"Qırmızılar"ın rəngarəng tarixi

Sayta qoyulub: 12:43 07.08.2013 (3162 dəfə oxunub)

"Qırmızılar"ın rəngarəng tarixi

“Liverpul” dünyanın ən uğurlu klublarından biri sayılır. “Qırmızılar” Avropa Çempionlar Kubokunu 5 dəfə qazanan yeganə İngiltərə komandasıdır. “Liverpul” ev oyunlarını “Enfild Roud” stadionunda keçirir. 1884-cü ildə inşa edilən arena 45 min 500 tamaşaçı tutur. Bu klubun ən uğurlu dövrləri 1970-1980-ci illərə təsadüf edir. Həmin vaxtlar mersisaydlıları Bill Şenkli və Bob Peysli çalışdırıb. Bu iki əfsanəvi məşqçi ümumilikdə 11 dəfə İngiltərə çempionluğunu, 7 dəfə isə Avropa kuboklarını qazanıblar. Ümumilikdə, “Liverpul” İngiltərə çempionatını 18, ölkə kubokunu 7, Liqa kubokunu 8, ölkə superkubokunu 15, Çempionlar Kubokunu 5, UEFA kubokunu və superkubokunu 3, nəhayət, Qitələrarası kuboku 2 dəfə qazanmağa müvəffəq olub.

"Qırmızılar"ın rəngarəng tarixi

Amma gəlin hadisələri qabaqlamayaq. Yaxşısı budur, “Livepul”un zəngin tarixinə qısaca səyahət edək...

1891-ci ildə “Everton” İngiltərə çempionu olur. Həmin vaxt Con Holdinq sözügedən komandanın ev oyunlarını keçirdiyi “Enfild Roud” stadionuna sahib çıxır və arenanın icarə haqqını 2 dəfə artırır. “Everton” rəhbərliyi bu məbləği ödəməkdən boyun qaçırır və “Qudison Park”a köçür.

Con Holdinq şəxsi klubunu yaratmaq qərarına gəlir. Beləliklə, 1892-ci ildə futbol dünyasında “Liverpul” adlı futbol klubu təşrif buyurur. Holdinq Şotlandiyaya gedərək, oradan 13 peşəkar futbolçunu komandasına gətirir. İngiltərənin aşağı divizionlarında uğurlu nəticələr qazanan “Liverpul” tez bir zamanda, daha dəqiq desək, yarandığı tarixdən cəmi 4 il sonra yüksək liqada oynamaq imkanı əldə edir. 1900-1901 mövsümündə isə Holdinqin komandası ilk çempionluq titulunu qazanır. 5 ildən sonra “Liverpul” bu uğuru yenidən təkrarlayır. Beləcə azarkeşlərin rəğbətini qazanan “qırmızılar” 1953-54 mövsümündə çətin vaxtlarını yaşayır və hətta ikinci diviziona düşür....

"Qırmızılar"ın rəngarəng tarixi

Nəticədə Bil Şenkli mersisaydlıların baş məşqçisi təyin olunur. Komandaya 24 yeni futbolçu gətirilir. 1962-ci ildə “Liverpul” yenidən yüksək diviziona qayıdır. 1963-64 mövsümündə Şenklinin komandası 17 illik fasilədən sonra İngiltərə çempionu olur. Növbəti futbol ilində isə “Liverpul” həm yüksək divizionun, həm tarixində ilk dəfə ölkə kubokunun qızıl medallarına sahib çıxır.

Daha sonra “qırmızılar”ın tarixində növbəti eniş dövrü başlayır. Əvəzində 1973-cü ildə mersisayd klubu Avropa arenasında ilk titulunu – UEFA kubokunu qazanır. Elə həmin mövsümdə “Liverpul” İngiltərə çempionu olur. 1974-cü ildə ölkə kubokunda qazanılan qələbədən sonra Şenkli futbol dünyasını sarsıdan qərar qəbul edir. O, “Liverpul”dan ayrıldığını, məşçilik karyerasına son qoyduğunu açıqlayır. Hətta yerli fabrikin işçilərinin hədələri və təkidləri işə yaramır. Bundan sonra Şenkli ömrünün axırına qədər komandanın bütün oyunlarını tribunadan izləyir. 1981-ci ildə, 67 yaşında ikən “Liverpul” əfsanəsi dünyasını dəyişir....

"Qırmızılar"ın rəngarəng tarixi

Buna qədər isə “Liverpul”a gələcəkdə klub tarixinin ən uğurlu məşqçisi olacaq Bob Peysli gəlir. Şenklinin 55 yaşlı köməkçisi. Peyslinin dövründə “Liverpul”da əsl ulduzlar parladı – qapıçı Rey Klemens, kapitan Emlin Hyuz, hücumçu Kenni Dalqliş və sairə... 9 mövsüm ərzində “qırmızılar” 6 dəfə İngiltərə çempionu oldu, 3 dəfə Avropa Çempionlar Kubokunu, bir dəfə UEFA Kubokunu, habelə Liqa kuboku, Avropa superkuboku və bir sıra turnirləri, ümumilikdə 21 titul qazandı. Peyslinin nailiyyətini yalnız ser Aleks Ferqyuson “Mançester Yunayted”lə 2001-ci ildə təzələdi.

Bob Peysli 1983-cü ildə postunu tərk etdi, 1996-cı il fevralın 14-də isə 77 yaşında ikən dünyasını dəyişdi. Onun adı isə “Enfild” stadionunun girişlərindən birinə verildi.

Peyslinin postunu isə 63 yaşlı Co Feqan tutdu. O, “Liverpul”da cəmi 2 il keçirdi, amma ilk mövsümdəcə komanda İngiltərə futbolunda bir neçə nəzərə çarpan rekordlar müəyyənləşdirdi. Elə həmin vaxtlar Mersisayd klubunda növbəti ulduz parlamağa başladı. Söhbət Yan Raşdan gedir.

"Qırmızılar"ın rəngarəng tarixi

Yeri gəlmişkən, Co Feqanın “Liverpul”dakı ikinci mövsümü faciə ilə yadda qaldı. Komanda çempionluq titulunu qoruya bilmədi. Çempionlar Kubokunun finalında futbol tarixinə “Eyzel” faciəsi kimi düşən hadisə baş verdi. Çılğın azarkeşlər futbolu unudub dava-dalaşa başladılar. Bu zaman stadionun dam örtüyü fanatların üzərinə aşdı. Nəticədə 39 nəfər dünyasını dəyişdi, yüzlərlə insan yaralandı.

Bütün bunlardan sonra Co Feqan klub rəhbərliyinə Kenni Dalqlişin baş məşqçi postuna gətirilməsini məsləhət gördü. Dünya futbolunda ən yaddaqalan faciələrdən biri də məhz Dalqlişin vaxtına təsadüf etdi. İngiltərə kubokunun yarımfinalında “Hillsboro” stadionunda “Nottingem Forest”lə oyun zamanı iğtişaş yarandı. 1989-cu il aprelin 15-də polisin qeyri-peşəkarişi nəticəsində yaranan dava-dalaşda 96 insan dünyasını dəyişdi, mersisaydlıların 766 azarkeşi müxtəlif dərəcəli xəsarətlər aldı.

"Qırmızılar"ın rəngarəng tarixi

1989/90 mövsümündə Dalqliş mersisaydlılarla 5-ci mövsümündə 3-cü dəfə İngiltərə çempionu oldu. Həmin vaxtdan bəri 20 ildən çox vaxt keçsə də, bu hələ ki “Liverpul”un sonuncu qızıl medallarıdı.

1991-ci il fevralın 22-də Dalqliş istefa verdi. Ondan sonra bir neçə il ərzində komandaya müxtəlif məşqçilər gətirilsə də, onların nəzərə çarpan uğuru olmadı. Nəhayət, “Liverpul” axtardığı çalışdırıcını 1998-ci ildə tapdı. Fransa millisinin sabiq baş məşqçisi Jerar Ulye çətin tapşırığın öhdəsindən gəlməyi bacardı. Məhz onun rəhbərliyi altında qırmızılar klub tarixinin ən uğurlu mövsümlərindən birini keçirdilər. 2000-2001 mövsümündə “Liverpul” İngiltərə Liqa kubokunu, İngiltərə kubokunu, Uefa kuboku və superkubokunu qazandı. Məhz Ulyenin dövründə Mersisayd klubunda Stiven Cerrard və Maykl Ouen kimi istedadlı futbolçuların ulduzu parlamağa başladı. Amma tədricən Ulye mediyanın təzyiqinə tab gətirməməyə başladı. Fransalı mütəxəssis müdafiə futboluna üstünlük verdiyi üçün tənqid olunurdu. 2003-04 mövsümünün gedişində komanda uzun müddət qələbəyə həsrət qalanda isə rəhbərliyin səbr kasası daşdı. Nəticədə Ulye istefaya göndərildi.

"Qırmızılar"ın rəngarəng tarixi

Bundan sonra “Liverpul”da Rafael Benites erası başladı. İspaniyalı məşqçinin gəlişiylə bərabər Maykl Ouen 8 milyon funt sterlinq müqabilində Madrid “Real”ına keçdi. Əvəzində isə Milan Baroş, Xabi Alonso və Luis Qarsiya kimi futbolçular gətirildi. Bu cür dəyişiklik avtomatik olaraq Benitesi qınaq obyektinə çevirdi. Ancaq ispaniyalı çalışdırıcı təzyiqlərə fikir vermirdi. Müəyyən vaxtdan sonra o, özünü doğrultdu. Çünki Benites futbol dünyasının bəlkə də heç vaxt unutmayacağı o möhtəşəm qələbənin memarlarından biri oldu.

 

"Qırmızılar"ın rəngarəng tarixi

Beləliklə, 2005-ci il mayın 25-i. Çempionlar Liqasının finalı. İstanbulun “Atatürk” stationu. “Liverpul” “Milan”a qarşı. Ilk hissədən sonra İtaliya klubu 3:0 hesabıyla öndə idi. Sonrasını isə Stiven Cerrardın dilindən eşidək: “Fasilə zamanı hamımız məğlubiyyətlə barışmışdıq. Yalnız Rafael Benites bizi hələ heç nəyin itirilmədiyinə inandırmağa çalışırdı. Düzü, onun sözləri də bizə kömək etmirdi. Çox məyus idik. Amma fasilədən sonra meydana qayıdarkən baş verənləri sözlə ifadə etmək çox çətindi. Tribunalarda olan “Liverpul” azarkeşləri bir ağızdan klubun himnini oxuyurdular. Həmin vaxt başa düşdük ki, qələbəyə hələ də inananlar var”.  “Liverpul” həqiqətən də həmin unudulmaz oyundan qələbəylə ayrıldı. Bütün İngiltərə, futbol dünyası mersisaydlıları alqışlamağa başladı. 

 

"Qırmızılar"ın rəngarəng tarixi

Amma bundan sonra “qırmızılar” İngiltərə və Avropa futbolunda mövqelərini itirməyə başladılar. O vaxtdan bəri komandada bir neçə məşqçi dəyişib, bir sıra ulduz futbolçular oynayıb, amma bütün bunlar nəticə vermir. Hazırda “Liverpul”u Brendan Rocers çalışdırır. Şimali irlandiyalı mütəxəssis öz oyun fəlsəfəsi ilə azarkeşlərdə böyük ümidlər yaradıb. Bu ümidlərin doğrulub-doğrulmayacağını isə zaman göstərəcək. Bizə isə yalnız gözləmək qalır.

N.Hacıyev

 

XƏBƏR LENTİ