Ş.Lekler: “Atamı və Byankini düşünüb yarışıram”

Sayta qoyulub: 07:30 07.11.2017 (134 dəfə oxunub)

Formula2 üzrə son Dünya Çempionu Şarl Lekler bildirib ki, Jül Byanki ilə atasını düşünərək yarışır.

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ilin Yaponiya yarışında qəza keçirmiş və 9 ay komada qaldıqdan sonra dünyasını dəyişmişdi. Lekler bu ilin iyun ayında atasını da itirmişdi.

Şarl Lekler: “Bu ilə qədər ancaq Jül Byanki üçün yarışırdım. Amma artıq qəlbimdə atam da var. Onlar çətin vaxtlarımda mənə güc verən iki insandır. Onlar karyeramın dayaqlarıdır. Atam ən böyük azarkeşim idi. Qalib gəldiyim zaman ən çox o sevinirdi. Onların məni izlədiklərini və mənimlə qürur duyduqlarını düşünərək ən yaxşı nəticələri almaq istəyirəm.

İlk dövrəmi Jülün atasının arxasında atmışdım. Onun kartı ilə mənim kartıma bir kəndir bağladıq. Beləliklə, sadəcə dönməyi və əylənməyi öyrənməli idim. Kartdan düşdükdən sonra atama dedim ki, böyüyəndə bu işlə məşğul olacam”.

Xatırladaq ki, Lekler atasını Azərbaycan Qran Prisindən 3 gün əvvəl itirmişdi, amma 20 yaşlı sürücü Bakıda mükəmməl performans göstərərək, 43 xal qazana bilmişdi: “Ağlım başqa yerdə idi. Yarışmaq mənim üçün çətin idi. Birinci sərbəst yürüşlər mənim üçün yaxşı deyildi. Sərbəst yürüşlərdən sonra atamın məndən nə istədiyini xatırladım. Emosional olmamaq mümkünsüzdür. Qalib gəlməli idim. İstəyərdi ki, ən yaxşı performansımı göstərim. Elə də etdim.

Formula2-də çempion olmusunuzsa, deməli Formula1-ə hazırsınız. Bundan artığını edə bilməzsiniz”.

XƏBƏR LENTİ