci diviziondan Premyer Liqaya çox nadir hallarda oyunçu gəlir. Son illərdə ümumiyyətlə gəlmir. Premyer Liqa ilə divizion arasındakı uçuruma baxın. Qonşu Rusiyada birinci diviziondan çox sayda futbolçu yüksək liqaya gələ bilir. Nəticədə güclülər dəstəsində yaxşı rəqabət olur. 
Bu problemi hamımız görürük. Ancaq əsas məsələ problemi aradan qaldırmaq, divizionun səviyyəsini yüksəltməkdir. Bunu necə etmək olar? Yenə də şəraitə qayıdırıq. Peşəkar futbolçu səhər bazaya gəlməli axşamacan öz işi ilə, yəni futbolla məşğul olmalı, axşam isə evinə getməlidir. Ancaq gəlin baxaq görək bizim divizion komandalarımız hansı şəraitdə oynayır. 

Divizion klublarının çoxunu AFFA maliyyələşdirir. Ancaq bu, düzgün hal deyil. Hər klubun öz sponsoru olmalıdır. Onda komandalar arasında rəqabət də olar. Bununla da güclü bir çempionat keçirilər və nə vaxtsa divizion təmsilçiləri Premyer Liqa klubları ilə qarşılaşanda normal oyunun şahidi olarıq. 

Millimizin sabiq baş məşqçisi divizion klublarının məqsədsiz çıxış etdiyini və bununla da onların peşəkar kluba çevrilə bilmədiyini deyir: “Futbolu hansısa məqsəd üçün oynayırsan. Ən zəif klubun da müəyyən bir hədəfi olmalıdır. Çox təəssüf ki, bizdə divizion komandaları elə-belə oynayır. Məqsədsiz komanda nə edə bilər? Adi idman prinsipləri var. Divizionda birinci yeri tutan komanda Premyer Liqaya yüksəlməlidir. Ancaq bir neçə ildir ki, divizion klublarının sponsoru olmadığı üçün Premyer Liqada çıxış edə bilmir. Gərək problemin kökündən danışaq. Futbola maddi dəstək olmasa, irəli getmək mümkün deyil. On il bundan əvvəl birinci divizionda gərgin oyunlar olurdu. Vaxtilə oradan yüksək liqaya futbolçu gətirmişəm. Yəni birinci divizionun belə vaxtları da olub.

Divizionla Premyer Liqa arasındakı uçurum
Ağasəlim Mircavadov

Divizion komandaları özləri də Premyer Liqa klublarına yaxınlaşmalıdırlar. Bunu hərdən yoxlam oyunu keçirməklə etmək olar. İldə bir dəfə kubok oyununda qarşılaşırlar, onda da necə uduzduqlarını görürsünüz. 
Divizion klubları sanki çempionatı yola verirlər. Düşünürlər ki, mövsümü başa vuraq sonra yeni mövsümə başlayaq. Onlara ən yaxşı nümunə kimi “Qəbələ”ni göstərmək olar. Bu komanda 1-2 il birinci divizionda oynadı. Sonra çempion olub yüksək liqaya gəldi. Tədricən klub kimi inkişaf etdi. “Zirə”də onun kimi. 
Birinci divizion klubları uşaq futboluna da önəm vermir . Ancaq yüksək liqaya çıxmaq üçün əsas şərtlərdən biri odur ki, klubun uşaq futbolu olmalıdır. Hər şey planlı olmalıdır. Bu gün divizion klubları futbolçu yetişdirə bilmirlər. Ancaq infrastruktur olsa, bu komandalardan elə oyunçular çıxar ki, hətta onlar yığmamıza da kömək edə bilər. 

Başqa ölkələrin çempionatları ilə ayaqlaşmaq istəyiriksə, biz də onlar kimi etməliyik. Bütün bunlar üçün isə qeyd etdiyim kimi, yaxşı sponsorlar olmalıdır. 10 il bundan əvvəl niyə Premyer Liqamızda güclü rəqabət var idi? Çünki yaxşı maliyyələşən 5-6 klubumuz var idi. Onların sayəsində çempionatda rəqabət var idi. Bu gün divizion klubları çətinliklər içərisindədir. Bu cür şəraitdə Premyer Liqa klubları ilə başabaş mübarizə aparmaq mümkün deyil.

Ötən il birinci divizionda biabırçılıq oldu. Bəzi klublara lisenziya verilmədi. Bu cür halların da qarşısı alınmalıdır".

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat