K.Horner: “Fettellə Həmilton bir-birinə nifrət edirlər”.

Sayta qoyulub: 12:04 12.07.2017 (139 dəfə oxunub)

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Bakıdakı insidentdən sonra Həmiltonla Fettel bir-birinə nifrət edirlər.

F-1.az xatırladır ki, Həmilton Azərbaycan yarışında təhlükəsizlik avtomobilinin arxasında birdən yavaşlamış və bunu gözləməyən Fettel arxadan britaniyalı sürücüyə çırpılmışdı. Almaniyalı sürücü buna görə qəzəblənərək, Ferrari-sini 3 qat Dünya Çempionunun Mercedesi ilə bərabərləşdirərək, onun üzərinə sürmüşdü.

Bakıdakı yarışda bu hərəkətinə görə Fettelə 10 saniyəlik dayan və get cəzası verilmişdi və Avstriya yarışından əvvəl 30 yaşlı sürücü Həmiltondan üzr istəmişdi. Buna baxmayaraq, iki sürücü də Avstriyada bir-birinə soyuq münasibət göstərmişdilər.

Kristian Horner: “Hazırda bir-birinə nifrət edirlər, çünki hər ikisi də bir-birini hədəflərinə çatmaqda əngəl kimi görürlər. Əgər kameralar qarşısındakı davranışlarını bir kənara qoyub, olduqları kimi davransalar, hamı üçün daha yaxşı olar. Azarkeşlər bundan həzz alarlar və mübarizə qızışar.

Fettel davamlı öz üzərində işləyən əsl almandır. Lyuis isə anadangəlmə istedada sahib pop ulduzudur. Düşünürəm ki, işlər mövsümün ikinci yarısında daha da fərqli vəziyyətə gələcək.

Gənc olanda böyük mübarizələrə şahid olmuşam. Senna və Prost arasında böyük mübarizə var idi. İnsanlar bunu yenidən görmək istəyir. Sebastyan hazırda ürəkdən yarışır. O çox şən adam olsa da, yarış zamanı çox qəddardır. Buna görə də Bakıdakı kimi sərt reaksiyalar verə bilir. Uğurlu olmaq istəyir və buna görə də bizimlə 4 dəfə Dünya Çempionu titulunu qazandı. Amma hazırda Ferrari-də daha güclü çıxış etdiyini görə bilərsiniz. Bizim komandada olanda onu belə görməmişdim”.

XƏBƏR LENTİ