Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Lokomotiv”ə getdim, bir gündən artıq qala bilməyib, geri qayıtdım”

Sayta qoyulub: 11:03 21.01.2017 (583 dəfə oxunub)

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

“Lokomotiv”ə getdim, bir gündən artıq qala bilməyib, geri qayıtdım”

 

Yunis Hüseynov Azərbaycan futbolunun yetişdirdiyi məşhur simalardan biridir. Hüseynovun əsas özəlliyi onun solaxay olması idi. Yunis Hüseynov gəncəli olmasına və Gəncə futbolundan çıxmasına baxmayaraq, onu bir istedad kimi, ölkə futboluna “Neftçi” tanıtdırdı. Özü müsahibə zamanı bu haqda danışacaq. Söhbətimiz onun futbolçu karyerası ətrafında olacaq. Deyə bilmərik ki, onun bütün karyerasını əhatə edə bildik. Amma karyerasının müəyyən maraqlı məqamlarına toxuna bildik:

- Futbolla lap uşaq yaşlarından Gəncədə məşğul olmağa başlamışam. Hardasa 7-8 yaşım var idi. İlk məşqçim “Kostya” (Konstantin Abramenko – red.) dayı olub.
 
- Futbola marağınız qaynağı hara idi?

- Ailədə də demək olar. Böyük qardaşım peşəkar futbolçu idi. Zamanında hətta “Kəpəz”in kapitanı olmuşdu. Məndə futbola marağı da o oyatmışdı.

- “Kəpəz”də debütünüz nə vaxt oldu?

- 16 yaşımda.  Amma orda çox oynamadım. 6-7 aydan sonra məni “Neftçi”yə dəvət etdilər.

- Belə qısa zamanda 16-17 yaşlı gənc neylədi ki, onu “Neftçi”yə dəvət etdilər?

- O vaxt mən həm də Azərbaycanın yığma komandasının üzvü idim. İl ərzində SSRİ-də keçirilən bir sıra turnirlərdə iştirak edirdik. Həmin vaxt Azərbaycan komandasının baş məşqçisi rəhmətlik Ruslan Abdullayev idi. Paralel olaraq “Neftçi”də də Kazbek Tuayevin köməkçisi idi. Yığmanın heyətindəki oyunumu görən Abdullayev Tuayevlə danışıb məni “Neftçi”yə cəlb etdi. Beləliklə, 1983-cü ilin noyabr ayında müqavilə bağladım və 1999-cu ilə kimi də bu klubun şərəfini qorudum.

- “Neftçi”də ilk oyununuzu xatırlayırsınız?

- Xatırlayıram. 1984-cü ildə Moskvada “Torpedo” ilə oyunda “Neftçi”nin heyətində debüt elədim. Meydançaya start heyətində çıxmışdım. Həmin oyunda artıq komandanın baş məşqçisi Ruslan Abdullayev idi. Ruslan müəllim də mənə o qədər inanırdı ki, 17 yaşında start heyətində meydançaya buraxmışdı.

- Bəs, ilk qolunuzu nə vaxt vurdunuz?

- Düzü, bunu xatırlamıram.

- Qeyd etdiniz ki, 1983-cü ildən 1999-cu ilə qədər yalnız “Neftçi”nin şərəfini qorumusunuz. Bu, nə ilə bağlı idi, “Neftçi”yə bağlılıqdan, yoxsa digər klublardan təkliflər yox idi?

- Təkliflər dəfələrlə olub. Mən həm də SSRİ olimpiya yığmasının üzvü idim. 1986-cı ildə mütəmadi olaraq yığmaya dəvət alırdım. Təbii ki, SSRİ yığması üzvünə təkliflər olmaya bilməzdi. 1988-ci il Seul Olimpiadasından əvvəl turnir keçirilirdi. Həmin turnirdə hətta xarici klublardan da təkliflər var idi. Məsələn, Cənubi Koreyanın klubu ciddi şəkildə maraqlanırdı. Türkiyə klubu hətta konkret müqavilə təklif edirdi. Həmin turnir vaxtı oteldə “Dinamo” Minskdən olan qapıçı ilə oturub söhbət edirik və hiss elədim ki, kənardan 3-4 nəfər bizə baxaraq nəsə danışır. Amma rus dilini yaxşı bimədiyimdən başa düşmürdüm. Sonra elə oldu ki, həmin adamlarla birlikdə liftə mindik. Onlar belaruslu qapıçıya nəsə dedilər. Liftdən çıxandan sonra məlum oldu ki, onlar İsveç klubunun nümayəndələri idi. Qapıçımız mənə dedi ki, bunlar sənin oyununu çox bəyənir və transfer etmək istəyir. Ancaq təəssüf ki, həmin vaxt SSRİ qapalı dövlət idi və futbolçuları xaricə buraxmırdılar. Bundan başqa, Moskvanın “Lokomotiv” və Vladiqafqazın “Alaniya” klubundan da təkliflər var idi. Hətta Moskvaya gedib 1 gün “Lokomotiv”in düşərgəsində də oldum. O vaxt həmin komandanın baş məşqçisi Yuri Syomin idi. Lakin 1 gündən sonra qala bilmədim və Bakıya qayıtdım. “Alaniya”da da eyni səbəb ucbatından qalmadım.


“Lokomotiv”ə getdim, bir gündən artıq qala bilməyib, geri qayıtdım”
1996-cı il. Az əvvəl Yunis Hüseynovun (şəkildə yuxarıda soldan ücüncü) kapitanı olduğu 
"Neftçi" Azərbycan kubokunu qazanıb

 

- Demək ki, bu bəla bizim futbolçularda elə o vaxtdan var imiş...

- Bəli, etiraf etmək lazımdır ki, bu, bizim xəstəliyimizdir. Kənarda qala bilmirik. Başqa bir səbəb də o idi ki, “Neftçi” o vaxt SSRİ çempionatında oynayırdı, SSRİ çempionatı da Avropa çempionatı kimi bir şey idi. 15 ölkənin komandası yarışırdı. O cür səviyyəli çempionatda oynamaq elə Avropada oynamaq kimi bir şey idi. Mənim evim və ailəm Bakıda olduğundan “Neftçi”də oynamaq daha rahat idi.

- Maraqlıdır, o dövr “Neftçi”nin şəraiti necə idi? Həm infrastruktur, həm də maddi baxımdan...

- Şəraitimiz əla idi. Klubun hər cür şəraiti olan böyük bazası var idi. O dövr “Neftçi”nin bazası ən yaxşılardan idi. Maddi durum da əla idi, heç bir problem çəkmirdik. Maaş da öz yerində. Bundan başqa, ev verirdilər, maşın verirdilər, institut və  əsgərlik məsələsini həll edirdilər. Məsələn, o vaxt ev, maşın almaq üçün növbəyə dayanmalı idin. Lakin bizə evi də, maşını da növbəsiz verirdilər.

- Karyeranızın sonuna doğru “Neftçi”dən ayrıldınız...

- Karyeramın böyük hissəsi “Neftçi”ilə bağlı olub.  Az öncə qeyd etdiyim kimi, 1983-dən 1999-a qədər bu klubda forma geyindim. 1989-cu ildən də “Neftçi”nin kapitan sarğısını daşımışam. Yalnız 1999-da qısa müddətdə “ANS Pivani”də oynadım.

- Karyeranızı isə doğma “Kəpəz”də başa vurdunuz. Özünüz belə qərar verdiniz, ya necə?

- 2000-ci ildə “Kəpəz” UEFA kubokunda oynayırdı. Mənim də karyeramın son illəri idi. Elə oldu ki, həmin ərəfədə “Kəpəz”ə kömək etmək lazım idi. Ona görə də UEFA kuboku öncəsi “Kəpəz”ə keçdim. Amma orda elə də çox oynamadım. 6 ay oynayıb futbolçu karyeramı başa vurdum.

- Karyeranız ərzində ən baxımlı, yaddaqalan qolunuz kimi hansı qolu hesab edirsiniz?

- Tam olaraq elə bir qolumu qeyd etməkdə çətinlik çəkirəm. Amma xatırladığım bir qol var. İli yadımda deyil, amma həmin vaxt “Neftçi” I dəstədə mübarizə aparırdı. Stavropolda yerli “Dinamo” ilə oynayırdıq. Epizodların birində top işlək olmayan sağ ayağıma düşdü. Mən də elə sağ ayaqla topu qapıya vurdum və doqquzluğa gedən zərbə qolla nəticələndi. Həmin qolum yaddaqalan olub.

- Yeri gəlmişkən, “Neftçi”nin SSRİ çempionatında yüksək yer tutmasına nə mane olurdu? Çünki bir qayda olaraq aşağı sıralarda mövsümü tamamlayırdını...

- O vaxt çempionatın səviyyəsi çox güclü idi. “Spartak”, “Dinamo”, “Lokomotiv”, “Şaxtyor”, “Dnepr” kimi komandalar var idi. O dövrün futbolçuları da çox güclü idi. Ona görə də yüksək yer tutmaq çətin idi.

- Meydanda ən rahat anlaşdığınız futbolçu kim olub?

- Konkret bir futbolçunun adını çəkə bilmərəm. Çünki o vaxt bütün futbolçularla bir-birimizi yaxşı başa düşürdük. Həmin dövr biz böyük azarkeş ordusu qarşısında oynayırdıq. Ona görə də hamı meydana çıxanda üzərində böyük məsuliyyət hiss edirdi.

- Karyeranız ərzində elə oyun olub ki, həmin oyunda buraxdığınız səhvə görə özünüzü bağışlamayasınız?

- (düşünür) Yox, elə bir kobud səhvim olmayıb. Çünki mən orta xəttdə oynayırdım, müdafiəçi deyildim ki, bağışlanmaz səhvim olsun.

- Heç kimə sirr deyil ki, futbolda oyun alqı-satqıları daim olub. Karyeranız ərzində belə halla üzləşmisiniz ki, kimsə sizdən oyunu satmağınızı istəsin, yaxud kiməsə oyun verəsiniz?

- Yox, belə bir halla rastlaşmamışam. Ola bilsin, bəlkə də komandada belə hal yaşanıb. Amma mənim xəbərim olmayıb. Çünki biz cavan futbolçular idik, bizə belə şeylər deyilmirdi.

- 1995-ci ildə “Xərzi”yə qarşı keçirdiyiniz kubokun yarımfinal matçı böyük qalmaqala səbəb olmuşdu. O vaxt oyundan sonra televiziyaya verdiyiniz müsahibənizdə demişdiniz ki, baş hakim Gülağa Cabbarov “Neftçi”dən pul tələb edib. Yəni deyib ki, haqqımı verin, sizi “yıxmayım”...

- Düzü yadıma gəlmir. Elə şey olubsa da illər sonra yenidən həmin məsələnin üstünə qayıtmağa ehtiyac görmürəm. Həm də həmin vaxtlar çempionat yeni-yeni keçirilirdi, problemlər çox idi, komandaların normal şəraiti yox idi.

- Yadınıza bir oyunu da salım. 1995-ci ildə Sumqayıtda “Turan”la Superkubok matçınız olmuşdu. 1:1 bitən oyundan sonra rəqibinizi penaltilərlə məğlub etmişdiniz. Amma hesab 1:1 olarkən “Turan”ın qapısına təyin olunan penaltini qola çevirə bilməmişdiniz. Oyundan sonra verdiyiniz açıqlamada da demişdiniz ki, özüm vurmadım ki, oyun penaltilərə getsin və maraqlı olsun...

- O oyunu və həmin açıqlamanı xatırlamıram. Amma demişımsə də yəqin zarafatla demişəm (gülür). Yoxsa penaltini bilərəkdən vura bilməmək kimi bir şey ola bilməz.

- “Karvan”da baş məşqçi işləyəndə son turda “Turan”la 0:0 oynamaqla çempionluğu əldən vermişdiniz. Deyilənə görə, həmin oyundan qabaq “Turan” sizdən 20 min pul istəmişdi ki, oyunu verək sizə. Amma siz razı olmamışdınız...

- Yox, elə bir şey olmamışdı. Yəni pul söhbətini nəzərdə tuturam. Həmin oyunun kasetinə baxsanız görərsiniz ki, biz 5:0, 6:0 hesabı ilə qalib gəlməli idik. Nə qədər real imkanları boşa vermişdik. Amma digər tərəfdən baxanda çempion olmasaq da, həmin il UEFA kubokunda Azərbaycan futbolu tarixində ilk dəfə mərhələ keçdik. Bəlkə də çempion olsaydıq, bunu bacarmayacaqdıq.

- Yeri gəlmişkən, mərhələ keçdiyiniz oyunları (Slovakiya “Spartak”I ilə matçlar) məşqçilik karyeranızda ən böyük uğur sayırsınız?

- Düzdür, tarixi nəticə idi. Çünki hansısa Azərbaycan klubu UEFA kubokunda ilk dəfə mərhələ keçirdi. Bundan başqa, “Xəzər Lənkəran” da mənim rəhbərliyim altında avrokuboklarda ilk dəfə mərhələ adlayıb. Amma mən bunları böyük uğur saymıram. Böyük uğur odur ki, hansısa komandanı aparıb qrupa çıxarasan.

- Bir məsələyə toxunmaya bilmirəm. Hər kəs bilir ki, təyyarəyə minməkdən qorxursunuz. Bu qorxunun yaranma səbəbi nədir?
 
- Buna qorxmaq deməzdim. Belə baxanda karyeram boyu nə qədər təyyarəyə minmişəm. SSRİ çempionatı vaxtı bəzən həftədə iki dəfə uçuşlarımız olurdu. Sadəcə, həyəcan var. Bu da o vaxt milli komanda ilə Slovakiyaya səfərindən sonra yaranmışdı. Təyyarə Slovakiyaya çatsa da, eniş edə bilmirdi. 4-5 dəfə yerə yaxınlaşırdı, sonra təzədən havaya qalxırdı. Özü də çox pis, silkələnə-silkələnə. Nəhayət, birtəhər eniş edə bilmişdi. Həmin hadisədən sonra imkan daxilində təyyarəyə minməməyə qərar verdim. Məsələn, harasa maşınla getmək imkanı varsa, ora maşınla gedirəm. Yoxdursa, o zaman təyyarəyə minirəm.

- Vidadi Rzayev bizimlə söhbətində demişdi ki, hansısa baxıcı millinin sabiq baş məşqçisi Kazbek Tuayevə demişdi ki, sən göydə öləcəksən. Həmin ərəfələrdə də milli ilə səfərlərinizin birində təyyarədə əməlli-başlı həyəcan yaşanıb və siz bərk qorxmusunuz...

- Bu, İrana gedəndə olmuşdu. Düzdür, onda da təyyarə çox pis eniş eləmişdi. Amma ondan sonra Kazbek Tuayevlə birgə uçuşumuz olmadığı üçün bir qədər rahat olurdum (gülür).

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat