Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Böyük kapitan"ın həyat kitabı: Embarqoyla başlayan uzun yol...

Sayta qoyulub: 11:54 24.10.2017 (180 dəfə oxunub)

Xarizmatikdi. Tərsdi. İnadkardı. Sınmır. Uduzanda da boyun əymir, opponentlərindən geri qaldıqda da vuruşur. O, bu zirvəyə dişiylə, dırnağıyla yüksəlib. İndi karyerasının qürub çağını yaşayır. Kimlərsə qazandıqlarını kiçiltməyə cəhd edir, kimlərsə həmin qısqancların təbliğatının təsiri altına düşür, amma o, tutduğu yoldan dönmür. Dövrümüz belədi, insana sağlığında, futbolçuya oynadığı dövrdə dəyər verilmir. Ancaq o, şan-şöhrət arxasınca qaçmır, dünən də belə idi, bu gün də belədi. 35 yaşadək belə olubsa, bundan sonra xasiyyətinin dəyişəcəyi mümkünsüzdü. Millinin heyətində son oyununu keçirdikdən sonra görüşüb, müsahibə almaq istəyimizi bildirdik. Bundan bir həftə sonra isə randevu baş tutdu. “Böyük kapitan”la söhbətə uzaqlardan, lap uzaqlardan başladıq. Futbolçu kitabını səhifə-səhifə birlikdə vərəqlədik. Bu yolda etdiyi səhvlərdən də danışdı, qələmə almadığımız səhifələrdən də konfidensial şəkildə məlumat verdi, onu incidən, hələ də silib ata bilmədiyi günləri də xatırladı. Rəşad Sadıqovla bu cür geniş müsahibə indiyədək dərc olunmamışdı. Ancaq o, 17 illik peşəkar karyerası ərzində Azərbaycan futbolu üçün alimlik zirvəsinə ucalıb. Deməli, “Böyük kapitan”ın “kitab”ını vərəqləmək, futbolsevərlərə açmaq bizim borcumuzdu. Bu borcu necə yerinə yetirə bildiyimizə isə siz – oxucular qiymət verəcəksiniz. Beləliklə, monitora yaxın əyləşin.

 

"Düşünürəm ki, futboldan gedəndə vida matçı təşkil edim və beynimdən keçən bir-iki variant var"

- Rəşad Sadıqov milli karyerasını başa vurması böyük ajiotaj doğurdu. Vida matçından sonra yaşananları necə dəyərləndirirsən?
- Sözün düzü, insanlar tərəfindən bu qədər qayğı, məhəbbət olacağını, bu qədər xoş söz eşidəcəyimi gözləmirdim.

- Millidə vida matçın sakit keçdi. Səbəb nə idi? 
- Özüm elə olmasını istəyirdim. Çünki həmişə belə hesab etmişəm ki, elə bir karyeraya sahib deyiləm ki, mənə təntnəli şəkildə vida oyunu keçirilsin. Buna rəğmən, vida oyunu keçirildikdən sonra azarkeşlərimiz, mətbuatımız, AFFA, məşqçilərimiz, futbolçularımız tərəfindən ünvanıma yalnız xoş sözlər, fikirlər eşitdim. Bu, çox sevindirici haldı. Bir çoxları bu addımı zamanında atdığımı düşünürlər. Qərar verdikdən sonra hamı bu haqda düşünür. Milliylə vidalaşmağım bir çoxu üçün də gözlənilməz oldu. Ancaq sonra hamı deyir ki, sadaladığın səbəblərim hamısı doğrudu, düz fikirləşdin, düzgün addım atdın.Tarixə həmişə nəticəylə düşməyə çalışmışam. Bunu qazanıb tarixə düşməyə cəhd etmişəm, reklam xarakterli bir şeylərlə deyil. Həm də axı, futboldan getməmişəm, milli karyeramı başa vurdum. Düşünürəm ki, futboldan gedəndə vida matçı təşkil edim. Ancaq indidən həmin matç ətrafında plan qurmuram. Beynimdən keçən bir-iki variant var. Məsələn, futbolçu karyeramın bağlı olduğu “Neftçi” ilə “Qarabağ” arasında matç. Bunu son oyun olduqda düşünərik. Dünya çempionatının final mərhələsinə düşsəydik və ya daha yaxşı nəticə qazansaydıq, bəlkə də elə bir şey etmək olardı. Ancaq qrupda şansımızı itirdiyimizə görə onsuz da çox üzgün idim. Elə də təntənəli bir şeyin baş verməsinə səbəb görmürdüm.

- PRO kurslarında media ilə münasibətin vacibliyinə dair dərs var. Maraqlıdı ki, sən karyeranboyu bu dərsdən “əla” qiymət almısan...
- Gəncliyimdən mətbuatla münasibəti buna görə qurmamışam ki, nə vaxtsa PRO-da belə olacaq. O vaxt ümumiyyətcə, dərk eləmirdim ki, “çəngəl-bıçaq” münasibəti olsa, məni nə gözləyir. İnsanları heç vaxt kateqoriyaya bölməmişəm: mətbuatdı, futbolçudu, rəhbərlikdi – hamıya çalışmışam ki, eyni münasibəti göstərim. Təbii ki, qarşımdakı insan o hörmətə layiqdirsə. Kim olur-olsun, o hörmətə layiq deyilsə, hər biriylə “çəngəl-bıçaq” olmağa hazıram. Yalandan da süni şəkildə münasibət qurmayacağam. O insan ki zəhmətkeşdir, işinə peşəkar səviyyədə yanaşır, insanlığı yüksək səviyyədədi, o insanla həmişə yaxşı münasibətdə olmuşam. Heş vaxt insanları imkanlı-kasıb kateqoriyasına bölməmişəm. Ancaq PRO kateqoriyasında həqiqədən mediayla münasibət qurmağı öyrədirlər, başa salırlar. Sözün düzü, bu hissələrinə o qədər də önəm verməmişəm, mənə maraqlı olmayıb. Çünki o şeylə mən razılaşmıram, sanki söhbət süni şəkildə qurulan münasibətlərdən gedir. Mənim üçün səmimi münasibətlər hər şeydən öndədi.

 

"AFFA o vaxt məni məcbur edirdi ki, özünün yaratdığı "Şəfa" klubunda oynayım, mən isə..."

 

- Ümumiyyətlə, insan həyatı kitabdı. İlk səhifəyə qayıdanda nəyi xatırlayırsan? Futbola gəlişin və sonrakı addımlar...
- Peşəkar futboldan danışırıqsa, karyeramın ilk səhifələri Tovuz “Turan”ında oldu. Çox çalışırdım, çox istəyirdim ki, yüksək liqada möhkəmlənim, daim oynayım, seçilim, milli komandaya düşüm. Təbii ki, asan deyildi, rəqabət böyük idi. Mən də gənc, 18 yaşlı futbolçu, çox kasıbçılıq idi. Bilirdim ki, vəziyyətdən çıxmaq üçün bütün diqqətimi futbola yönəltməliyəm. Çünki başqa bir şey bacarmırdım. İlk səhifəmdə çox çətin günlərim oldu. Tovuzda qalırdım, gənc yaşımda ailədən uzaq, təcrübəli, yaşlı insanların içində çətin günlər keçirdim. Bir tərəfdən də AFFA oynamağa icazə vermirdi. O vaxt məni məcbur edirdilər ki, assosiasiyanın özünün yaratdığı “Şəfa” klubunda oynayım. Mən isə ilk növbədə Turan”a söz verdiyim üçün getmirdim. Hətta hədə-qorxular oldu ki, milliyə çağırılmayacaqsan: “Millinin maykasını geyinmək istəyirsənsə, mütləq “Şəfa”da oynamalısan”. Lakin söz vermişdim, vədimə xilaf çıxa bilməzdim. Nə qədər çətin olsa da, Tovuzda qaldım. Tədricən problem çözüldü, mənə “Turan”da oynamağa icazə verdilər. 7-8 tur kənarda qalsam da, Tovuz klubunu tərk etmədim. Ardından milliyə də dəvət aldım, problem yadddan çıxdı. Bax, peşəkar karyerama belə bir çətinliklərlə başlamışam. “Turan” rəhbərliyi də, futbolçular da cəmi 18 yaşım olmasına baxmayaraq, sözümü tutduğumun şahidi oldular. Bu hərəkətim insanlar arasında rəğbət qazanmağıma təkan verdi. İnsanlar prinsipiallığımı həmin vaxtdan görməyə başlamışdılar.

- Səni “Turan”a Kazbek Tuayev aparmışdı. Harda gözaltı etmişdi? Uzaq Tovuza getməkdə tərəddüd etmədin ki?
- Biz Vaqif Paşayevin rəhbərliyi altında I liqada “Real”da çıxış edirdik. Vaqif Sadıqovun baş məşqçisi olduğu “ANS Pivani”ylə oynayırdıq. O vaxt bu komandanın ulduz heyəti vardı. Əslində, mən “Turan”a Tuayevin dövründə getməmişəm. Bəli, Kazbek Əliyeviç klubda idi, ancaq baş məşqçi deyildi. Baş məqşçi kimi ilk olaraq Böyükağa Ağayevin rəhbərliyi altında olmuşam. Bir gün “Turan”ın rəsmisi Namiq Məstanov oyunuma baxmağa gəldi. İkicni oyuna artıq Böyükağa müəllimi gətirmişdi. Elə oldu ki, biz dalbadal yüksək liqa təmsilçiləriylə 3 yoxlama matçı keçirdik: rəqiblərimiz “Ümid”, “Dinamo” və “ANS Pivani” idi. “Turan”ın nümayəndələri ikinci oyundan sonra mənimlə görüşdülər, dəvət etdilər. Sonra elə oldu ki, “Ümid”lə oynadıq. Bu matçdan sonra onlar da mənə təklif göndərdi. Sadəcə, bundan 2-3 gün əvvəl artıq “Turan”la razılaşmışdım. Sonra “Şəfa” məni çağırmağa başladı. Bir ayın içərisində diqqət mərkəzinə düşdüm. Təkliflər başladı, maraq dairəsinə düşdüm. Lakin artıq “Turan”a söz vermişdim. Düzdü, bir neçə turdan sonra Böyükağa müəllim ardıcıl böyükhesablı məğlubiyyətlər səbəbindən komandadan ayrıldı və baş məşqçi Kazbek Tuayev oldu. Mən də “Turan”da məhz onun rəhbərliyi altında oynamağa başladım. O da ikinci oyununda məni birbaşa əsas heyətə qoydu. “Şəmkir”lə çətin səfər matçı idi. Hətta sonradan münasibətlərimiz yaranan bəzi azarkeşlər deyirdilər ki, biz tribunada şoka düşmüşdük, 18 yaşlı uşağı belə rəqiblə matça hara qoyursan? “Şəmkir” onda çempionluğa oynayırdı, çempion da oldu. Həmin matç çox yaxşı keçdi, 100-cü dəqiqədə qapımıza penaltidən qol vurdular. “Məşhur” penalti idi. Orda oyunum yaxşı alınmışdı və demək olar həmin vaxtdan heyətdə möhkəmlənməyə başladım.

- Hüseynqulu Quliyevlə ilə birgə müdafiədə oynayırdın...
- Bəli, o sağ, mən mərkəz müdafiəçisi mövqeyində oynayırıdm. O vaxt 3 müdafiəçi ilə oynayırdıq, mən tək libero idim. Onda müdafiədə Eltay Aslanov, Ruslan Abbasov, Sakit Alıyev oynayırdı. Yaxşı heyətimiz vardı. Gilasoniya qardaşları heyətimizdə idilər – Georgi və Varlam.

- Gənc Rəşad Sadıqovun Tovuzdakı günlərə psixoloji yanaşması maraqlıdı. Deyirsən ki, kasıbçılıq idi. Bu tərəfdən 7-8 tur oynamağa qoymadılar. Sənin də cəmi 18 yaşın var. Bu təzyiqin altında necə dözdün, necə tab gətirə bildin? 
- Ən böyük üstünlüyüm işimi həddindən artıq sevməyim olub. Azərbaycan səviyyəsində nələrə nail olmuşamsa, düünürəm ki, Allah işimə olan sevgimə görə verib. O dövrdə məni ən çox narahat edən o idi ki, geri addım atmaq istəmirdim. Həmin hiss məni boğub, sıxıb saxlayırdı ki, geri addım atmaq olmaz. Hansısa bir işi yarımçıq qoymağı xoşlamıram. Uğursuzluq olsa belə sona çatdırmağı xoşlayıram. İdmanda şanssız şəkildə məğlub olanda da xoşlayıram ki, final fiti olsun, oyunu sona çatdırım. Və ya komanda 0:6 hesabı ilə uduzur, mən əvəz edilərək meydandan çıxım, bu, mənə ağır gələn bir şeylər olur. O anlarda ən çox onu düşünürdüm ki, geri addım atmış olacağam. Oynamağıma icazə vermirlər. Söz vermişəm, sözümün üstündə durmuram. Həmin dövrdə bu tip problemlər yaşadım. Ancaq prinsipiallığı qorudum, səhər çıxıb fərdi məşqimi edirdim, axşam komanda ilə hazırlaşırdım. O vaxt mobil telefonlar yeni çıxmışdı, məndə yox idi, evlə əlaqə çox nadir hallarda yarada bilirdim. İmkan düşdükcə gedib poçtdan əlaqə saxlayırdım. Qışda havalar çox soyuq olurdu. “Turan”ın da o dövrdə vəziyyəti ideal deyildi. Bircə onu fikirləşirdim ki, dözmək lazımdı. Elə oldu ki, həmin mövsümün sonunda həqiqətən bunun bəhrəsini gördüm. Millidə möhkənləndim, artıq “Neftçi”yə transfer oldum. Artıq mənim üçün başqa səhifə açılmağa başaldı...

 

"Tuayev Qazzayevə məni demişdi, o möhkəm istəsəydi, məni götürərdi"

- Kazbek Əliyeviç sənə nə verdi?
- Çox şey. Mənə böyüklük edirdi. Ondan məsləhətsiz demək olar heç bir qərarlar qəbul eləmirdim. Hətta “Neftçi”yə keçdiyimdə də o “Turan”da idi. Məni baş məşqçi Oqtay Abdullayev dəvət etmişdi. Yenə də Tuayevlə məsləhətləşdim. Təklif “Neftçi”dəndi deyə dərhal atılıb qaçmadım. Nə qədər ki, Tuayevin rəhbərliyi altında oynamışam, onsuz heç bir qərar qəbul etməmişəm. Kazbek Əliyeviç mənim üçün həmişə dəyərli insan olub.

- Bəs məşqçi olaraq nə verdi? Məhz mütəxəssis kimi, psixoloq-pedaqoq kimi yox...
- Futbol olaraq mənə verdiyi ən böyük şey mənə inanmağı idi. Səhv etsəm də, yaxşı-pis oynasam da, məni meydançada saxlaması idi. O, mənə inanırdı ki, bu insana güvənmək, üzərində dayanmaq olar. Bundan futbolçu çıxacaq. Təbii ki, məndə hər şey ideal deyildi, çatışmayan cəhətlərim, zəif oyunlarım var idi. Ancaq ən vacib, ağır oyunlarda həmişə əsas heyətin üzvü olmuşam. Elə olurdu ki, Tuayev məşqdən sonra mənimlə fərdi çox işləyirdi. Topla oyun, uzun ötürmələr, qapıya zərbələr üzərində çalışırdıq. Çox söhbətlərimiz olurdu, çünki Tovuzda bir yerdə qalırdıq. O idi, futbolçulardan mən, Hüseynqulu Quliyev, Bəhram Şahquliyev. Dörüdümüz bazada qalırdıq və söhbət etməyə yetərincə vaxtımız olurdu. Demək olar hər gün vaxtımızı birgə keçirirdik. Sovet futbolundan tutmuş müasir futbola qədər, daim onu danışdırırdım, lazım olan məsləhətlərimi alırdım.

- Tuayev hələ 2004-cü ildən bu yana bizə müsahibələrdə dəfələrlə bildirmişdi ki, Moskva MOİK-inin ovaxtkı baş məşqçisi Valeri Qazzayevə səni götürməyi təkid edib. O, səni mövqeyində oynayan Sergey İqnaşeviçdən güclü sayırdı. Doğrudanmı, Qazzayev səninlə hansısa formada maraqlanırdı, yoxsa bu, daha çox öz təşəbbüsü ilə bağlı idi?
- Qazzayev mənimlə maraqlanmamışdı. Bəli, aralarında söhbət olmuşdu. Onlar çox yaxındırlar. Qazzayev də bəyəndiyini, amma oynamağımın daha önəmli olduğunu düşünürdü, nəinki gəlib İqnaşveçinin əvəzləyicisi kimi ehtiyat oyunçular skamyasında oturmağı. Lakin aydın məsələdir ki, Qazzayev möhkəm istəsəydi, məni götürərdi. Hansısa bir futbolçunu çox istəyim, variant yoxdur ki, komandama götürməyim. Əlbəttə, imkanım varsa. Ancaq MOİK-lə Moskvada cavab matçı oynadıqda Rusiya Premyer Liqasından başqa komanda otelimizə gəlmişdi. Tam yüzdə-yüz deyildi, ancaq görüşlər olmuşdu. Deyilmişdi ki, oyundan sonra danışarıq. Söhbətlər də elə qaldı. Moskvadakı qarşılaşmanı o qədər də yaxşı səviyyədə keçirmədim. Ola bilsin, buna görə təkliflər o qədər də çox olmadı.

"Kamal Quliyevin cəzalı olması da millidə yolumun açılmasında rol oynadı"

- Millidə ilk addımlarını mərkəz yox, ön müdafiəçi kimi başladın...
- Ancaq ən yaxşı oyunlarımı libero kimi oynadım. İstər millidə olsun, istər “Neftçi”də. Onda 3-lü müdafiə idi.

- Milli karyeran İqor Ponomaryovun rəhbərliyi altında Stokholmda İsveş yığmasıyla rəsmi oyunla başladı. Həmin dövrü necə xatırlayırsan?
- O vaxt U-21-də çıxış edirdim, 1-2 dəfə millidə yoldaşlıq görüşlərində əsas heyətdə oynamışdım. Ancaq onda əsas yığmaya dəvət almırdım. Oyunların bəzilərindən sonra Ponomaryov mənə yaxınlaşırdı. Deyirdi ki, yaxşısan, özünə inan, bunun üzərində işlə, hər şey qaydasında olacaq. Daim mənimlə belə müzakirələr aparırdı. O vaxt U-21 əsas yığmadan 1 gün əvvəl oynayırdı. Son 3 oyunda əsas yığmaya cəlb olunmağa başladım. Ancaq oynamırdım, əsas heyətə düşmürdüm. Sadəcə, gedib oteldə 1 gün qalırdım, “18-lik”də ehtiyatda otururdum. Son oyun idi, millinin heç bir şansı yox idi. Kamal Quliyev də cəzalı olduğundan oyunu buraxırdı. Elə oldu ki, baş məşqçi məni dəvət etdi. Həmin matçda mənimlə Ramal Hüseynov oynadı. İki gənc futbolçunu əsas heyətə qoydular. Bizə inandı. Millidə uğurlu karyeramın başlanmasında Ponomaryovun da rolu oldu. Pis oynamadım ki, bundan sonra mənə inanmağa başladılar.

- Debütün hansı mövqedə oldu? 
- Kamalın oynadığı sağ cinah müdafiəçisi mövqeyində. Onda müdafiədə 5-li sistemlə oynayırdıq. Çox istəkli idim. Kamalın cəzalı olması da millidə yolumun açılmasında rol oynadı.

 

"Torres" İsrailə 0:6-dan sonra məni milliyə dəvət etmək istəmirdi"

- Bəs Karlo Alberto Torres sənə nə verdi?
- Millidə nə qədər baş məşqçilər olub, ən yaxşı münasibətdə olduqlarımdan biri Torres olub. Biri də Robert Prosineçki ki, həqiqətən iki böyük şəxsiyyətdən danışıram. Dərhal görünürdü ki, onlar böyük futbolçular, böyük şəxsiyyətlər olub. Öz danışıqları, nəsihətləri, bizi oyuna hazırlamaqları ilə çox fərqli insanlar olublar. İkisindən də çox şey öyrənmişəm. İlk olaraq Torreslə başladım 4-lü sistemdə oynamağa. Daim 3 müdafiəçi ilə oynamağa öyrəşmişdim. Torres mənə öz məsləhətlərini verirdi. O, mənə həddindən çox inanırdı.

- Torres bütün müsahibələrində bunu xüsusi qabardıb...
- Bəli, Torres hamıdan tələb edir ki, hücumlar Rəşaddan başlamalıdı, hücumları o qurmalıdı. Futbolçu kimi inkişafımda çox faydası dəyib.

- Ancaq Torreslə startınız çox uğursuz olmuşdu. İsrail yığması ilə səfər matçı yoldaşlıq görüşü olsa belə, 0:6 hesablı darmadağın yaşadınız...

- Əslində, Torres 0:6-dan sonra məni dəvət etmək istəmirdi. O vaxt zədəli idim, 2 ay idi oynamırdım. 10-15 gün idi məşqə başlamışdım və getdik İsraillə oyuna. Təbii ki, ideal formadan uzaq idim. Ancaq Torres bunu bilmirdi. Mən də həmin matçı çox zəif oynadım, fiziki cəhətdən çatdırmırdım, topla istənilən səviyyədə işləmirdim. Bundan sonra Torres milliyə 5-6 nəfəri dəvət etmək istəmirdi ki, bunlardan da biri mən idim. Sadəcə, ona deyilmişdi ki, ən perspektivli futbolçularımızdan biridi, zədəli idi, bir dəfə də şans ver. Torresi fikrindən yayındırmışdılar və o, mənə Qazaxıstan yığmasıyla səfər matçında da şans verdi. Elə oldu ki, hesab 2:2 idi, 10 nəfər qalmışdıq və cərimə zərbəsindən qola imza atdım ki, nəticədə qələbə qazandıq. Bu oyundan sonra Torresin mənə qarşı fikri 180 dərəcə dəyişdi. Mən də oyuna çıxanda bilirdim ki, mənim üçün bir şansdı, bundan istifadə etməsəm, sonuc pis olacaq.

- Braziliyalı İsrail yığmasıyla oyundan öncə verdiyi müsahibədə bildirmişdi ki, bu rəqib kimdi ki biz onunla ümumiyyətlə, hesablaşaq. Qayıdandan sonra 0:6 hesablı nəticəni xatırlatdıqda dedi ki, günahı üzərimdən götürmürəm. Ancaq məsələ burasındadır ki, uşaqlara total futbol oynamağı tapşırmışdım. Yəni hamı müdafiəyə, hamı hücuma. Ancaq Azərbaycan millsinin futbolçuları ancaq hücuma gedirdilər, geriyə qayıda bilmirdilər, fiziki çatdırmırdılar. O vəziyyəti yaradan həqiqətən onun düşündüyü taktika oldu? 
- Xeyr, normal taktika idi. Torres tapşırıqlarını vermişdi. Sadəcə, oyunu çox zəif keçirmişdik. Ümumiyyətlə, güclü yığmalara qarşı yoldaşlıq görüşlərində oynamaq həmişə çətindi. Sərbəst, rahat olurlar, üzərlərində təzyiq yoxdu, evdə öz azarkeşləri qarşısında oynayırlar. Sizi inandırım ki, güclü yığmalarla seçmə mərhələ ilə müqayisədə yoldaşlıq görüşləri daha çətindir. Ən böyük hesablı məğlubiyyətlərimiz elə yoldaşlıq görüşlərində olub.

 

"Uelsə vurduğum qol bunun bəhrəsi idi, Allah mənə belə gözəl qol vurmağı nəsib elədi"

- Qəribə bir tendensiya var. Torresin dönəmində həmin 0:6-dan sonra millimiz yoldaşlıq görüşlərində uğurlu çıxış etdi. Bu komandaya inam yarandığı vaxtda isə seçmə mərhələdə qələbə olmadı. Hərçənd, Şimali İrlandiyanı evdə məğlub edəcəyimiz gözlənilirdi...
- Gözləməklə deyil, reallıq var. Problemlər elə ordan yaranır. Gözləyirik, sonra məyus oluruq. Nə vaxt gözləmirik, onda da yaxşı çıxış edirik, uğurlu nəticə olur. Baxıram ki, nə vaxt bizdən çox uğurlu nəticə gözləyirlər, nəsə olur, alınmır. Demirəm ki, səbəb budu, ümumiyyətlə, deyirəm.

- Vurduğun qollar arasında yaddqalanlar çox olub. Yəqin ki, elə söz açdığımız seçmə mərhələdə Uelslə Bakıdakı matçda fərqləndiyin qol da bu sıralamadadı. Uzaq məsafədən vurduğun baxımlı qol nəyin nəticəsi idi?
- O vaxt həddindən artıq cərimə zərbələri üzərində işləyirdim. Hər məşqdən sonra bunu edirdim. Qapıya 50-100 zərbə vururdum. Düşünürəm ki, bunun bəhrəsi idi, Allah mənə belə gözəl qol vurmağı nəsib elədi.

- Torresin gəlişindən sonra milli qapıya zərbə vurmağa başladı. Ondan öncəki futbolu xatırlasaq, sanki topqarışıq qapıya girmək istəyirdik. Ancaq Torresin vaxtında orta və uzaq məsafədən cərimələr, zərbələr vurulmağa başladı...
- Məşqdə maketlər qoyaraq “canlı sədd”in üzərindən zərbələr üzərində işləməyə başladıq. Bu, ilk dəfə Torresin vaxtında oldu.

-  Cərimə meydanı yaxınlığında dərd yarı, 40-45 metrəlik məsafədən də cərimə zərbələri təyin olunan zaman azarkeşlərin “Rəşad, Rəşad” deyə qışqırmaları artıq adət halını almışdı. Bu, bir müddət də davam elədi. Hər halda, məsafə baxımdan 50 metrdən qol vurmaq real görünmür. “Tribunaların “Rəşad, gəl vur” tələbini eşidəndə necə hisslər keçirirdin?
-  Çox xoş hisslər idi. Yaxınlaşırdım, vururdum. Təbii ki, lap uzaqdan da yox. Hər şeyin etik qaydaları da var. Təəssüflər olsun ki, o dövrdən sonra ciddi zədə aldım. 4 ay futbol oynamadım. Bu, “Honka”yla cavab oyunundan sonra, Almaniyayla matçda idi. Bu üzdən “Tvente”ylə qarşılaşmaları da oynamadım. Zədəni də məhz qapıya zərbə vuran anda almışdım. Bu, Almaniyayla matçda isinmə hərəkətləri edərkən olmuşdu. Zədədən sonra zərbələrimdə gücü itirmişdim. Sonra bərpa olundum, çempionatda bəzi oyunlarda cərimə zərbəsindən fərqləndim. Ardından dizimdəm əməliyyat keçirdim. Bu, 4-5 il öncə olub. Bundan sonra artıq cərimə zərbələri üzərində o qədər də işləyə bilmirdim. İşləmədikcə də zərbələrin kəsəri itməyə başladı.
 

“Neftçi”ni Gedeyə və ya İlqar Quluzadəyə görə  sevməmişəm ki, onlara görə də “Neftçi”yə nifrət edim"

- “Neftçi”də karyeranın güclü dönəmində Hans-Yurgen Gede gəldi. Onunla aranızda hansı “qara pişik” keçdi? Yoxsa Gede deyildi səbəbkar?
- Yox, əsas səbəbkarlardan biri Gede idi. Ancaq aydın məsələdi ki, o, tək deyildi. Çünki Gede milliyə gələn kimi onu Azərbaycana gətirən baş məşqçi Berti Foqtsla arasından “qara pişik” keçdi. Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi. Verdiyi yükləmələr, taktika – insanın bu qədər futboldan uzaq anlayışda olması mənim üçün çox qəribə idi.

- Futboldan uzaq adamı Foqts nəyə gətirmişdi?
- Biri var köməkçi, biri də var baş məşqçi. Köməkçi olanda onun bir çox mənfi cəhətləri üzə çıxmır. Əsl potensialını görmək üçün baş məşqçi olması lazımdı və bu zaman hər şeyi üzə çıxır. Onda artıq əsas söz sahibi, hər şeyi idarə edən sənsən. Oturmusan təcrübəli insanın yanında, nə var ki? İsinmə hərəkətləri verirsən, vəssalam, qurtardı getdi. Foqts özü şokda idi. Deyirdi ki, yığıram, zənglərimə cavab vermir ki, soruşum, bu, nədir millinin üzvlərinə başına oyun açırsan? Mənimlə yanaşı, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Aleksandr Çertoqanov, Georgi Adamiyanı “Neftçi”dən çıxardı. Ümumilikdə 10-a yaxın futbolçunu kənarlaşdırdı.

- Həmin olay konkret necə oldu?
- Gede ilk olaraq Rəşadla Elnurdan başladı, onları göndərdi. Təsəvvür edin, millinin üzvləri Lixtenşteynlə oyundan gəlmişik. Ankarada ikitərəfli oyundu, Sadiqov meydanın kənarında qaçır. Yəni iki heyətdə ona yer yoxdu. Artıq ordan qopmalar başladı, Rəşadla problemləri başladı. Elnuru heyətə qoymurdu. Onunla da problemi oldu. Komanda yavaş-yavaş parçalanmağa başladı. Futbolçular bir-bir əvəzedici heyətə göndərildi. Beləcə “bardak” başladı. “İnter”lə oyundan sonra rəhbərlik məni çağıırb dedi ki, baş məqşçi səni görmək istəmir. Gedeylə söhbət etmək istəsəm də, bu, baş tutmadı, danışmaq istəmədi. Bilmədim ki, səbəbi nədi. Məğlub olmuşuq, başa düşdüm. Ancaq səbəb nədi?.. O söhbətləri çox xatırlamaq istəmirəm. Danışılaşacaq söhbətlər deyil. Onları görmək lazım idi. Mən danışıram, insanlar elə bilir ki, mənə sərf edən formada danışıram. Özünüz də gördünüz ki, sonda Gede azarkeş tərəfindən vuruldu və o cür Azərbaycandan getdi. Allah qorusun, bir məşqçi üçün bundan ağır bir şey ola bilməz. Öz maraqlarını güdür və insanları o həddə çatdırmışdı ki, sonda da belə oldu. O vaxt “Neftçi”də çox hadisələr baş verdi.

- Bu xoşagəlməz olaya görə “Neftçi”yə qarşı səndə nifrət yarandımı?
- Qətiyyən! Mən “Neftçi”ni sevmişəm, həmişə də ürəyimdədi. Mən Gedeyə və ya İlqar Quluzadəyə görə “Neftçi”ni sevməmişəm ki, onlara görə də “Neftçi”yə nifrət edim. Onlar bu gün var, sabah yoxdur. Özünüz də gördünüz ki, necə gəldilər, elə də getdilər. Ancaq “Neftçi” mənim üçün həmişə “Neftçi”di!

 

“Rusenborq”a, “Honka”ya qol vuranda “Neftçi”dən gedişimə səbəb olan həmin şəxslər məni ayaqüstə alqışlayırdılar"

- Artıq üstündən neçə il keçib, müşahidə edirsən. Səbəb nə ola bilər?
- Maraqlar var idi.

- Kimisə komandaya gətirim?
- 10 nəfər getdi, 10 nəfər gəldi. Sonradan məlum məsələlər var ki, üstü açıldı. Kimlərsə eşitdi, kimlərsə yox. Çox adam eşitdi ki, bəzi insanlar komandadan nə formada getdi. Ortadadı da söhbətlər. Çox şükür Allaha ki, bizdə belə söhbətlər olmadı. Bəzi məsələlər bizim dövrümüzdə olmayıb. Bizim alnımız ona görə açıqdı. Bizi ancaq boş-boş şeylərlə ləkələdilər. Ay topu belə çıxarmadın, belə çıxardın...Çox şükür ki, bizi ləkələmədilər.

- Gede səninlə görüşmək istəmədi, bəs “Neftçi”nin rəhbərliyindən kiminləsə görüşməyə cəhd eləmədin?
- Görüşdüm. Hamı bir-birinin üstünə atırdı. Vitse-prezident İlqar Quluzadəylə danışdım. Dedi ki, mənlik deyil.

- “Neftçi”nin prezidenti Əkbər Hacıyev idi...
- O, prezident idi. İşi əsas aparan İlqar Quluzadə idi. Çox şeylər var idi, o söhbətlərə qayıtmaq istəmirəm. Yaxşı ki, bəzi şeylər baş verdi. Bu, güclü olmaq baxımından mənim üçün daha da stimul oldu.

- “Neftçi”dən çıxarılanda stress yaşamağın qaçılmaz idi. İnsan bu zaman deyir ki, “bəsdi, qurtardım”. Belə bir həvəsin olmadı?
- Xeyr, heç vaxt! Tam tərsi idi, içimdən alovlanırdım ki, əksini sübut edəcəyəm. Üstündən 5 ay keçdi, mən Avropa Liqasında “Rusenborq”a, “Honka”ya qol vuranda “Neftçi”dən gedişimə səbəb olan həmin şəxslər məni ayaqüstə alqışlayırdılar. Bunu məcburiyyətdən edirdilər. Bilirdim ki, sevgiylə deyil. 

 

"Qarabağ"a 2 oyunluq avrokuboklarda kömək niyyətilə gəlmişdim, ancaq ilişdim qaldım..." 

- “Qarabağ”a keçidin çox qısa zamanda baş tutdu. “Neftçi”dən kənarlaşdırılan kimi söhbət oldu?
-  Bəli. Kənarlaşdırılan kimi Tahir Gözəl və Qurban Qurbanovla üçlükdə görüşüm oldu. İlk olaraq Qurban müəllim mənimlə görüşmüşdü. Məni komandada görmək istəyirdi. Mən də cavab verdim ki, gəlmək istəmirəm. Karyeramı xaricdə yaşamaq, bəzi şeyləri sübut etmək istəyirəm. O, məni başa düşdü. Ancaq Tahir bəy Qurbanova bildirdi ki, sən Rəşadı mənimlə də görüşə gətir, mən onu razı salacağam. Elə oldu ki, sonra Tahir bəylə görüşdüm. O da məni komandaya gətirmək üçün çox inad etdi. Ancaq dedim ki, çox xahiş edirəm, məni başa düşün, getməliyəm. Ən düzgün addım bu idi.

-  Və üz tutdun “Kocaelispor”a...
-  “Kocaelispor” söhbəti yox idi, ancaq ölkədən kənara getmək istəyirdim. Sonra elə oldu ki, variantlar arasında “Kocaelispor”u seçdim. Müqaviləyə çağırmışdılar, ancaq sonra bildim ki, baxışdayam. Dedim, problem yoxdu, olsun, oynadım. Sonra elə oldu ki, dedilər pul yoxdu bizdə. Dedim ki, yenə problem yoxdu, mənə meydan, səhnə lazımdı, oynamaq istəyirəm. Özümü özümə isbatlamaq istəyirəm. Elə oldu ki, orada karyeram uğurlu alındı. “Qarabağ”a da 2 oyunluq avrokuboklarda kömək niyyətilə gəlmişdim. Ancaq ilişdim qaldım və buna peşman deyiləm. 

-  “Bütün yollar Romaya aparır”. Hara fırlatsaq, karyeranın zirvə nöqtəsi “Qarabağ”dı. Yəqin, razılaşarsan ki, orda qızıl dövrünü yaşamısan. Bəli, sən hörmət bəslənilən, sevilən futbolçu idin. Ancaq ajiotaj, gurultulu alqışlar “Rusenborq”la Bakıdakı matçda oldu. Həmin anı nəql elə ki, hansı hissləri keçirirdin? Üstəlik, Norveçdə ağır oyun keçirmişdiniz və cavab matçı iyulun 23-ü Ağdamın işğalı gününə təsadüf etmişdi...
-  Mən “Qarabağ”a təlim-məşq toplanışına gəlmişdim. Təbii ki, onda komanda gənc idi. Rauf Əliyev, Əfran İsmayılov, Maksim Medvedev, Qaa Qarayev – hamısı gənc futbolçular idi. Onlar üçün Avropa Liqasında iştirak etmək artıq uğur idi. Amma mən gəldikdə ambisiyalı idim. Qurban müəllimin də xasiyyəti elədi ki, heç vaxt lokal nəticəylə kifayətlənən insan deyil. “Rusenborq”la ilk oyunu səfərdə keçirdik və qolsuz bərabərlik oldu. Paltardəyişmə otağında dəhşət bayram var idi. Bütün rəhbərlik, məşqçilər, futbolçular sevinc içərisində idi. Futbolçulara dedim ki, qarşıda cavab oyunumuz var. 

-  Yəni mərhələni hələ keçməmişik...
- Keçməyə görə deyil. Onlar üçün “Rusenborq”la bir matçda heç-heçə belə, uğur idi. O məqamı görürdüm. Qurban müəllim Tahir bəylə danışdı ki, çox bayram etməyək, qarşıda cavab oyunumuz var. Çalışıb mərhələni keçməliyik. Mən də futbolçulara dedim ki, indidən sevinməyin, hər şey qabaqdadı, cavab oyunu var, mərhələni keçmək lazımdı. Komandanın içində daim belə söhbətlər gedirdi. Elə oldu ki, cavab matçı çox ağır keçdi. Bugünə qədər yadımdadır, 45-ci dəqiqədə cərimə zərbəsindən vurduğum qolla qalib gəldik.

-  Həmin epizodu yada salaq...
- Bu, Allahdan mənə verilən hədiyyə idi. Deyim ki, mən belə vurdum, qol oldu, yox. Özünüz də gördünüz ki, topun trayektoriyasına görə elə qol ola bilməz. Bu, Allahın mənim üçün möcuzəsi idi. 

- Topun yanında Vaqif Cavadov da vardı. Belə fikir var idimi ki, bəlkə hava ötürməsi edək? Axı, ordan cərimə zərbəsi vurmazlar...
- Nə bilim...Vaqifə dedim ki, çıxart vurum. Sözün düzü, oyundan qabaq qol vurmağa çox köklənmişdim. Fərqlənməyi dəhşətli dərəcədə istəyirdim. Hətta oyundan əvvəl Rəşad Sadiqov və Georgi Adamiya ilə bir otaqda olan zamanı onlara dedim ki, qol vursam, sevinməyəcəyəm. Səbəbini məndən soruşdular. Dedim ki, burdan pis getmişəm, bəzi insanalardan küskünəm. Elə oldu ki, qol oldu və komanda yoldaşlarım qələbəni bayram etdikdə mən birbaşa soyunub-geyinmə otağına yollandım. Hətta sonra mətbuat bununla bağlı mənə sual da vermişdi. Demişdim ki, mənə 5-6 ay öncə baş verən hadisələri unutmaq asan deyil. Bunlar çox ağır olaylar idi və 3-5 ay içində unuda bilmərəm. 

- “Neftçi”də bir dönəm də oldu ki, transfer vərəqənin gecə gəldiyinə görə səni sifariş etməyə icazə vermədilər və 6 ay futbolsuz qaldın, basketbola getdin. Bu, onun qədər ağır zərbə deyildi?
-  Xeyr, o, bunun kimi deyildi. Çünki onda mən zərbəni federasiyadan almışdım, ancaq burda sevdiyim klubdan. Bu, mənim üçün iki fərqli məsələ idi. AFFA rəhbərliyin etdiyi məni o qədər üzmürdü. Ancaq “Neftçi”də baş verənlər sarsıdıcı idi. Bilirsiniz ki, mənə vaxtilə bir çox təkliflər olmuşdu. Ancaq heç birini qəbul eləməmişdim. Sonucda da bu şəkildə yola salınmağım... Hətta ən azından 1-2 ay da gözləmək, qış transfer dövründə normal şəkildə ayrılmaq da olardı.  Deyə bilərdilər ki, baş məşqçi səni istəmir, biz bir yerdə işləyə bilmirik. Baş məşqçi bunu eləmirdi, ancaq orda oturan insanlar bunu edə bilərdilər. Siz təsəvvür edin ki, çox qeyri-peşəkar bir dövr idi. Gündə bir oyunçu gedirdi komandadan, transfer dönəmi isə deyildi. İndi futbolda elə bir şeylə rastlaşırıq? Heç o vaxt da yox idi. Bircə bizdə “bardak”, bazar idi. Hər turda komandadan bir nəfər gedirdi. Yox, sən bu gün gözümə pis dəydin, getməlisən. Maraqlı hegemonluq yaranmışdı. Komanda istənilən şəkildə idarə olunurdu. Hamı quzu kimi idi ki, birdən nəsə pis şey edərəm, məni də çıxararlar. Səninlə salamlaşmağa, danışmağa qorxurdular. Qəribə bir atmosfer yaranmışdı. Mən özüm bunun bitməsini gözləyirdim. Onlar məni göndərməsəydilər, özüm gedəcəkdim. Ancaq elə oldu ki, özləri göndərdilər. 

 

"Ən böyük təklifi bu günə kimi mənə edən məhz o dövrdə “Xəzər Lənkəran” olmuşdu"

- Təkliflərdən söz düşmükən, 2005-ci ildə “Xəzər Lənkəran”a qalib gələrək çempion olduğunuz “qızıl oyun”dan sonra  bu klubun prezidenti Mübariz Mənsimovun səninlə Zaur Tağızadəyə boş müqavilə göndərərək transferin qarşılığından istənilən məbləği yazmaq haqda söz-söhbətlər gəzirdi. Hətta deyirdilər ki, 1 milyon civarında pul təklif olunub. Bunlar nə dərəcədə həqiqətəuyğundu?
- Onu deyə bilərəm ki, o vaxt aldığım təklifi heç vaxt futbolda almadım. Ən böyük təklifi bu günə kimi mənə edən məhz o dövrdə “Xəzər Lənkəran” olmuşdu. Ancaq nə qədər olmağı deməyim düzgün çıxmaz. Bəli, o vaxt görüş də oldu, danışıq da. Ancaq boş müqavilə söhbəti yox idi. Sadəcə, mən “Neftçi”yə çox bağlı insan idim. Bu klubdan məhz “Xəzər Lənkəran”a getməyim yanlış olardı. Hətta görüşdə də demişdim ki, “Xəzər Lənkəran”da oynasaydım, bu dəqiqə “Neftçi” mənə təklif etsəydi, ora getməyəcəkdim. Başqa komandaya keçməyimi hardasa başa düşmək olardı. Ancaq “Neftçi”ylə “Xəzər Lənkəran”ın azarkeşləri arasında çox böyük prinsipiallıq var idi. Mən də “Neftçi”nin azarkeşləri tərəfindən həmişə böyük qayğı və dəstək görmüşdüm. Buna görə də o addımı atmağım düzgün olmazdı. 

-  Ancaq “Neftçi”də komanda yoldaşların Emin Quliyevlə Mahmud Qurbanov məhz həmin “Qızıl oyun”dan sonra “Xəzər Lənkəran”a getdilər. Onları buna görə qınamadın? 
-  Yox, heç kimi qınamadım. Bu, peşəkar bir karyeradı. Eminlə Mahmduda qarşı azarkeşlər tərəfindən göstərilən diqqət mənə qarşı olandan fərqli idi. Mən bunu bir eləməzdim. Çünki mən böyük futbolda tam olaraq “Neftçi”də başlamışdım. Mənə çox dəstək olunmuşdu. O səviyyəyə “Neftçi”ylə gəlmişdim və bu kluba çox borlcu idim. Buna görə “Xəzər Lənkəran”a getməyi mənəvi cəhətdən düzgün hesab etmirdim.  

 

"Hüseyn Məhəmmədov məni ruhlandırmaq üçün bunu edib, o da kadra başqa cür yansıyıb"

 

- Futbolun yazılmamış qanunudur ki, müdafiəçi arxaya baxanda, müəyyən qapıçılar olanda özünü daha arxayın hiss edir. Sən də xeyli qapıçı ilə oynamısan. Rəşad üçün arxaya baxanda özünü daha rahat hiss etdiyi qapıçı kim olub?
- Milli səviyyəsində Kamran Ağayevi, Dmitri Kramarenkonu qeyd edərdim. Bu ikisi ilə oynadıqda həmişə insan özünü inamlı hiss edirdi.  Cahangir Həsənzadəni qeyd edərdim, onun millidə yaxşı matçları olmuşdu. Klub səviyyəsində isə Hüseyn Məhəmmədovu xatırlayıram. Onunla bir-birimizi çox yaxşı başa düşürdük. İbrahiç Şehiçi də qeyd edərdim ki, bu iki qapıçıyla da karyeralarımız uğurlu alınıb. Bir-birimizi çox yaxşı başa düşürük. Bizi yaxşı sığortalayardılar. Xüsusilə də müdafiənin arxasına atılan toplarda. 

- Maraqlıdı ki, Rusiya mətbuatında MOİK-lə “Dinamo” stadionundakı oyunda sənin Hüseynlə aqressiv şəkildə mübahisə etdiyin zaman kadr hələ də internetdə var. Orda nə baş vermişdi?
-  O sözü kimsə mənə deyib. Əslində isə Məhəmmədovla heç vaxt mübahisəm olmayıb. Ola bilsin, mən nəsə “podkat” eləmişəm, o da gəlib deyib ki, “bravo, Rəşad”. Məni ruhlandırmaq üçün olub. Bu da kadra başqa cür yansıyıb. Çünki Hüseynlə neçə il birgə oynamışıqsa, heç vaxt aramızda problem olmayıb. O, elə bir insan idi ki, problemi ancaq rəqiblərlə idi. Öz komanda yoldaşlarının isə daim qulluğunda idi. Bu da rəqibləri udmaq, rəqabətdə olmaq, nəticə vermək üçün idi. O da “manyak” idi. Mən həmişə belə futbolçuları xoşlamışam. Hüseyn də nəticə qazanmaq üçün hər şeyə hazır idi. 

- Sənin üçün bir müdafiəçi kimi ən problemli yerin cərimə meydanında sürüşmə fəndləri etməyin idi. Bu riski ümumiyyətlə, sənə kim aşıladı? Çünki əvvəllər sən bunu eləmirdin, sonradan başladın və bu, penalti baxımından riskli idi...
- Diqqətlə oyunlarımı izləsəniz, həmişə sürüşmə fəndləri eləmişəm. Ən yaxşı keyfiyyyətlərimdən biri bunu uğurlu eləməyim idi. Ancaq bəzən olur ki, uğursuz edirsən. Elə rəqib olur ki, ona sürüşmə fəndi etmək asandı. Elə rəqib də olur ki, keçmir. Oyundan-oyuna fərqlər olur. Mənə heç kim deməyib ki, bunu elə və ya yox. Cərimə meydanının daxilində də daim eləmişəm. Hətta Türkiyə Super Liqasında məşhur Anelka epizodları var və baş məşqçimiz Ertoğrul Sağlam da mənə irad tutmuşdu ki, bunu cərimə meydanının içində eləmə. Bilirsiniz, necədi, mən eləmərəm, mənim üçün problem deyil. Bu addımı hansısa təhlükənin qarşısını almaq üçün edirəm. Özünüz fikirləşin, cərimə meydanının içindəsən, orda hücumçuya ani imkan versən, istədiyini eləyəcək. Etdiyim həmişə yaxşı niyyətdən irəli gəlirdi. 

- Oynadığın matçların disklərinə baxırsan?
-  Əvvəl hər oyunuma baxırdım. İndisə epizodlara baxıram. İnstat var, hər oyundan sonra epizodlara baxıram. 

-  Yox, o rakursdan deyirəm ki, “yada düşər xatirələr”. Bir neçə ildən sonra qoyub hansısa oyuna baxırsan?
-  Xeyr, elə bir həvəsim yoxdu. 

 

"Millidə 2 oyunumu əskik sayıldı, axıradək də saymadılar"

 

-  Millidə 100-cü oyununla bağlı qarışıqlıq yaranmışdı. Düşünürdün ki, 100-cü oyunu artıq oynamısan. Ancaq sonda məlum oldu ki, bu, İtaliya yığmaısyla Bakı Olimpiya Stadionundakı matçdı...
- Orda 2 oyun nəsə əksik sayıldı. 

-  Bəlkə UEFA-nın Rəşad Sadiqovla səni səhv salmağının nəticəsində yanlışlıq yaranmışdı?
-  Yox-yox. İki oyun var idi, onu saymırdılar. Axıradək də saymadılar. 

- Söhbət konkret hansı matçlardan gedir?
-  Yoldaşlıq görüşləri idi. FİFA bayrağı altında keçirilməyən kimi nəzərdə tutmuşdular. Dubayda, ya harda idisə, belə şey olmuşdu. Sadiqov məsələsinə gəlincə, bir ara Əbülfəz oğlu, Fərhad oğlu deyirdilər bizə, bir ara “6 nömrə”, “14 nömrə” deyirdilər. Cürbəcür dövrlər oldu. 

 

"Türkiyə Super Liqasında əlimə düşən şanslardan çox pis istifadə elədim"

 

 - Legioner karyeran Türkiyə Super Liqasıyla bağlı oldu. 3 müxtəlif dövrdə 3 müxtəlif klubun şərəfini qorudun. Qardaş ölkədə çıxışından nə dərəcədə razı qaldın? Bu legioner həyatı sənə nə qazandırdı?
-  Fikrimcə, əlimə düşən şanslardan çox pis istifadə elədim. Xüsusilə “Kayserispor”la “Əskişəhirspor”da. “Kayserispor” deyiləsi deyil. Mənə orda o cür məhəbbət, qayğı, sevgi, inam var idi. Öz çılğınlığımın, gəncliyimin səhvi ucbatından “Kayserispor” karyeramın üstündən xətt çəkdim. Bununla da bəlkə uğurlu olacaq legioner karyeramın üstündən xətt çəkdim. “Əskişəhirspor”da da bir müddət hər şey yaxşı idi. Sonra zədələndim, nə bilim... Düzü, belə şeyləri xatırlamağı xoşlamıram. Çünki həyatdır, yaşamışıq. Nəyisə düz eləmişik, nəyisə səhv. Xətasız bir şeylər olmur. Amma şükür Allaha, karyeramdan da, həyatımdan da çox razıyam. 

-  "Kayserispor”da sağ cinah müdafiəçisi mövqeyində oynamaq istəmədiyinə görə sonda ayrılası oldun. Doğrudanmı, baş məşqçi Ərtoğrul Sağlamın bu qərarı qabardılacaq bir mövzu idi?
- Bəli, aramızda mövzu idi. Geniş mövzudu, ancaq yekunda götürsək, mənim səhvim idi.

- Həmin vaxt  komandadakı mərkəz müdafiəçiləri doğrudanmı belə güclü idilər ki, Sağlam səni müdafiənin sağ cinahına qoymalı olurdu?
-  O mövqedə də oyunçu yox idi. Mən də zədələnib 5 ay öncə “Neftçi”yə icarəyə qayıtmışdım. Məqsəd bərpa olunaraq sonra qayıtmaq idi. Qayıtdıqda iki stopper həqiqətən inamlı çıxış edirdi. Elə oldu ki, məni 1, 2, 3 oyun sağda oynatdı. Beləcə, söhbət uzandı getdi, 8-9 oyuna gedib çatdı. Transfer dövrünün sonu idi və elə oldu ki, 2 oyunda əsas heyətə düşə bilmədim. Bundan sonra baş məşqçinin yanına girib dedim ki, bu mövqedə oynaya bilmirəm. Ola bilər ki, səhv etmişəm, narazı qalmısınız, sağ cinah müdafiəçisi oynamaq mənlik deyil. Həqiqətən də bilirdim ki, bu mövqe mənim mövqem deyil. Lazım olar 12 matç oynayarsan. Amma daima yox. Mən heç bu mövqedə oynamaqdan zövq də almırdım. Mənimki o vaxtlardan vuruşmaq, təkbətək mübarizə aparmaq, hücumları arxadan başlamaq idi. Amma səhv eləmişəm. Gərək başımı aşağı salıb işimi görəydim, vəziyyətə öyrəşərdim. Yavaş-yavaş da mərkəz müdafiəçisi yerimi qaytarardım. 

 

"Avtoqola görə tənqid olunmağı heç vaxt qəbul eləməmişəm"

 

-  Deyə bilərsən ki, uğurlu oynların çox olub. Ancaq zirvə nöqtəsi kimi hansını qeyd edərdin?
- Sırf hansısa oyunu fərqləndirməzdim. Hesab edirəm ki, “Slovan”la, “Rusenborq”la, Türkiyə yığmasıyla Bakıdakı oyunu yaxşı keçirdim. Karyeramda bir neçə belə yaxşı oyunlar olub. Ancaq demək olmur ki, hansı daha yaxşıdı. Biri 30, biri 25, biri 23 yaşımda olub. Ancaq özümü ən diri hiss elədiyim vaxt MOİK, İngiltərə yığmasıyla oyunlar idi. Əməliyyatlara girmədiyim vaxtlar idi. Onda özümü çox diri hiss edirim. Kimlə qalırdımsa mübarizəyə, hiss edirdim ki, heç kim məndən qaça, məni aldada bilməz. Top məndə olanda çox driblinq edirdim, hücumlara qoşulurdum. Ancaq 23 yaşımda birdən-birə 2 dizimdən əməliyyat olduqdan sonra artıq görürdüm ki, nə qədər çalışsam da, əvvəlki fiziki formamı bərpa edə bilmirdim. Sonra belimdən neçə-neçə əməliyyat keçirdim. Bu şeylər hamısı peşəkar futbolun, idmanın içindədi. Ancaq onlar da təsirsiz ötüşmür. 

- Bir oyunu xatırlatmaq istəyirəm. Bu yaxında Bakıda San-Marino yığmasyla rəsmi matçı. Sənin texnikaya hesablanmış cərimə zərbəni heç vaxt görməmişdik. Açığı, o zərbədə öncəki oyunun qəzəbini görürdüm. Bu da Norveç yığmasıyla səfər matçında məlum avtoqolun idi. Sanki onun əvəzini çıxmaq üçün alışıb yanırdın. Özü də hiss olunurdu ki, əvəvlki oyunlardan daha çox hücuma qoşulurdun. Bu da qol vurmaq üçün idi. Var idi elə bir hiss?
- Bəli. Tək qol vurmaq deyil idi, yaxşı oyun oynamaq idi. Həqiqətən hərdən haqsızlıqlarla qarşılaşırsan. Ümumiyyətlə, avtoqola görə tənqid olunmağı heç vaxt qəbul etməmişəm. Mənə çatmayıb ki, oyunçunu avtoqola görə necə tənqid etmək olar? Məəslən, iki dəfə hücumçu məndən topu atıb qaçsa, o mənim üçün daha ağır səhvdi, nəinki avtoqol. O gün futbolçum avtoqol etdi, onun tərəfə heç baxmadım da. Yəni futboldu, texniki səhvdi, “podkat” elədi, ayağının orasına yox, burasına dəydi, getdi girdi qapıya. Neçə gündü bu sözləri təkrar edirəm, avtoqola, texniki səhvə görə tənqid etmək, elmsizlikdən, savadsızlıqdan irəli gəlir. İçim dolurdu. Əsas da ona görə heyfsilənmişdim ki, Şimali İrlandiya yığmasıyla oyundan sonra milli karyeramı bitirmək istəyirdim. İçimdə çox peşmançılıq var idi ki, məni o fikrimdən daşındırdılar. Peşman idim ki, mən niyə razılaşdım, çıxdım meydançaya, başıma o avtoqol gəldi, elə söz-söhbətlər oldu.  Ancaq sonra elə oldu ki, Allahın köməyilə San-Marinoyla oyun yaxşı keçdi. Bizdə bir pis şey var, Riçar Almeyda pis oynadı, formada deyil. Niyə formada deyil? “Samtredia”yla oyunda mən zədələndim, neçə matç buraxdım. Bir 90 dəqiqəni yalnız “Şerif”lə matçda oynadım, 10-15 dəqiqə də “Kopenhagen”lə səfər matçında. Birdən-birə çıxırsan Norveçdə Kinqə, El-Yunussiyə, səviyyəli hücumçulara qarşı oynayırsan, hardasa çatmamısan, texniki səhv etmisən. Heç kəs onu düşünmür ki, bu gün Rəşad ideal formada deyildi. Bunu başa düşmək, normal qarşılamaq lazımdı. Ancaq bizdə bir büdrəmə gözləyirlər, başlayırlar “döşəməyə”. Bu fikirlərdən, tənqidlərdən yorulub, bezirsən. 

- San-Marinonun futbolçusu avtoqol edərkən, komanda yoldaşların bunun sevincini yaşayır, sən isə ehtiyat oyunçular skamyasına tərəf gedərək su içdin. Bunun əsl səbəbi rəqib futbolçunu başa düşməyinlə bağlı idi?
-  Həm rəqibi başa düşürdüm, həm də ona görə çox sevinmirdim ki, çox sevinəcək bir rəqib deyil. San-Marino üzərində qələbə mənim üçün böyük bir uğur deyil. Sözün düzü, vurulan qollar zamanı çox vaxt buna görə sevinmirdim. 

 

- Bizi isə əsas maraqlandıran o qoldu. Sən texnikaya hesablanan elə cərimə zərbəsi vurmamısan, məncə, üzərində də işləməmisən. O nə idi?
-  Bilmirəm, topu qoydum, vurdum. Komanda yoldaşlarım başıma toplaşmışdı, zərbəni vurmaq istəyirdirlər. 

-  Gördük, zərbə vurmaq uğrunda əməllicənə mübarizə gedirdi...
-  Dedim ki, xahiş edirəm, qoyun vurum. Cərimə zərbəsini özüm vurmaq istəyirəm, uşaqlar da razılaşdılar.

-  Arxayın idin ki, istədiyin nöqtəyə düşəcəksən?
-  Sözün düzü, arxayın deyildim. Vurdum, Allaha şükür ki, qol oldu. 

 

"Millinin baş məşqçisi olmağım söhbəti yoxdu, klub finskioneri olmaq barədə isə düşünürəm"

 

- İstəsən də, istəməsən də həyat davam edir. Millidən gedən futbolçunun qalıb “Qarabağ”da uzun müddət oynayacağının real olmadığı bəllidi.  Artıq U-19-da məşqçiliyə başlamısan. Bəzi mətbu orqanları yazır ki, Rəşad Sadıqov millinin baş məşqçisi olmalıdı. Sənin özünün məşqçiliyə münasibətin necədi?
-  Hələ ki oynayırıq, oxuyuruq. Nə qədər oynayacağıq, nə vaxt məşqçi karyeramıma başlayacağıq, bunu zaman göstərəcək. İndidən nəsə deyə bilmərəm. Milliyə gəlincə, elə bir mövzu yoxdu. Nə mənə təklif olunub, nə mənlə bu haqda danışılıb. ikirləşirəm ki, Robert Prosineçki Azərbaycanda karyerasını davam etdirəcək. Düşünürəm ki, yığma son seçmə mərhələdə uğurlu çıxış etdi. Tək xal baxımından demirəm, oyun baxımından da. Bütün oyunlarda olmasa da, bir çoxunda komanda yaxşı oyun nümayiş etdirdi. Məğlub olsa belə, futbol oynadı.  

-  Bir istiqamət də budu ki, Rəşad Sadıqov, xarizmatik, qətiyyətli insan bizdə klub funksioneri kimi lazımdı ki, bir çox problemli məsələlər həllini tapsın. Bir çox sahələrdə nəhayət, ədalət zəfər çalsın. Bu, sənə hardasa stimul verirmi? 
-  Klub finskioneri olmaq barədə də düşünürəm. Sadəcə, fikirləşirəm ki, öndə gedən, başda olan insanlar necə məsləhət biləcəklərsə, elə də edəcəyik. Görək də, necə məsləhət olacaq, nə təkliflər olacaq. İndidən nə desəm, düz olmaz. Hərdən beynimə belə fikirlər düşür ki, ümumiyyətlə, futboldan uzaqlaşım, tam başqa bir işlə məşğul olum. Xasiyyətimi bilirəm, bir işi götürdümsə, yüzdəyüz uğurlu olacaq deyə bir şey yoxdu. Amma çalışıram ki, o işə özümü verəm. Bu, həm məşqçilikdə, həm də idarəçilikdə böyük güc, məsuliyyət, diqqət tələb edir. Mən hər hansı işi götürüm, orda nəsə əyriliklər və ya başqa şeylər olsun, iki gün sonra ordan uzaqlaşım gedim....Ona görə yaxşı götür-qoy eləmək lazımdı.

 

"Qurban Qurbanov mənə oynayan köməkçi məşqçi vəzifəsini təklif etmişdi, onda razılaşmadım"

 

-  Bəs, karyeranı bitirəndən sonra Zaur Tağızadəylə birgə, əsas komandada Qurban Qurbanovun köməkçilərindən biri olmaq fikri beynindən keçir?
-  Bəli-bəli, əsas odu! Ümumiyyətcə, bu, bağlı bir mövzu idi. Bu söhbət ötən ilin yayında Avstriyada təlim-məşq toplanışımız zamanı olub. Qurban müəllim mənə oynayan köməkçi məşqçi vəzifəsini təklif etmişdi. Onda razılaşmadım. Çünki millinin kapitanıyam, bu, düzgün olmaz. Bundan sonra Qurbanov mənə dedi ki, bəlkə aşağı yaş qruplarına baxasan, yavaş-yavaş məşqçi kimi fəaliyyətə başlayasan, sənin üçün praktika olar. Beləcə, “Qarabağ”ın U-19 komandasında baş məşqçi kimi ilk addımlarımı atdım. Qurban müəlimin rəhbərliyi altında köməkçi məşçqi kimi həmişə böyük fəxrlə işləyərəm. Çünki məşqçilik sirlərinin demək olar hamısını ondan öyrənmişəm. Günü bu gün də öyrənirəm, daim maraqlanıram. Qurban müəllimin yanında işləyərəm, ancaq bəlkə də başqa adamın yanında çalışmaq mənə ağır olar. Onsuz da planımda da odur ki, karyeramı başa vurduqda “Qarabağ”da Qurban müəllimin yanında bir müddət köməkçi məşqçi işləmək, sonrasına isə artıq baxarıq.
 
-  Zamanı hələ müəyyənləşdirməmisən?
-  Xeyr.

-  Futbolçu karyeranı bitirmək cari mövsümün gedişində ola bilərmi?
-  Bəli. Millidə də zaman təyin eləməmişdim. Ona görə də Şimali İrlandiyayla Bakıdakı oyundan sonra bitirmək istəyirdim. Prosineçki icazə vermədi. Bir az orda çox üstümə gəldi ki, xeyr, qalacaqsan. Bəlkə də ən gözəl vaxt mənə görə onda idi. 

 

"8-ci sinfə qədər qiymətlərimdə cəmi iki dənə “4” olub, qalan hamısı “5” idi

 

- Valideynlərinin ürəyindən keçən elə bir sənət var idi ki, səni orda görmək istəyirdilər?
-  Ooo, futbolçu olmağa qarşı idilər, mənimlə futbola qarşı mübarizə aparırdılar. Oxumaq, oxumaq, oxumaq. Dirənədək mübarizə apardılar, sonra gördülər ki, xeyri yoxdu, başını buraxdılar. Mən də əslində, çox yaxşı oxuyurdum. 8 yaşa qədər Bülbülə qəsəbəsində yaşamışam, 1-ci sinfi orda oxumuşam. Bundan sonra köçmüşük, indi “İrŞad” otel var, onun həyətində böyüyüb boya-başa çatmışam, 34 saylı məktəbdə oxumuşam.

- Hansı fənləri yaxşı oxuyurdun?

-  Bütün fənləri. Cəmi 2-dən boşluğum var idi - kimya və fizika. 8-ci sinfə qədər qiymətlərimdə cəmi iki dənə “4” olub, qalan hamısı “5” idi. O ki başladı təlim-məşq toplanışları, səfərlər, gördüm ki, futbol alınır. Demək olar oxumağın başını yavaş-yavaş buraxdım. 

- Sinif yoldaşlarınla əlaqən varmı? Sən məşhur olduqdan sonra səninlə əlaqə saxlayanlar olubmu?
-  Ünsiyyətdə olduğum insanlar var. İndi də elə sinif yoldaşlarım var. Görəndə salamlaşırıq. Çünki bir zonada qalırıq. Orda tez-tez rastlaşırıq. 

- Futbolçu həyatına kitabla başladıq, yekun olaraq kitabla da bitirək. Özün də dedin ki, təhsilə meylli insan olmusan. Dinə meylliyini bilirik. Bundan savayı hansı xətt üzrə kitab oxumağa meylli insansan, yoxsa oxumursan?
-  Bu günədək ümumiyyətlə, heç bir kitab oxumamışam. Nə dinə aid, nə də qeyri-hansısa bir sahə üzrə. Mənim kitab oxumaqla aram yoxdu. İnternetdən xəbərlər, maraqlı hadisələr oxuyum, ancaq əlimə götürüm kitab oxuyum, xeyr, belə şey olmayıb. Ha deyirəm ki, başlayacam, artıq 15 ildir ki, başlayıram kitablar oxumağa. Çox tərifləyirlər, maraqlıdı. Mən top xəstəsiyəm. Mənə top verin, tennis olsun, voleybol olsun, basketbol olsun. Bilim ki, orda qol var, qapı var, nəsə zərbə vurmaq, udmaq, uduzmaq var.  Mən uşaqlıqdan bunun xəstəsi olmuşam. 

- Sözün düzü, bizi təəccübləndirdin...
-  İnanırsınız, dərslərdə çox vaxt danışırlar, gedirik 90 dəqiqə oyuna baxmağa, çox adam yazır-pozur, mən başımda saxlayıram. Sabah da çıxıram lövhədə danışıram. Bir-iki qeyd aparıram, qurtardı getdi. Hətta yazanda da görürsən ki, xəttimdə problem var, o qədər də səviyyəli deyil.

Bax, belə, əziz oxucu. Qələmə aldığımız Rəşad hekayəsini burda bitiririk. Ancaq “Böyük kapitan” Azərbaycan futboluna hələ çox fayda verəcək, hələ çox kitablarını vərəqləyəcəyik...

 

 

"Böyük kapitan"ın həyat kitabı: Embarqoyla başlayan uzun yol...

 

 

 

sport24.az
CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat